2025-ci il üzrə Nobel Sülh mükafatının qalibi məlum olub.
“Cebheinfo.az” xəbər verir ki, sözügedən mükafata venesuelalı siyasətçi Maria Korina Maçado layiq görülüb.
57 yaşlı Maçado 2011-2014-cü illərdə Venesuela Milli Assambleyasının deputatı olub, 2012-ci ildə baş tutan prezident seçkilərində iştirak edib.
"Polymarket" mərc agentliyinin bu gün səhər saat 8:10-a olan məlumatına görə, ABŞ prezidenti Donald Trampın Nobel Sülh Mükafatını qazanma ehtimalı 3% təşkil edirdi.
Agentliyin məlumatına görə, BMT-nin baş katibi Antonio Quterreş və Sərhədsiz Həkimlər (MSF) humanitar təşkilatının şansları 1% qiymətləndirilirdi. Trampın özü də dəfələrlə mükafata layiq olduğunu bəyan edib və bir çox müharibələri sonlandırdığını bildirir.
Hər il potensial namizədlərin siyahısını tərtib edən Norveç Sülh Araşdırmaları İnstitutunun keçmiş rəhbəri Henrik Urdahl yanvar ayında mükafatın bu il Sudanın Fövqəladə Hallara Müdaxilə Otaqlarına veriləcəyini ehtimal edirdi. "Polymarket"-in məlumatına görə, onların qalib gəlmək şansları 18% təşkil edirdi.
Oktyabrın 6-da Stokholmda Nobel Həftəsi açılıb. Sülh Mükafatı laureatı oktyabrın 10-da Osloda elan olunub. 2025-ci il üçün ümumilikdə 338 namizəd - 244 şəxs və 94 təşkilat irəli sürülüb. Onların arasında ABŞ Prezidenti Donald Tramp, isveçli fəal Qreta Tunberq, BMT-nin baş katibi Antonio Quterreş də olub. Namizədlərin rekord sayı 376 nəfər olmaqla 2016-cı ildə qeydə alınıb.
Xəzər
"Cebheinfo.az"