AZ

Samsung üç batareyalı smartfonu təqdim edəcək

Samsung üç batareyalı smartfonu təqdim edəcək

Samsung üç hissəyə qatlanan və üç ayrı batareyaya sahib smartfon təqdim etməyə hazırlaşır. Bu barədə ixtisaslaşmış Galaxy Club nəşri məlumat verib.

Media nümayəndələri xatırladıb ki, son vaxtlar internetdə Samsung-un üç hissəyə qatlanan ilk smartfonunu təqdim etməyə hazırlaşdığı ilə bağlı söz-söhbətlər dolaşır. Həmçinin Koreya Patent İdarəsi KIPRIS-in bazasında oxşar dizayna malik telefonun təsviri də aşkar olunub.

Məlumata görə, IT-şirkət cihazı üç hissədən ibarət hazırladığı üçün böyük batareya üç seqmentə bölünəcək. Formal olaraq yeni qatlanan cihaz üç batareya ilə təchiz olunacaq ki, bunlar bir-biri ilə əlaqələndiriləcək. Hər üç batareyanın tutumu fərqli olacaq, lakin smartfonun ümumi batareya tutumu sənəddə göstərilməyib.

Jurnalistlər qeyd ediblər ki, əgər Galaxy Z Fold 7-nin batareya tutumunun iki batareya istifadə edilərkən 4400 milliamper-saat olduğunu qəbul etsək, Z Trifold-un üç batareyası ilə bu göstəricinin asanlıqla 5000 milliamper-saatı keçməsi mümkündür.

Açıq məlumatlara görə, Samsung-un təqdim edəcəyi telefon iki menteşəyə malik olacaq — geniş və dar. Bu dizayn cihazın içəriyə səliqəli şəkildə qatlanmasına imkan verəcək. Üç batareya ilə smartfon üçün patent 30 sentyabr 2025-ci il tarixində təqdim olunub.

Əvvəlki məlumatlara görə, Samsung üç hissəyə qatlanan ilk smartfonu oktyabr ayında təqdim edəcək. Anons isə Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammitinin başlanğıcına təsadüf edəcək.

Seçilən
7
afn.az

1Mənbələr