AZ

Yak-130M təyyarəsinin ilk prototipi sınaqlar üçün hazırdır

Rusiyanın “Birləşmiş Aviasiya Korporasiyası” (UAC) tərəfindən inkişaf etdirilən Yak-130M təlim-döyüş təyyarəsinin ilk prototipi sınaqlar üçün hazırdır.

“Poliqon” UAC-yə istinadən xəbər verir ki, ilk prototip “İrkutsk” aviasiya zavodunda hazırlanaraq yer və uçuş sınaqlarına göndərilib.

Yer testləri zamanı təyyarədə yeni və modernləşdirilmiş sistemlər sınaqdan keçiriləcək ki, bu da bəyan edilən göstəricilərin təsdiqlənməsi məqsədini daşıyır. Daha sonra bu prototip ilk uçuşa hazırlanacaq.

Bununla paralel olaraq “İrkutsk” aviasiya zavodunda daha iki təyyarənin yığılması da davam etdirilir.

Qeyd edək ki, Yak-130M, “Birləşmiş Aviasiya Korporasiyası”nın “A.S.Yakovlev” adına Sınaq-Konstruktor Bürosu tərəfindən hazırlanmış Yak-130 təlim-döyüş təyyarəsinin modernləşdirilmiş versiyasıdır. Modernləşdirmənin əsas məqsədi xarici bazarda rəqabət qabiliyyətini artırmaq üçün təyyarənin döyüş qabiliyyətini genişləndirməkdir. Yak-130M, ilk növbədə, daha ağır və bahalı təyyarələr almağı planlaşdırmayan xarici müştərilər üçün maraqlı olacaq.

Yenilənmiş Yak-130M təyyarəsinin silah arsenalı adi Yak-130 ilə müqayisədə xeyli genişdir. İstehsalçının bildirdiyinə görə, bura “hava-hava” raketləri, peyk və lazer yönləndirmə sistemlərinə malik yüksək dəqiqlikli “hava-yer” silah sistemləri daxildir.

Yak-130M təyyarəsi imkanlarını əhəmiyyətli dərəcədə artıran sistemlərlə də təchiz edilib. Bunların arasında BRLS-130R hava radar stansiyası, SOLT-130K optik-lazer termal televiziya sistemi, Prezident-S130 havadan müdafiə kompleksi və KSS-130 rabitə kompleksi yer alır.

Yeni sistemlər və silahlar Yak-130M təyyarəsinin gecə-gündüz və əlverişsiz hava şəraitində təlim və döyüş məqsədləri üçün istifadəsini təmin edəcək.

Seçilən
60
poliqon.az

1Mənbələr