AZ

Regionu gözləyən riskə görə hərəkət keçdilər: Azərbaycanın təklifi gündəmdə Müsahibə

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Xəzər dənizinin su səviyyəsinin azalması ilə bağlı narahatlıqlar artıq beynəlxalq səviyyədə də müzakirələr yaradıb. Belə ki, sentyabr ayının sonlarında Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı dənizin sürətlə kiçildiyini vurğulayıb və səbəbin təkcə iqlim dəyişikliyi olmadığını deyib. Qazaxıstan lideri Kasım-Jomart Tokayev də “ŞƏT Plus” sammitində eyni mövzuya toxunaraq dənizin ekoloji taleyi ilə bağlı çağırış edib. Bu konteksdə Əməkdar mühəndis, dənizçilik üzrə ekspert Musa Süleymanovun Xəzərin xilası üçün irəli sürdüyü təşəbbüs yenidən gündəmə gəlib. Qeyd edək ki, iş adamı  Xəzərlə Qara dənizin yeraltı tunel vasitəsilə birləşdirilməsini təklif edib.

Globalinfo.az bununla bağlı Musa Süleymanovun fikirlərini öyrənib.

Həmin müsahibəni təqdim edirik:

– Xəzər dənizinin səviyyəsinin enməsi region ölkələri üçün hansı ekoloji və iqtisadi fəsadlar yarada bilər?

– Xəzər dənizinin su səviyyəsinin enməsi təkcə ekoloji yox, həm də ciddi iqtisadi təhlükədir. Dəniz səviyyəsinin azalması nəticəsində dayaz körfəzlər quruyur, nərə balıqları və digər növlərin çoxalma yerləri itir, bu da biomüxtəlifliyin məhvinə gətirib çıxarır. Ətraf ekosistemlərdə duzlaşma və toz fırtınaları artır, iqlim şəraiti dəyişir. İqtisadi baxımdan bu proses ən çox limanlara, neft platformalarına və dəniz infrastrukturlarına təsir edir. Dayazlaşma gəmiçilik yollarını məhdudlaşdırır, yanalma dərinliyini azaldır və əlavə dredinq (dibin dərinləşdirilməsi) xərclərinə səbəb olur. Balıqçılıq sektoru zəifləyir, sahilyanı kəndlərdə sosial-iqtisadi problemlər yaranır. Uzunmüddətli perspektivdə isə suyun çəkilməsi regional ticarət və enerji logistikası üçün strateji risk yaradır.

– Qara dənizdən Xəzərə su gətirilməsi ilə bağlı təklif texniki və ekoloji baxımdan necə tənzimlənə bilər?

– Bu təklif elmi və texniki baxımdan tam əsaslıdır. Qara dəniz səviyyəsi Xəzərdən təxminən 30 metr yüksəkdə yerləşdiyi üçün su axını nasossuz, cazibə qüvvəsi ilə təmin edilə bilər. Bunun üçün 600-700 kilometrlik tunel və ya qapalı boru sistemi nəzərdə tutulur. Bu, uzunmüddətli və sabit bir həll variantıdır. Ekoloji baxımdan əsas məsələ gətirilən suyun miqdarının və kimyəvi tərkibinin tənzimlənməsidir. Məqsəd Xəzərin duzluluq balansını qorumaqdır, yəni nə şirin su, nə də həddən artıq duzlu su gətirmək olmaz. Əgər balanslı şəkildə tənzimlənərsə, dənizin təbii ekosistemi bərpa olunar, mikroelementlərin tərkibi sabitləşər, həm də donma və bioloji zəifləmə riskləri azalır. Texniki tənzimləmə beynəlxalq norma və standartlara – PIANC, USACE və IMO tələblərinə əsaslanmalıdır. Layihə həm enerji istehsalını (axın turbinlərindən 170 MVt gücə qədər elektrik) təmin edə, həm də dənizin səviyyəsini uzunmüddətli sabit saxlaya bilər.

Musa Süleymanov

– Xəzərin qurumasının qarşısını almaq üçün Azərbaycan və Qazaxıstanın BMT səviyyəsində qaldırdığı təşəbbüslər hansı nəticələr verə bilər?

– Bu təşəbbüslərin ən mühüm nəticəsi odur ki, məsələ artıq təkcə regional yox, qlobal ekoloji təhlükə kimi qiymətləndirilir. Azərbaycan və Qazaxıstanın BMT-də bu mövzunu qaldırması beynəlxalq təşkilatların, donor ölkələrin və elmi institutların diqqətini bu regiona yönəldir. BMT səviyyəsində Xəzər Dənizinin Qorunması üzrə Beynəlxalq Fond və ya Caspian Environmental Program (CEP+) tipli yeni mexanizmin formalaşması real nəticə ola bilər. Belə bir platforma həm elmi tədqiqatları, həm də texniki layihələrin maliyyələşdirilməsini birləşdirərdi. Bu, dövlətlər arasında su balansı, ekoloji monitorinq və informasiya mübadiləsini də gücləndirəcək.

– Xəzərin xilası məsələsində dövlətlərlə yanaşı, özəl sektorun rolu nə qədər önəmlidir?

– Xəzərin gələcəyi yalnız dövlətlərarası qərarlarla deyil, özəl sektorun real təşəbbüsləri ilə də müəyyən olunur. Məhz yerli sahibkarlar və sənaye müəssisələri bu sahədə mühəndislik, tikinti və maliyyə resurslarını birləşdirə bilirlər. Məsələn, liman infrastrukturunun dərinləşdirilməsi, dəniz texnikasının istehsalı, su axını və enerji sistemlərinin layihələndirilməsi sahəsində özəl sektorun rolu əvəzsizdir. Dövlət strategiyanı müəyyənləşdirir, amma icra və innovasiya potensialı özəl sektorda formalaşır. Əgər dövlət və özəl sektor ortaq fəaliyyət planı ilə çıxış etsə, Xəzərin ekoloji tarazlığının bərpası həm iqtisadi, həm də sosial baxımdan mümkün olar.

Ləman İmran

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
globalinfo.az

1Mənbələr