AZ

Kod adı “Mamonya”: Adnan Əhmədzadə haqqında ŞOK FAKTLAR

ain.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Adnan Əhmədzadə işi”ndə adı keçən Kamran Ağayev və ona məxsus Alkagesta LTD haqqında hər gün yeni faktlar ortaya çıxır. 

Lent.az xəbər verir ki, məlumata görə, Əhmədzadə əmisi oğlu olan və “neft dairələrində” “Mamonya” ləqəbi ilə tanınan Kamran Ağayevə sonsuz dərəcədə etibar edir, bütün aktivlərini və daşınmaz əmlakını onun adına keçirirdi. Qeyd olunur ki, bu etibar onun faciəvi səhvinə çevrilib.

Mənbə qeyd edir ki, “Mamonya” öz hədsiz tamahı ilə yanaşı, son dərəcə qorxaq bir insan kimi də tanınır. O, özünü və sərvətini qorumaq üçün Rusiya xüsusi xidmət orqanlarının təsiri altına düşüb, onların girovuna çevrilib. Əhmədzadənin yaxın çevrəsindən olan digər “neft adamları” kimi o da öz sərvətini qorumaq naminə sahibini satmağa və hər razılığa hazır olub.

Kamran Ağayevin açıq mənbələrdə bir dənə belə fotosu yoxdur. Bəs Kamranı hər kəsdən gizlənməyə nə vadar edirdi? Niyə o, səhnə arxasında qalaraq bu qədər ehtiyatla hərəkət edirdi?

Kamran Ağayev Birləşmiş Ərəb Əmirliyində rezident və Maltada qeydiyyatdan keçmiş Alkagesta Ltd adlı treydinq şirkətinin sahibidir. Son aylarda təkcə Azərbaycanın hüquq-mühafizə orqanlarının deyil, həm də beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə düşüb. Onun adı getdikcə daha çox Rusiyadan və feldmarşal Xəlifə Haftara tabe olan Liviyanın bölgələrindən beynəlxalq sanksiyaları pozmaqla həyata keçirilən neft tədarükü sxemləri ilə əlaqələndirilir.

Alkagesta-nın Liviyadan hansı sxemlərlə qanunsuz neft daşıması barədə əvvəlki yazıda xəbər vermişdik.

Bu ilin may ayında BƏƏ-də qeydiyyatdan keçmiş və əvvəllər Adnan Əhmədzadə ilə əlaqələndirilən “Oilmar Shipping and Chartering DMCC” şirkəti, bütün səhmlərinin 100 faizini şirkətin icraçı direktoru Yusif Məmmədova təhvil verdiyini açıqlayıb. Mətbuat relizində bildirilirdi ki, bu qərar “məlum hadisələrlə əlaqədar” və “şirkətin işgüzar nüfuzunu qorumaq məqsədilə” qəbul olunub.

Alkagestanın Türkiyəyə qanunsuz daşıdığı neft

Konkret əməliyyat nümunələri eyni sxemin tətbiq olunduğunu göstərir. 2022-ci il noyabrın 4-də MT TONY adlı gəmi Türkiyənin Gebze limanında təxminən 2,5 milyon litr benzin boşaldıb. Bəyanatda qeyd olunurdu ki, yanacaq Maltada yüklənib, satıcı kimi Alkagesta Ltd Malta, alıcı kimi isə Alkagesta Ltd Mersin göstərilib, mənşə ölkəsi kimi isə Türkmənistan qeyd olunub. Lakin sənədlər bir-birinə zidd idi: gəmi sənədlərində OPL (out of port limits – liman sərhədlərindən kənar) termini göstərilmişdi, hesab-fakturada isə alıcı kimi Türkiyə yox, Malta mənşəli qurum qeyd olunmuşdu.

Bu cür uyğunsuzluqlar həmin ilin noyabrın 24-də və dekabrın 10-da həyata keçirilən MT ISTRA və MT TONY gəmilərinin oxşar reyslərində də qeydə alınıb.

Xüsusi diqqət çəkən məsələ isə Alkagesta-nın Qara dənizdəki fəaliyyətidir. Volza məlumat bazasına əsasən, bu qurum HSN 2710 kodu ilə qeyd olunan neft məhsullarının idxalını Yomkostyah Black Sea Terminal vasitəsilə həyata keçirib. Terminal sənədlərdə səhvən Türkiyə limanı kimi göstərilsə də, əslində Gürcüstanın Batumi şəhəri yaxınlığında yerləşir.

Sənədlərdə Qazaxıstan şirkətləri Kyzylorda Refinery və Amangeldinskiy GPZ tədarükçü kimi göstərilir. Lakin bir sıra hallarda mütəxəssislər məhsulun mənşəyinin şübhəli olduğunu və mənşənin dəyişdirilməsi ehtimalını vurğulayırlar — xüsusilə Liviyadan gətirilən neftin Qazaxıstan mənşəli kimi rəsmiləşdirildiyi və saxta sertifikatların Türkiyədə fəaliyyət göstərən qurumlar tərəfindən verildiyi bildirilir.

Alkagesta Ukrayna müharibəsi zamanı da Rusiya neftini daşıyıb

Bundan əlavə, Ukrayna müharibəsinin başlanmasından bəri Alkagesta şirkəti dəfələrlə Rusiyadan Türkiyəyə yönələn neftin logistikasında iştirak edən treyder kimi qeyd olunub. Bu barədə məlumatlar açıq mənbələrdə də təsdiqini tapır. Xüsusilə, Adnan Əhmədzadənin həbsi ərəfəsində “Euro Asia News” media resursu Blue Rose (IMO 9335915) adlı tankerlə bağlı materiallar dərc edib. Gəmi Alkagesta ilə əlaqəli strukturlara məxsus olub və Rusiyanın Novorossiysk limanından Türkiyə sahillərinə Avropa sanksiyalarından yayınaraq neft daşıyıb.

2025-ci ilin avqust ayında Böyük Britaniya və Avropa İttifaqı tərəfindən Alkagesta-nın Liviyadan və Rusiyadan gətirilən neftlə ticarəti ilə bağlı birgə istintaq başladılıb. Məlumatlara görə, şirkətə qarşı sanksiyaların tətbiqi ehtimalı müzakirə olunur.

Bu fonda Azərbaycan xüsusi xidmət orqanları da hərəkətə keçib. Adnan Əhmədzadənin həbsi Azərbaycanın neft treydinq sektorunda illərlə mövcud olan köhnə sxemlərin genişmiqyaslı təmizlənməsinin başlanğıcı olub.

Lakin hələ də açıq qalan əsas sual budur: Kamran Ağayev kimdir? Müstəqil sahibkar, yoxsa Adnan Əhmədzadənin “kölgə imperiyası” ətrafında qurulmuş geniş infrastrukturun formal sahibi?

Hazırkı istintaq göstərir ki, məhz Alkagesta şirkəti “boz” neft ticarəti sxemlərinin əsas logistik mərkəzinə çevrilib. İstər Liviyanın şərqindən tədarüklər, istər Rusiya mənşəli neft, istərsə də ofşor strukturlar vasitəsilə yüklərin mənşəyinin dəyişdirilməsi olsun. Məhz bu mərhələdə, indiyədək kölgədə qalan Kamran Ağayevin fiquru ön plana çıxır.

İlkin məlumata görə, Kamran Ağayev hazırda Moskvada gizlənir və Rusiya xüsusi xidmət orqanlarının himayəsi altındadır. Görünür ki, Ağayevin Əhmədzadənin biznes imperiyasında rolu, onun rəsmi vəzifə və reyestr məlumatlarında göstəriləndən qat-qat böyük olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
1
lent.az

2Mənbələr