Almaniyanın “Rheinmetall” şirkəti Ukraynaya “Leopard 1” tankının şassisinə inteqrasiya edilmiş “Skyranger 35” hava hücumundan müdafiə (HHM) sistemləri tədarük edəcək.
“Poliqon” xəbər verir ki, bununla bağlı imzalanan müqavilənin dəyəri yüz milyonlarla avro səviyyəsindədir.
Bildirilib ki, bu müqavilə adı açıqlanmayan Avropa İttifaqı üzvü dövlət tərəfindən dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlər hesabına maliyyələşdiriləcək.
Sistemlərin istehsalı və inteqrasiyası “Rheinmetall”ın İtaliyada fəaliyyət göstərən törəmə şirkəti “Rheinmetall Italia SpA” tərəfindən Romada həyata keçiriləcək.