AZ

BDU-nun 28 tələbəsinin IELTS imtahanında iştirak xərcini Təhsilin İnkişafı Fondu qarşılayıb

Bakı, 10 oktyabr, AZƏRTAC

Bu ilin III rübündə “Universitetlərin elmi-pedaqoji heyət üzvləri və təhsilalanlarının IELTS imtahanına təşviq edilməsi” layihəsi çərçivəsində imtahanda 6.5 və daha artıq bal toplamış 204 iştirakçının xərcləri Təhsilin İnkişafı Fondu tərəfindən qarşılanıb.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Layihə Təhsilin İnkişafı Fondu və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin birgə təşəbbüsü ilə həyata keçirilir.

Layihədə uğur qazanan və 14 universiteti təmsil edən 204 iştirakçıdan 28-i BDU-nun tələbəsidir (26 bakalavr, 2 magistr).

“Universitetlərin elmi-pedaqoji heyət üzvləri və təhsilalanlarının IELTS imtahanına təşviq edilməsi” layihəsi 2022-ci ildən icra olunur.

İndiyədək müqavilə şərtlərinə cavab verən 511 nəfərin bu imtahan üzrə ödənişləri Fond tərəfindən geri qaytarılıb. Onlardan 319 nəfəri BDU-nun tələbəsi və elmi-pedaqoji heyət üzvü olub.

Layihənin məqsədi məhz ali təhsil ocaqlarının müəllim və tələbələrinin ingilis dilini mənimsəməsi üçün əlverişli şəraitin yaradılmasıdır.

Seçilən
4
1
azertag.az

2Mənbələr