AZ

“İranda islahatlar aparılmasa vəziyyət daha da gərginləşəcək” SİYASİ ŞƏRHÇİ

ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

“İran hakimiyyətinin 46 il öncə özü üçün irəli sürdüyü şüarlardan biri də hicab məsələsidir. Bu gün həmin o şüarlar və prinsiplər artıq İran hakimiyyətinin əlini-ayağını bağlayır və ona mane olur. Bu prinsiplərdən ən önəmliləri “İsrailə ölüm”, “ABŞ-a ölüm” və hicab qaydasıdır”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirib:

“Hicab qaydasının tətbiqi 1979-cu il martın 8-dən başlayıb. İranda “müxalif qüvvə” adlandırılan ilk qrup qadınlar olub və onlara qarşı Tehran hakimiyyəti repressiv alətlərdən istifadə edib — qadınlar təqib olunub, öldürülüb, həbsxanalara salınıb. Qadınlar yeni rejimin tətbiq etdiyi hicab qaydalarına bir ildən artıq müddətdə etiraz ediblər.

Sonrakı dövrlərdə də İranda baş verən bütün etiraz aksiyalarında qadınlar hicaba, yəni rejimin tətbiq etdiyi məcburi hicaba qarşı çıxıblar. Əslində, ümumi hicab anlayışı ilə İran hakimiyyətinin tətbiq etdiyi hicab anlayışı fərqlidir. Azərbaycan xanımlarının dədə-baba adətlərində də hicab, həya və abır simvolu kimi mövcuddur. Amma İran rejiminin tətbiq etdiyi hicab — qadının necə görünməli, necə geyinməli, hansı istiqamətdən baxılmalı olduğunu diktə edən siyasi qaydadır.

2011-ci ildə Yaşıllar Hərəkatı zamanı, eləcə də 2006-cı ildə və müxtəlif dövrlərdə xanımlar bu siyasətə qarşı etirazlarını bildiriblər. Sonuncu böyük etiraz dalğası 2022-ci ilin oktyabrında başladı və “Qadın, Azadlıq, Ədalət” şüarı ilə davam etdi. Minlərlə insan həbs olundu, yüzlərlə insan öldürüldü. Hərəkat 17 yaşlı bir qızın öldürülməsi ilə başlamışdı. Bu, bir daha göstərdi ki, İran qadınları azadlıq uğrunda mübarizədən əl çəkməyiblər.

Etirazlar yatırıldıqdan sonra Tehran hakimiyyəti özünə gələn kimi ilk addım olaraq “Hicab və İffət haqqında” yeni qanunu qəbul etdi. Bu qanun əvvəlki ilə nisbətən daha da sərtləşdirildi. Prezident İbrahim Rəisinin dövründə qəbul edilən qanunda cərimələr və həbs müddətləri artırıldı, hətta bəzi hallarda edam cəzası da nəzərdə tutulurdu”.

Sədrəddin Soltan qeyd edib ki, İran hakimiyyəti bu qaydanı tətbiq etməklə ölkədə “İslam rejiminin” qorunduğunu göstərmək istəyir:

“Onlar hesab edirlər ki, Məhəmməd Rza Şah dövründəki həyat tərzi İran cəmiyyətinin “əxlaqi dəyərlərinə” uyğun deyildi. Lakin yeni rejim zorakılığına və məcburiyyətinə görə əvvəlkindən fərqlənmədi.

Hazırda isə Prezident Məsud Pezeşkian bu qanunun icrasını dayandırıb. Bir çoxları bunu qanunun ləğvi kimi dəyərləndirsə də, əslində, o sadəcə olaraq dondurulub.

Maraqlıdır ki, İranda hicab qadağaları olsa da, estetik əməliyyatlara və kosmetikaya meyil daha çoxdur. İran qadınları bu sahədə dünyada ön sıralardadır. Onlar həm də daha çox oxumağa meyillidirlər, bu isə yeni nəsil qadınların azadlıq və öz həyatı üzərində söz sahibi olmaq istəyini artırır.

Bəzi müşahidəçilər düşünürdülər ki, qadınların geyim azadlığı İranda xaos yaradacaq, psixoloji sarsıntılar baş verəcək. Amma bu baş vermədi. İran cəmiyyəti bu dəyişiklikləri sakit və təmkinlə qəbul etdi. Bu gün Tehranın və Təbrizin bazar küçələrində yaylıqsız gəzən qadınlara da, başıörtülü xanımlara da rast gəlmək mümkündür. Qadın geyimindəki sərbəstlik cəmiyyətin inkişafına mane olmur, əksinə, insan münasibətlərində təbiilik yaradır.

Sadəcə, Tehran rejimi insanların gündəlik həyatına və məişətinə müdaxilə etməklə onların sərbəstliyinə mane olur”.

Siyasi şərhçi qeyd edib ki, İranda çox ciddi islahatlar aparılmalıdır.

“Əslində, bu islahatlar Sovet İttifaqı dağılandan sonra başlanmalı idi. İslahatlar ilk növbədə İranın konstitusiyasından başlamalıdır. Çünki İran konstitusiyası məzhəbi xarakter daşıyır — şiə məzhəbinin Cəfəri təriqətini əsas götürür və hakimiyyətdə yalnız bu təriqətdən olanların təmsilini vacib sayır. Bu məzhəbçilik aradan qaldırılmalıdır.

İranda xalqın seçdiyi prezident ölkənin əsas söz sahibinə çevrilə bilmir. Əsas söz sahibi Məclisi Xübrəqan – Dini ekspertlər şurasıdır. Onların seçdiyi ali dini lideri Əli Xamenei – prezidentdən daha yüksək mövqedə dayanır. Xalq tərəfindən seçilən prezident əslində ikinci şəxsdir və ali rəhbərin göstərişlərini icra edir.

Bu səbəbdən İran konstitusiyası kökündən dəyişməlidir. Çünki ölkədə milli haqlar pozulur, fars olmayan xalqların – xüsusilə azərbaycanlıların – hüquqları tapdanır, mədəniyyətlərinə biganəlik göstərilir. Məsələn, Urmiyada 14-cü əsrdən qalmış bir məscid var, amma Tehran hakimiyyəti onu UNESCO-nun mədəni irs siyahısına sala bilmir, çünki bu abidə farslara deyil, Azərbaycan türklərinə məxsusdur.

İranda milli ayrı-seçkilik türkə, ərəblərə, bəlucilərə qarşı yönəlib. Buna görə də Konstitusiyada köklü dəyişikliklər, inqilaba bərabər islahatlar aparılmalıdır. Əks halda Tehran hakimiyyəti daha ciddi və kəskin problemlərlə üzləşəcək.

Bu gün hicab məsələsində ehtiyatla davranan hakimiyyət sabah “İsrailə ölüm” və “ABŞ-a ölüm” kimi şüarlara da eyni şəkildə yanaşmaq məcburiyyətində qalacaq. Çünki gələcəkdə Amerika və İsraillə münasibət qurmaq istəsə, ilk növbədə həmin şüarların aradan qaldırılması tələb olunacaq.

Məsələn, Məsud Pezeşkiyandan amerikalı jurnalist “Niyə hələ də Amerikaya ölüm şüarını saxlayırsınız?” deyə soruşanda, o, sualdan yayınmaqla cavab verib.

Tehran hakimiyyəti hicab da daxil olmaqla bütün bu ideoloji qandalları özü açmalıdır. Əks halda nə islahat apara, nə yenilənə, nə də hakimiyyətini uzun müddət qoruyub saxlaya biləcək”-deyə siyasi şərhçi əlavə edib.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
icma.az

1Mənbələr