AZ

Həsən Həsənovun 85 illiyi Tbilisidəki doğma məktəbində qeyd olunub

Azərbaycanın tanınmış ictimai, dövlət və siyasi xadimi Həsən Həsənovun 85 illik yubileyinə həsr olunan ilk tədbir Gürcüstandakı səfirliyimizin təşkilatçılığı ilə onun Tbilisidə təhsil aldığı Tisian Tabidze adına 43 saylı ictimai məktəbdə keçirilib.

APA-nın yerli bürosu xəbər verir ki, H.Həsənov öncə məktəb direktoru Ekaterine Qaxariyanın müşayiəti ilə siniflərə və kitabxanaya baxış keçirib, məktəbdə mövcud tədris şəraiti ilə yaxından tanış olub.

Məktəbin akt zalında təşkil olunan görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstanın Təhsil və Elm Nazirliyinin Məktəbəqədər və ümumtəhsil müəssisələri üzrə Departamentinin rəisi Lali Kalandadze və müəllim-şagird heyəti iştirak edib.

E.Qaxariya H.Həsənovu onun vaxtilə təhsil aldığı doğma təhsil ocağında salamlamaqdan məmnunluq ifadə edib. Onun sözlərinə görə, H.Həsənov kimi görkəmli şəxsiyyət 43 saylı məktəbin ən tanınmış və qürur duyulan məzunlarından biridir. Direktor H.Həsənova məktəbin adından 85 illiyi münasibətilə təbriknamə təqdim edib.

H.Həsənov çıxış edərək Gürcüstanın Təhsil və Elm Nazirliyinə, Azərbaycan səfirliyinə və məktəb rəhbərliyinə tədbirin təşkilinə görə təşəkkürünü bildirib və məktəb illəri ilə bağlı xoş xatirələrini bölüşüb.

Onun sözlərinə görə, Tbilisidəki məktəb illəri onun həyatının ən unudulmaz dövrüdür. O, bir çox nailiyyətlərinə, insan kimi formalaşmasına görə 43 saylı məktəbə borclu olduğunu söyləyib.

"Bakıya dönəndən sonra Tbilisi ləhcəsi ilə danışırdım. Mənə gülürdülər. Azərbaycanca danışanda isə gürcülərə xas "aba" sözünü istifadə edirdim", - xatirələrini bölüşən H.Həsənov söyləyib.

H.Həsənov məktəb direktoru və nazirlik rəsmisinə kəlağayılar və milli suvenir, məktəbə isə müəllifi olduğu və ingilis dilində çap olunmuş "Qız qalası" kitabını hədiyyə edib.

L.Kalandadze Gürcüstanın təhsil və elm naziri Givi Mikanadzenin adından H.Həsənovu 85 illiyi münasibətilə təbrik edib, ona cansağlığı və fəaliyyətində uğurlar diləyib.

Qeyd edək ki, H.Həsənov 1940-cı ilin oktyabrın 20-də Tbilisidə anadan olub. O, müxtəlif illərdə Azərbaycanın Baş naziri, xarici işlər naziri, BMT-dəki daimi nümayəndəsi olub, 2004-2021-ci illərdə ölkəmizin Macarıstandakı və Polşadakı səfiri vəzifələrində çalışıb. 2022-ci ildə ona "Tbilisinin fəxri vətəndaş" adı verilib.

Seçilən
19
1
apa.az

2Mənbələr