AZ

Gənclər niyə “avtoritet aləm”ə meyllidir?

Keçdiyimiz günlərdə Gəncədə 11-ci sinif şagirdi, 18 yaşlı bir gənc tərəfindən qətlə yetirildi. Ümumiyyətlə, son vaxtlar bu kimi hadisələrin tez-tez baş verdiyinin şahidi oluruq. Eyni zamanda, sosial mediada və cəmiyyətdə müşahidə olunur ki, gənclər 'avtoritet aləm'ə meyillidirlər. 

Bu tendensiyanın səbəbi nədir?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Əmrah Həsənli bildirib ki, Azərbaycanda gənclərin, xüsusilə də kritik yaş dövründə olan yeniyetmələrin psixoloji xidmətlərə çıxışı hələ tam təmin olunmayıb:

"Təəssüf ki, belə halların artması yalnız təsadüf deyil, həm də cəmiyyətdə müəyyən tendensiyaların göstəricisidir. Gənclərin “avtoritet aləm”inə meyilliliyi və bəzən zorakılığa yönəlməsi bir neçə amillə bağlıdır.

Birincisi, ailə və məktəb tərbiyəsi faktorudur. Ailə daxilində ünsiyyət və dəstək zəif olduqda, gənc şəxs öz yerini və dəyərini düzgün qiymətləndirməkdə çətinlik çəkir. Məktəb mühiti isə sosial bacarıqların, empatiyanın və konflikt həll etmə bacarıqlarının formalaşmasında həlledici rol oynayır. Bu sahələrdə boşluqlar olduqda gənc alternativ yollar, bəzən yanlış sosial qruplar, internet və sosial media təsirləri axtarır.

İkincisi, cəmiyyətdə gənclərin rolunun və uğur modellərinin düzgün təqdim olunmaması, “populyar olmaq” və ya “avtoritetlərə qulaq asmaq” kimi davranış modellərinə meyli gücləndirir. Sosial media bu tendensiyanı daha da sürətləndirir, çünki orada bəzən zorakılıq, eqo mərkəzli davranış və “tez tanınma” uğur kimi təqdim olunur.

Üçüncüsü, psixoloji və emosional dəstək sistemlərinin yetərsizliyi ilə bağlıdır. Azərbaycanda gənclərin, xüsusilə də kritik yaş dövründə olan yeniyetmələrin psixoloji xidmətlərə çıxışı hələ tam təmin olunmayıb. Bu, stress, qəzəb və sosial təzyiqi düzgün idarə edə bilməməyə gətirib çıxarır".

Çıxış yolu isə kompleks və çoxsahəli yanaşmada gizlidir:

"Ailə və məktəbin rolunun gücləndirilməsi, şagirdlərin sosial-emosionallıq bacarıqlarının inkişaf etdirilməsi, valideynlərin və müəllimlərin maarifləndirilməsi ilk addımdır. İkincisi, gənclərə nümunə ola biləcək uğurlu modellərin və pozitiv davranış standartlarının cəmiyyətdə aktiv təqdimatı vacibdir. Üçüncüsü, psixoloji və sosial dəstək xidmətlərinin gənclərə əlçatan olması, zorakılıq riskinin erkən mərhələdə müəyyən edilməsi və müdaxilə mexanizmlərinin işləməsi əhəmiyyətlidir.

Eyni zamanda, media və sosial şəbəkələrdə məsuliyyətli davranışın təşviqi, zorakılıq və kriminal nümunələrin “qəhrəmanlaşdırılmaması” üçün xüsusi maarifləndirici kampaniyaların aparılması vacibdir. Bu, yalnız tək bir qurumun işi deyil; dövlət strukturları, təhsil sistemi, valideynlər və cəmiyyətin bütün seqmentləri birgə çalışmalıdır.

Qısacası, bu problemin köklü həlli zaman və səbir tələb edir, amma hər birimizdən başlaya biləcək kiçik, düzgün addımlar gənclərin sağlam sosial və psixoloji inkişafına xidmət edə bilər".

Seçilən
12
azedu.az

1Mənbələr