AZ

Cahangir Nağıyev. İlk professional filosoflarımızdan biri-UNUDULUB

FİRUZ  MUSTAFA

O, cəmi 26 il ömür sürüb.

Onun qeyri-adi istedadı müəllimlərini və həmkarlarını heyrətə gətirirdi.

O, Qərb və Şərq fəlsəfəsinin tədqiqi ilə məşğul olurdu.

O, bir çox sirləri özü ilə apardı.

Söhbət Azərbaycan filosofu, pedaqoq, tərcüməçi Cahangir Musa oğlu Nağıyevdən gedir.

O,  1903-cü il martın 31-də Gəncədə (o zamankı Yelizavetpol quberniyasında) bağban ailəsində anadan olub. İlk təhsilini ibtidai rus-tatar məktəbində və Gəncə kişi gimnaziyasında alıb. C.Nağıyev 1922-ci ildə Moskva Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə daxil olub. Sonra təhsilini Qırmızı Professura İnstitutunun Fəlsəfə fakültəsində davam etdirib. Bakıya qayıtdıqdan sonra BDU-da fəlsəfədən mühazirələr oxuyub.

Gənc Cahangir Avropanın müxtəlif fəlsəfə məktəbləri ilə tanış olmaq üçün Fransa və Almaniyada olmuşdur. Avropa səfərindən qayıtdıqdan sonra "Deşan fəlsəfi sistemi" adlı əsər yazmışdır. Nağıyev alman və fransız dillərini mükəmməl öyrənmiş, fars və ərəb dillərini mənimsəmişdi. Onun "Marksın materializmi", "Adam Smitin dəyər nəzəriyyəsi və ümumi metodoloji nisbət: Smit-Marks" əsərlərinin əlyazması qalmışdır.

Cahangir Nağıyev ömrünün son illərində BDU-da fəlsəfə (dialektik materializm) kafedrasının müdiri olmuş, 1929-cu il noyabrın 16-da 26 yaşında ikən həyat yoldaşı ilə birlikdə faciəli surətdə həlak olmuşdur.

...O, elmin sonsuz fəzasında şimşək kimi çaxıb, elə şimşək kimi də sönüb. Belə ömrə heç "qısa" deməyə belə,  adamın dili gəlmir. Çünki qısadan da qısa olub onun həyatı. Cəmi 26 illik bir ömür yaşayıb. İndiki təsəvvürə görə o, ilk gənclik çağında tərk edib bu qoca dünyanı.

Cahangir Nağıyev... Azərbaycan fəlsəfi, ictimai-siyasi tariximizin ilk tədqiqatçılarından biri. Şərq və Qərb fəlsəfəsinin alovlu təbliğatçısı. Görkəmli pedaqoq. Heyrətamiz yaddaşa malik poliqlot. İctimai xadim. Böyük erudisiyalı ziyalı. 26 illik mənalı ömrün maraq şaxələri bu cürdür. Mübağiləsiz demək lazımdır ki, Cahangir Nağıyev qeyri-adi istedada malik bir insan, bir alim olmuşdur. Amma təəssüflər olsun ki, o, indiyəcən öz layiqli qiymətini almamış, alimin zəngin fəlsəfi irsi ciddi tədqiqatdan kənarda qalmışdır.

Gələcək filosof  lap erkən çağlarında - 3 yaşında ikən ata-anadan yetim qalmış, dayısının himayəsində boya-başa çatmışdır. Hələ körpə ikən qabiliyyəti, maraq dairəsinin genişliyi ilə yaşıdlarından fərqlənmişdir.

Yeniyetmə Cahangir bolşeviklərin "sosial bərabərlik" ideyasına ürəkdən inanmış, 15 yaşında ikən dayısı Məmməd Xəlilovun dəstəyi ilə partiya sıralarına daxil olmuş, gizli ədəbiyyatı yaydığı üçün dəfələrlə zindana atılmışdır.

Haşiyə: İlk gəncliyində kommunizmi təbliğ edən Cahangir Nağıyev, sonralar  "antikommunist" təbliğatına görə ittiham   edilmiş, böyük ideal və ideyalara inanan bu böyük zəka sahibi mənəvi terrorun qurbanına çevrilmişdir.

C.Nağıyev hansı ictimai-siyasi cəbhədə fəaliyyət göstərməsindən asılı olmayaraq xalqın maariflənməsinə, siyasi şüurunun formalaşmasına çalışırdı. O, dəfələrlə qeyd etmişdir ki, savadsız, nadan kütlə ilə böyük ideallara nail olmaq qeyri-mümkündür. Özü isə bir filosof kimi xalqın, millətin özünüdərkində elmi dünyagörüşün, təhsilin, mədəniyyətin əvəzsiz rolunu qiymətləndirir, gecə-gündüz çalışır, şam kimi əriyirdi. O vaxtkı bir çox məhdud dünyagörüşlü, küt, nadan bolşeviklərə Cahangir Nağıyevin maarifçilik ideyaları qəribə təsir bağışlayır, hətta müəyyən dairələrdə istehza doğururdu. Belələri üçün "inqilab" anlayışı qan, qırğın, ölüm, həbs... demək idi. Çoxları "maarif", "mədəniyyət" sözünü eşidəndə ağız büzür, bunu zəiflik əlaməti, inqilaba qarşı təxribat hesab edirdi.

Dediyimiz kimi, 1922-ci ilin axırlarında C.Nağıyev Moskvaya təhsilini davam etdirməyə getdi. O, Birinci Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsinə daxil olaraq burada 1924-cü ilə qədər təhsil alıb. 1922-23-cü dərs ilindən başlayaraq C.Nağıyev eyni vaxtda həm Moskva "Trujenik" zavodunda, həm Mıtışın vaqondüzəltmə zavodunda, həm də Birinci Moskva Dövlət Universitetində fəlsəfi dərnəklərin fəaliyyətinə rəhbərlik edib.

1924-cü ildə AK (b) P-nın katibi Ə.Qarayevin zəmanəti ilə C.Nağıyev Qırmızı Professura İnstitutunun (QPİ) iqtisadiyyat şöbəsinin ictimai elmlər fakültəsinə daxil olmuşdur. Tezliklə onun fəlsəfi problemlərə göstərdiyi maraq QPİ-nin professor-müəllim heyətinin və tez-tez çıxış etdiyi bir sıra nüfuzlu fəlsəfi jurnalların əməkdaşlarının diqqətini cəlb etdi. Məhz buna görə də də İnstitutun rəhbərliyi Nağıyevin fəlsəfə şöbəsinə keçməsinə razılıq verdi. Qısa müddət ərzində onun fəlsəfə sahəsində göstərdiyi fəaliyyət, böyük istedadı və qabiliyyəti İnstitutun elmi şurasında xüsusi qeyd olundu. Hələ ikinci kursda oxuyarkən "K.Marksın dəyər nəzəriyyəsində dialektika", "Kateqoriyaların "Kapital"a tətbiq edilməsi təcrübəsi" mövzusunda hazırladığı məruzələr mütəxəssislər tərəfindən yüksək qiymətləndirildi. C.Nağıyevin bu dövrdə qələmə aldığı bir əsər - "Hegelin sosial fəlsəfəsinin problemləri" xüsusilə böyük maraq doğururdu.

Haşiyə. Açığını demək lazımdır ki, "sıravi" bir tələbənin Hegel yaradıcılığına müraciət etməsinin özü cəsarətli bir addım idi. Dünya ruhunun insanda xarakter, şəxsiyyət və fərdilik qazandığını və insanın idraki fəaliyyətində əks olunduğunu iddia edən böyük alman filosofunun mürəkkəb "sistemini" bu yaşda əxz etmək,  habelə onun (Hegelin) sosial fəlsəfəsinin mahiyyətinin şərhinə cəhd göstərmək heç də asan məsələ deyildir.

Gərgin elmi və təşkilatı iş Cahangir Nağıyevi 21 yaşında ağır mərəzə-əsəb xəstəliyinə mübtəla etdi. Dostları və həkimlər onu təhsili dayandırıb istirahətə getməsini təkid etsələr də, bir nəticə hasil olmadı. O, 1926-cı ildə təhsilini müvəffəqiyyətlə başa vurub təyinatla Bakıya göndərildi. Lakin Bakıda çox işləyə bilmədi. Gərgin fəaliyyət xəstəliyin yenidən güclənməsinə səbəb oldu. Həkimlərin məsləhəti ilə C.Nağıyev Almaniya və Fransaya müalicə olunmağa göndərildi.

Avropa ölkələrindən Bakıya qayıdan kimi C.Nağıyev yenidən qızğın elmi fəlaiyyətə başladı. Azərbaycan Dövlət Universitetində dialektik materializm kursu üzrə mühazirə oxuyan ilk azərbaycanlı alimlərdən biri C.Nağıyev idi. Onun təşəbbüsü ilə "İnqilab və Mədəniyyət" jurnalında fəlsəfə şöbəsi təşkil edildi. Həmin jurnalın 1928-ci il 1-ci nömrəsində çap olunmuş "Spinoza haqqında" adlı böyük məqalə bu gün də maraq doğurur.

Təəssüf  hissi ilə qeyd etmək lazımdır ki, indiyədək C.Nağıyevin qoyub getdiyi fəlsəfi irs toplanmamışdır. Son vaxtlara qədər onun əsas əsərləri elmi ictimaiyyətə məlum deyil. Mərhum filosof  Ziyəddin Göyüşov onun aşağıdakı əsərlərinin əlyazmalarını tapmışdır: "Marksın materializmi", "Adam Smitin dəyər nəzəriyyəsi və ümumi metodoloji nisbət: "Smit-Marks".

C.Nağıyev o dövrün əksər qəzet və jurnallarında, eləcə də Azərbaycan mətbuatından dərin məzmunlu elmi, nəzəri əsərlərlə çıxış edirdi. Alimin coşğun fəaliyyəti, əməksevərliyi heyrətamiz idi. Bu qədər əsərin belə bir qısa müddət ərzində yazıldığına adam az qala inanmaq istəmir. C.Nağıyevin maraq və tədqiqat dairəsi də olduqca genişdir: fəlsəfə, ədəbiyyat, sosiologiya, iqtisadiyyat, siyasət, incəsənət...

Lakin C.Nağıyevin bədxahları, onun uğurlarının paxıllığını çəkənlər də yox deyildi. Bir müddət xaricdə yaşamış alimin fəaliyyəti şübhə altına alınırdı. Onsuz da gərgin zehni əmək nəticəsində əldən düşmüş, əsəb xəstəliyindən əzab çəkən alimin özü və ailəsi barədə əsassız şaiyələr yayır, onu dedi-qodu obyektinə çevirmək istəyirdilər. Təsir altına düşənlər arasında bədxah qonşularımızın nümayəndələri ilə yanaşı elə öz soydaşlarımız da az deyildi. Fiziki və mənəvi əzginliklə yanaşı, maddi çətinliklər də öz təsirini göstərməkdə idi. O, günü-gündən şam kimi əriyirdi. Nəhəng istedad özünün böyük elmi və pedaqoji fəaliyyət proqramını həyata keçirə bilmədi. 1929-cu il noyabr ayının 15-də C.Nağıyev əsəb xəstəliyinin şiddətləndiyi bir vaxtda həlak oldu. Beləliklə, şimşək çaxımına bənzəyən bu ömür zamanın nisbətindəki bir göz qırpımında elə bir şimşək  çaxımında da başa yetdi.

Cahangir Nağıyev bizim unudulmağa layiq olmayan, ürəyi xalqın maariflənməsi üçün yanan, özünün şüurlu həyatını elmi axtarışlara həsr edən yüksək təfsillli ilk professional  filosofumuz olmuşdur. Amma biz onun yubileyini indiyəcən qeyd etməmiş, əsərlərini işıq üzünə çıxarmamışıq. Heç olmazsa, innən belə, gec də olsa Gəncədə və Bakıda alimin xatirəsini əbədiləşdirmək üçün müəyyən konkret tədbirlər həyata keçirmək gərəkdir. Bəs bu işləri biz görməsək, biz yazmasaq... kim görməli, kim yazmalı, kim yanmalıdır?

Haşiyə. Mən Cahangir Nağıyev, onun qısa və faciəli ömrü, habelə zəngin  yaradcılığı barədə hələ 1980-ci illərin əvvəllərində, EA-nın Fəlsəfə institutunda çalışarkən eşitmişdim.Cəmi 26 il ömür sürmüş bu gəncin həyatı məndə elə o vaxtdan maraq doğurmuşdu. Mən nisbətən yaşlı, təcrübəli həmkarlarımdan Nağıyevlə bağlı məlumatlar almaq istəyirdim. Təəssüflər ki, onlardan heç birinin yaşı bu gənc dahini görməyə imkan verməmişdi. Bir də ki, o, həyatla vidalaşan zaman- 1929-cu ildə ölkədə fəlsəfə elminin inkişafına təkan verən müvafiq təsisatlar da formalaşmamışdı.

Doğrusu, hansı bir filosofunsa (o cümlədən Nağıyevin) həyat və fəaliyyətini öyrənmək mənim vəzifə və tədqiqat səlahiyyətimə daxil olan nəsnə deyildir. Sadəcə olaraq, bu gənc dahinin qısa həyatı, onun ölümün səbəbi məni daha çox ilgiləndirirdi. Amma "nəyisə" öyrənmək o dövrdə çətin məsələ idi. Sanki adamlar nəyisə bilir, lakin həqiqəti deməkdən çəkinirdilər.Hər halda mənə elə gəlirdi.

Bütün bunlara baxmayaraq, mən Cahangir Nağıyevlə bağlı müəyyən informasiyalar əldə edə bildim. Fraqmental məlumatlardan belə bir fikir hasil olunurdu ki, hələ yeniyetməlik çağından onun qeyri-adi istedadı üzə çıxıb. Eşitdiyim mülahizələrdən bəzi qırıntılar: "O, bir neçə dil bilirdi...",  "Rozaliya adlı yəhudi bir xanımla ailə qurmuşdu...", "Onun paxılları çox idi...", "O, intihar etmişdi...", "Onu öldürmüşdülər", "Qəzaya düşmüşdü...", "Avtomobil qəzasında həlak olmuşdu..." Əslində, sonuncu versiya daha doğru idi. Amma ən yaxın tarixin belə, bir çox "sirləri" açılmamış qalmaqdadır.

Həmin dönəmdə mən qəzetlərdə elmi səciyyəli rublikalar aparır, televiziyada verilişlər hazırlayırdım. Yadımdadır, 1986-cı ildə Az.Tv-nin Gənclik Baş redaksiyası tərəfindən yayımlanan "Gənclik" proqramında Cahangir Nağıyevlə bağlı süjet hazırlamışdım və veriliş efirə gedəndən sonra nakam filosofun qardaşı gəlib məni tapmışdı. Bu, ahıl, kövrək, rus və Azərbaycan dillərini mükəmməl bilən bir adam idi; səhv etmirəmsə, təbiətşünaslıq və ya kənd təsərrüfatı üzrə mütəxəssis idi. Bakıda yaşayırdı. Biz onu lentə aldıq. Teleçıxışında həyatdan vaxtsız getmiş qardaşı haqqında ilginc məlumatlar verdi. Amma onun söhbətini dinlədikcə mənə elə gəlirdi ki, o da həmin dövrün əksər yaşlı ziyalıları kimi bəzi şeyləri, o cümlədən qardaşının ölümü ilə bağlı bildiklərinin bir çoxunu gizlədir.

Sonda təəssüf  hissi ilə qeyd etməliyik ki, filosof Cahangir Nağıyev həyat və fəaliyyəti indiyəcən kifayət qədər tədqiq olunmayıb.Unudulmağa layıq olmayan, çox gənc ikən həlak olmuş bu qeyri-adi istedad sahibi  unudulmaqdadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
3
olaylar.az

1Mənbələr