AZ

İrana qarşı Qərbin hərbi müdaxilə ehtimalı region üçün nə vəd edir? ANALİZ

Ses qazeti portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Son vaxtlar Yaxın Şərqdə hərbi-siyasi vəziyyət gərgin olaraq qalır. İsrail-İran raket müharibəsi dağıdıcı nəticələrə səbəb oldu, qarşıurma dayansa da regional vəziyyət son dərəcə gərgin olaraq qalır. Qərbə tabe olmayan və İsrailə təslim olmayan İrana qarşı müdaxilə ehtimalı getdikcə artır. Burada Tehranın nüvə silahı yaratmaq üzrə olduğu da əsas rol oynayır kiki, bu da ABŞ, Britaniya və İsrail üçün ən qəbuledilməz vəziyyətdir. Bu səbəbdən İran uranın zənginləşdirilməsini başa çatdırsa və nüvə silahını yaratmağa başlasa son anda ona qarşı hərbi təcavüz ehtimalı son dərəcə yüksək olaraq qalır. Çünki İranın nüvə silahına sahib olması Qərbin və İsrialin regionda hegemonluğuna birdəfəlik son qoya bilər.

İrana qarşı hərbi təcüvüzün başlaması zamanı region çox güman ki, miqrasiya böhranı ilə üzləşəcək. 90 milyonluq ölkədən azır bir neçə milyon vətəndaş qonşu ölkələrə miqrasiya edə bilər. İslam Respublikası ilə həmsərhəd olan dövlətlər, o cümlədən Cənubi Qafqaz respublikaları bundan birinci zərər çəkəcək.

Miqrasiya böhranları istənilən hərbi münaqişənin qaçılmaz müşayiətidir. Münaqişə nə qədər şiddətli və geniş miqyas alırsa, onun yaratdığı qaçqınların sayı bir o qədər çox olur. Nümunələr çoxdur- bu, 2011-ci ildə Suriyada başlayan vətəndaş müharibəsi, elə həmin il Liviyada Müəmmər Qəddafi hakimiyyətinin devrilməsi, 2021-ci ildə Əfqanıstanda amerikapərəst Əşrəf Qani rejiminin devrilməsi və Talibanın hakimiyyətə gəlməsi zamanı baş verib.

Ukraynada hərbi münaqişə də İkinci Dünya Müharibəsindən bəri ən böyük qaçqın axınına səbəb olub. Müharibə başlayandan bu ölkədən 10 milyondan artıq insan miqrasiya edib (Avropa İttifaqına- 6 milyon, Rusiyaya- 3 milyon, digər ölkələr- 1 milyon). 2002-ci ildə Ukraynada 34 milyon əhali var idisə, bu deməkdir ki, əhalinin üçdə biri miqrasiya edib.

Bütün bu böhranlar İranın hipotetik miqrasiya böhranının inkişafı üçün ehtimal olunan model hesab oluna bilər. Bunun nəticələrini İranla həmsərhəd olan Azərbaycan, Ermənistan və Türkmənistan daha çox hiss edə bilər. Onların vasitəsilə miqrasiya dalğaları MDB ölkələrinə yayıla bilər.

İranın miqrasiya böhranı yuxarıda qeyd olunan bütün hallardan daha böyük miqyasda ola bilər. Bu, böhranların təsirinə məruz qalan ölkələrin demoqrafik parametrləri ilə bağlıdır. İranın əhalisi yuxarıda adları çəkilən ölkələrin hamısından bir neçə dəfə çoxdur və onun mərkəzi geosiyasi yerləşməsi bütün Yaxın Şərqi böhran burulğanına çəkə bilər. 2025-ci ilin ortalarına olan məlumata görə, İran əhalisinin sayı 92,4 milyon nəfər təşkil edir ki, bu da onu demoqrafik potensiala görə regionun ən böyük ölkəsi edir.

İranın əhalisi Rusiyadan başqa bütün Avropa ölkələrinin əhalisini üstələyir. Bölgədə müqayisə oluna biləcək demoqrafik potensiala yalnız Türkiyə (85 milyon) malikdir. Pakistan daha böyük əhaliyə malikdir (255,2 milyon), lakin ümumiyyətlə fərqli coğrafi makroregiona - Cənubi Asiyaya aid olaraq təsnif edilir. Eyni zamanda, əhalinin sayı böhranın pisləşəcəyi təqdirdə yarana biləcək miqrasiya axınlarının miqyası ilə birbaşa bağlıdır.

2011-ci ildə qərbin təşkil etdiyi daxili qarşıdurmanın başladığı Suriya İranın miqrasiya böhranı üçün bir model sayıla bilər. Onun nəticələri Yaxın Şərqdə və müasir dünyada ən böyük miqrasiya böhranının yaranmasına səbəb oldu. BMT-nin məlumatına görə, 2018-ci ildə qonşu ölkələrdəki suriyalı qaçqınların sayı 5,5 milyon nəfərə çatıb ki, bu da onu dünyanın ən böyük qaçqın böhranlarından birinə çevirib. Bundan da yüksək hesablamaları Suriyada fəaliyyət göstərən Rusiya Müdafiə Nazirliyinin Qaçqınların Qəbul, Bölüşdürmə və Yerləşdirmə Mərkəzi verib. Onun məlumatına görə, 29 avqust 2018-ci il tarixinə 45 ölkədə 7 milyon suriyalı qaçqın qeydiyyatdadır. Onların böyük əksəriyyəti– 5,4 milyon (77%) Suriya ilə həmsərhəd olan 4 ölkədə yaşayırdı: Türkiyə (3,548,000), Livan (976,000), İordaniya (668,000) və İraqda (249,000). Bundan əlavə, təxminən 1,2 milyon daha çox suriyalı qaçqın Yaxın Şərq və Aİ-nin digər ölkələrinə köçüb. İsrail suriyalı qaçqınları qəbul etməkdən imtina edib.

Vətəndaş müharibəsi başlayanda Suriyanın əhalisi 22,5 milyon nəfər idi. Bu o deməkdir ki, suriyalı qaçqınların sayı ölkənin ümumi əhalisinin dörddə birini təşkil edir və bəzi hesablamalara görə, hazırda ölkə əhalisinin sayı cəmi 15,3 milyon nəfərdir. Suriya ssenarisi ilə götürsək 92,4 milyon əhalisi olan İrana hərbi təcavüz 23 milyon qaçqınla nəticələnəcək. Nəzərə alsaq ki, 2015-ci il qaçqın böhranı zamanı 1-1,8 milyon qaçqının gəlişi Avropada ciddi miqrasiya böhranına səbəb olub və Türkiyə 3,5 milyon suriyalı qaçqının öhdəsindən gəlməkdə çətinlik çəkib, o halda İrandan miqrasiya qonşu ölkələrdə ciddi humanitar böhran yaradacaq, onların iqtisadi sabitliyini və iqtisadi rifahını təhdid edəcək.

Əhalinin əksəriyyəti İranın qərbində və şimal-qərbində yaşadığından, İraq, Türkiyə, Ermənistan və Azərbaycanın böyük qaçqın axını ilə üzləşməsi ehtimalı yüksəkdir. Təkcə Qərbi və Şərqi Azərbaycan əyalətlərində təqribən 7,7 milyon insan yaşayır ki, bu da Ermənistanın əhalisindən (3 milyon) 2,5 dəfə çoxdur və bu vilayətlərin həmsərhəd olduğu Azərbaycan əhalisi ilə (10 milyon) müqayisə oluna bilər. İranın cənub-qərbində yerləşən və İraqın cənubu ilə həmsərhəd olan Xuzistanda 5 milyon insan yaşayır.

İranın şərq əyalətlərində də əhəmiyyətli əhali var. Məsələn, Türkmənistanla həmsərhəd olan Gülistan vilayətinin əhalisi 2 milyondan çox, Şimali Xorasanda isə 1 milyon nəfər var. Pakistanla həmsərhəd olan Sistan və Bəlucistan əyalətinin 3,2 milyon əhalisi var. İrandan böyük bir qaçqın axını Pakistan üçün ciddi demoqrafik təhlükə yaratmasa da, 2022-ci il siyahıyaalınmasına görə əhalisi cəmi 7 milyon olan Türkmənistanın sabitliyi açıq şəkildə risk altında olacaq. Türkmənistan regional standartlara görə kiçik əhaliyə malikdir, İranla geniş sərhəddi var (1148 km).

Proses Azərbaycan və Türkmənistan vasitəsilə Rusiyaya, Qazaxstana, Özbəkistana, Tacikistana və Qirğızstana da ciddi təsir edə bilər. Azərbaycan birbaşa Rusiya ilə həmsərhəddir və buraya üz tutacaq böyük qaçqın axını şimala doğru ikinci miqrasiya dalğasına səbəb ola bilər.

Həddindən artıq kiçik ərazisi və əhalisi olan Ermənistan belə miqrasiya böhranından sağ çıxmaya bilər. Bu ölkəyə son 5 ildə Azərbaycandan qayıdan 100 mindən artıq erməni böyük yük oldu. Daha 100 min də İrandan gəlsə bu Ermənistan üçün ciddi problem yaradacaq. Bu rəqəm hətta dəfələrlə böyük ola bilər.

Əlbəttə ki, ən böyük miqrasiya Azərbaycana ola bilər. Əgər orada müharibə uzansa və dağıntılar çoxalsa Azərbaycanla sərhəd olan bölgələrdə yaşayan İran azərbaycanlıları şimala üz tutacaq. Üstəlik İran əhalisinin böyük hissəsi şimal-qərbdə - Azərbaycan sərhəddinə yaxın ərazilərdə yaşayır. Burada artıq söhbətin neçə milyon nəfərdən gedəcəyini heç təxmin belə etmək olmaz.

Hər bir halda İrana baş verə biləcək müharibə bütün region üçün ciddi sosial və iqtisadi böhrana səbəb ola bilər. Bu səbəbdən heç bir ölkə İranda müharibə arzulamır,- əlbəttə okeanın o tayında olan ABŞ, Avropanın o başında olan Britaniya və regionda təkbaşına hegemonluğunu təmin etmək istəyən İsraildən başqa. Baxmayaraq ki, İran məhv edilməzdən qabaq İsraili də darmadağın edə bilər. Bu da İsraildən də böyük qaşqın dalğasına səbəb ola bilər.

Müharibələrin faciəsi əlbəttə təkcə miqrasiya və qaçqın problemi deyil, biz sadəcə mövzumuz yalnız bu olduğuna görə bu məqama toxunduq. Daha böyük faciələr isə, yüz minlərlə, bəlkə də milyonlarla insanın öləcəyi, şəhərlərin, kəndlərin xaraba qalacağı və ekoloji mühitin məhv olacağıdır. Bütün bunlar özü ilə bütün regiona xaos gətirəcək, sosial-iqtisadi vəziyyət sarsılacaq. Bu səbəbdən bütün region ölkələrin İrana qarşı müdaxiləyə qarşıdır.

Elçin Bayramlı

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
sesqazeti.az

1Mənbələr