AZ

Azərbaycanda 140-dan artıq restoran "Ulduz-reytinq" layihəsinə müraciət edib

Azərbaycanda 140-dan artıq ictimai iaşə müəssisəsi "Ulduz-reytinq" layihəsi üçün müraciət edib.

FED.az xəbər verir ki, bunu  Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) şöbə müdiri Samir Mehralıyev deyib.

Onun sözlərinə görə, artıq həmin müəssisələrdən 51-nin qiymətləndirilməsi aparılıb:

"Bakıdan sonra iaşə müəssisələrinin ən çox müraciət etdiyi şəhər Gəncə olub. Bundan başqa, Sumqayıt, Mingəçevir və digər iri şəhərlərdən də müraciətlər daxil olub".

AQTİ şöbə müdiri əlavə edib ki, layihə çərçivəsində sakinlər, eləcə də turistlər Azərbaycanda vaxt keçirdiyi iaşə müəssisəsində hansı təhlükəsizlik sistemlərinin tətbiq olunduğunu, qida təhlükəsizlik baxımından nə qədər etibarlı olduğunu mobil tətbiqlər vasitəsilə biləcəklər.

Qeyd edək ki, layihə "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı"nın icrasının təmin olunması məqsədilə hazırlanıb və qida sahəsində fəaliyyət göstərən ictimai iaşə obyektlərinin risk göstəriciləri əsasında reytinqinin müəyyənləşdirilməsi qaydalarını müəyyən edir. Reytinq təsnifatı 3, 4, 5 ulduz olmaqla aparılır.

İctimai iaşə obyektlərinin risk göstəriciləri əsasında reytinqinin müəyyənləşdirilməsi sahibkarların könüllü müraciətinə əsasən həyata keçirilir. (Report)

Seçilən
20
fed.az

1Mənbələr