Bakı, 10 oktyabr, AZƏRTAC
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi olaraq əsas məqsədimiz ölkədə İKT sahəsində, IT sahəsində kadr potensialının gücləndirilməsi və ölkəmizdə IT mütəxəssislərinin bazasının yaradılmasıdır. Bu məqsədlə ölkəmizə dünyanın bir neçə nəhəng IT şirkətlərinin gəlməsini təmin etmişik. Həmin şirkətlərdən biri də “Holberton School”dır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Rəqəmsal səlahiyyətlərin inkişafı departamentinin müdiri Vüsalə Qurbanova deyib. O bildirib ki, “Holberton School” 2016-cı ildə ABŞ-da yaradılıb: “Məktəbin baş qərargahı Fransada yerləşir və biz bu şirkətlə əməkdaşlığımızı genişləndirərək 2023-cü ildə onun Azərbaycan nümayəndəliyini yaratmışıq. 2023-cü ildən “Holberton School Azerbaijan” artıq İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi, “PAŞA Holdinq”in maliyyə sponsorluğu ilə ölkəmizə gətirilib və şirkət təsis olunub.
Həmin müddətdən buraya “Holberton School Azerbaijan” vasitəsilə ölkəmizin IT bazasını mükəmməlləşdirmək və bu məktəbdə tələbələrin hazırlanması üzrə müxtəlif işlər görülüb. Bu məktəb Azərbaycanda IT sahəsində mütəxəssislərin hazırlanmasına kömək olub.
Biz daha çox kibertəhlükəsizlik, kompüter elmləri, maşın öyrənməsi, süni intellekt və digər sahələr üzrə ölkəmizdə IT ixtisaslara tələbatı ödəmək məqsədilə bu mütəxəssislərin hazırlanmasına fokuslanmışıq. Artıq onlarla birillik müqaviləmiz yekunlaşıb və növbəti müqaviləyə imza atmışıq”.
Vüsalə Qurbanova bildirib ki, 2026-cı ilin sonuna qədər 160 nəfər üçün yuxarıda qeyd olunan ixtisaslar üzrə kadrların hazırlanması həyata keçirilməsi hədəflənib: “2025-ci il oktyabrın 2-də İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən “Holberton School Azerbaijan” proqramına qəbul elan olunub. Proqram yaşından asılı olmayaraq, baza səviyyəsində texniki biliklərə malik namizədlər üçün nəzərdə tutulub. Hazırda ölkə üzrə qeydiyyat və seçim prosesi davam edir və bu mərhələ bir ay ərzində yekunlaşacaq. Daha sonra seçimlər əsasında təlimlərə start veriləcək”.