AZ

“Müharibə başlayandan təxminən üç gün sonra Ukraynanı tərk etdim” - “Gəncə”nin ABŞ-li basketbolçusunun İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

Sentyabrın 26-da Azərbaycan Basketbol Liqasının (ABL) 2025/2026-cı il mövsümü start götürüb. Mükafatlar uğrunda mübarizə aparacaq komandalar sırasında “Gəncə” də var. Ötən mövsüm ABL klubu pley-offun 1/4 final mərhələsinə qədər irəliləmiş, həmçinin Azərbaycan Kubokunun finalına çıxmış, lakin “NTD” komandasına (Xaçmaz rayonunu təmsil edir – red) uduzmuşdu.

Yeni mövsümdə “Gəncə” heyətini demək olar ki, tamamilə yeniləyib və nəticələrini yaxşılaşdırmaq niyyətindədir. Komandanın legionerlərindən biri təcrübəli ABŞ-li basketbolçu Delano Spenserdir. 31 yaşlı oyunçu Azərbaycana Dominikan Respublikasının çempionatından gəlib.

İdman.Biz Delano Spenserlə Azərbaycan Basketbol Liqası, ölkəmiz barədə təəssüratları və “Gəncə”nin çempionluq şansları barədə söhbətləşib.

- Siz ilk dəfədir ki Azərbaycanda oynayırsınız?

- Bəli, ilk dəfədir. Bura gəlməzdən əvvəl Azərbaycan liqası haqqında çox yaxşı sözlər eşitmişdim. Burada daha əvvəl oynamış dostlarım var idi. Onlar deyirdilər ki, liqa nisbətən yenidir, amma sürətlə inkişaf edir, hər il daha güclü və rəqabətədavamlı olur. Komandalar həm oyunçular qarşısında, həm də ümumilikdə təşkilati baxımdan öz qarşılarına yüksək tələblər qoyurlar.

- Komandanız haqqında nə düşünürsünüz?

- Məncə, “Gəncə” həqiqətən də güclü komandadır. Heyətimizdə həm təcrübəli, həm də gənc və perspektivli oyunçular var, üstəlik, əla məşqçi heyətimiz mövcuddur. Çempionluq uğrunda mübarizə aparmaq üçün bütün imkanlara sahibik. Xüsusilə qeyd etmək istəyirəm ki, “Gəncə”nin yerli oyunçuları çox güclüdür. Onlar hər məşqdə inkişaf edirlər, çalışqanlıq göstərirlər və maksimum səylə oynayırlar. Düşünürəm ki, komandamızın uğuruna böyük töhfə verəcəklər. Heyətimiz genişdir və uzun mövsüm ərzində hər kəsin əməyinə ehtiyac olacaq.

- Komandanın “NTD” üzərində çətin qələbə qazandığı ilk oyunu necə qiymətləndirirsiniz?

- Məncə, nəzərə almaq lazımdır ki, bu bizim ilk rəsmi oyunumuz idi. Ondan əvvəl heç bir yoxlama görüşü keçirməmişdik. Bu oyun bizim üçün bir növ sınaq oldu: sistemimizi yoxlamaq, əvvəllər qarşılaşmadığımız rəqibə qarşı müdafiədə sınamaq imkanı idi. Bu, təbii ki, oyuna da təsir etdi. Amma əminəm ki, biz inkişaf etməyə və təcrübə toplamağa davam edəcəyik.

- Sizin fikrinizcə, “Gəncə”nin əsas rəqibləri kimlərdir?

- Liqada çox güclü komandalar var. Əlbəttə, “Sabah”, “Neftçi” və “Abşeron Lions”u xüsusilə qeyd edə bilərəm. Bu üç komanda kifayət qədər rəqabətədavamlıdır. Onlar həm də beynəlxalq kuboklarda çıxış edirlər. Biz də səbirsizliklə onlarla qarşılaşmağı və əla oyun nümayiş etdirməyi gözləyirik.

Bu arada, bu gün “Abşeron Lions”la qarşılaşacağıq. Bu oyuna ciddi hazırlaşmışıq hər gün məşq edirik, fiziki formamızı qoruyuruq və taktiki cəhətləri diqqətlə işləyirik. Komandamıza və məşqçi heyətimizə inanıram. Bu gün uşaqlar meydançaya çıxıb maksimumlarını göstərəcəklər.

Təəssüf ki, mən bu görüşdə iştirak edə bilməyəcəyəm, çünki məşqlərdən birində zədə almışam. Bu xoşagəlməz haldır, amma şükür ki, ciddi deyil. Dizimdə yüngül bir zədə var və yaxın zamanda sıraya qayıdacağımı ümid edirəm. Klub mənə hərtərəfli dəstək göstərir: reabilitasiyama kömək edir və mütəxəssislərə müraciəti təşkil edir. Buna görə çox minnətdaram və meydançaya qayıdacağım anı səbirsizliklə gözləyirəm.

- Gəlin, Azərbaycandakı həyatınızdan danışaq. Ölkə haqqında ilk təəssüratlarınız necə oldu?

– Təəssüratlarım çox yaxşıdır, uyğunlaşmaq mənim üçün asan oldu. Komanda mənə və ailəmə alışmaq üçün hər cür dəstək göstərdi və bunu çox yüksək qiymətləndirirəm. Düzünü desəm, hələ “Gəncə”də çox vaxt keçirməmişəm, çünki çox səyahət edirik. Amma səbirsizliklə gözləyirəm ki, orada tam yerləşək və özümüzü evdəki kimi hiss edək. Ümumilikdə isə hər şey xoşuma gəlir: yeməklər çox dadlıdır, insanlar mehriban və qonaqpərvərdir. “Gəncə”də uğurlu mövsüm keçirmək və azarkeşlərimizi sevindirmək istəyirəm.

- Mədəni baxımdan uyğunlaşmaq dövrü sizin üçün necə keçdi?

- Mən çox səyahət etmişəm və 17 müxtəlif ölkədə oynamışam, buna görə də mədəni fərqliliklər mənim üçün təəccüblü deyil. Asiyada, Yaxın Şərqdə, Avropada, Afrikada və Cənubi Amerikada oynamışam. Məsələn, İslam ölkələrində də oynamışam və orada həm meydançadan kənarda, həm də içərisində özümü rahat hiss etmişəm. Müxtəlif ənənələrə, millətlərə və dinlərə öyrəşmişəm, ona görə də Azərbaycana uyğunlaşmaq mənim üçün çox asan oldu. Heç bir mədəni şok yaşamadım.

Mən açıq insanam, milliyyətindən və dərisinin rəngindən asılı olmayaraq hər kəslə dil tapa bilirəm. Mənim üçün əsas məsələ basketbol oynamaq, işimi vicdanla görmək və həm meydançada, həm də ondan kənarda yaxşı insan olmaqdır.

- Bəs dil baryeri sizi çətinliyə salırmı?

- Komanda yoldaşlarım və məşqçilər bu məsələdə mənə çox kömək edirlər. Əlbəttə, “Google Translate” də işə yarayır. Amma ümumilikdə bu, ciddi problem yaratmır. Xüsusilə Bakıda bir çox insan ingiliscə danışır. Yəni müəyyən dərəcədə dil baryeri var, amma bu, maneə sayılmır.

- Azərbaycanda başqa ölkələrdə görmədiyiniz yeni nə iləsə qarşılaşmısınızmı?

- Məncə, hələ yekun fikir bildirmək üçün tezdir, çünki cəmi bir aydır buradayam. Qrafikimiz çox sıxdır: məşqlər, bərpa prosesi... Hələ “Gəncə”dəki məşq zalımız istifadədə olduğuna görə şəhərdən kənarda yerləşən oteldə qalırıq. Ölkəni gəzməyə çox vaxt olmur, buna görə də hələ yerli mədəniyyəti tam şəkildə hiss edə bilməmişəm. Amma səbirsizliklə gözləyirəm ki, Azərbaycanı daha yaxından tanıyım. İndiyədək diqqətimi çəkən əsas şey - Bakının memarlığıdır. Şəhər çox gözəldir, binaların forması və üslubu isə mənim daha əvvəl gördüklərimdən fərqlənir.

- Bildiyimə görə, ailəniz də sizinlə birlikdə Azərbaycandadır...

- Bəli, həyat yoldaşım və qızım mənimlə bura gəliblər. Son illər səfərlərimdə onlar da mənimlə olur - artıq dörd ölkədə mənimlə birgə yaşayıblar. Ailəm həmişə yanımdadır, mənə dəstək olur, və komandanın bunu mümkün etdiyinə görə çox minnətdaram.

Həyat yoldaşım və qızım “Gəncə”də özlərini çox rahat hiss edirlər - komanda onların bütün ehtiyaclarını qarşılamaq üçün hər şeyi edib. Onlar parkda gəzir, yerli yeməkləri dadır, müxtəlif restoranlara gedirlər. Özlərini komfortlu və təhlükəsiz hiss edirlər. Çünki artıq müxtəlif ölkələrdə yaşamağa öyrəşiblər, ona görə də uyğunlaşmaq onlar üçün də asan oldu. Düşünürəm, burada olmaqdan həqiqətən məmnundurlar və Azərbaycanda keçirdikləri vaxtdan zövq alırlar.

- Dediyiniz kimi, siz bir çox ölkələrdə oynamısınız. Bildiyim qədərilə onlardan biri də Ukrayna olub və siz müharibə başlayanda orada idiniz…

- Bəli, ora döyüşlər başlamazdan əvvəl getmişdim. Müharibə başlayandan təxminən üç gün sonra ölkədən çıxdım və mövsümü Çexiyada başa vurdum. Karyeram ərzində ilk dəfə belə bir vəziyyətlə üzləşdim. O vaxt qızım hələ doğulmamışdı, amma həyat yoldaşım ABŞ-yə qayıtmışdı. Təbii ki, vəziyyət çox gərgin və qorxulu idi. Ancaq komandamız təhlükəsizliyi təmin etmək, sakitliyi qorumaq və hamını bir yerdə saxlamaq üçün əlindən gələni etdi.

Buna baxmayaraq, Ukraynadakı təcrübəm müsbət idi. Orada insanlar çox mehribandır, liqa rəqabətlidir, mədəniyyətləri maraqlıdır. Orada vaxt keçirmək mənə xoş idi. Əlbəttə, hadisələrin belə inkişaf etməsi təəssüf doğurur. Hələ də bir çox ukraynalı basketbolçularla əlaqə saxlayıram. Maraqlıdır ki, bu mövsüm keçmiş məşqçim Vitali Stefanovskiyə (“Neftçi”nin hazırkı baş məşqçisi, Ukrayna yığmasının sabiq çalışdırıcısı – red.) və dostum, köməkçi məşqçi Oleq Qonçarova qarşı oynayacağam. Bu oyunu səbirsizliklə gözləyirəm.

Ukraynalı basketbolçulara hər şeyin ən yaxşısını arzulayıram. Ümid edirəm, onların basketbolu bir gün müharibədən əvvəlki səviyyəsinə qayıdacaq.

- İdmançı kimi siyasətin təsirini tez-tez hiss edirsinizmi?

- Əlbəttə, siyasi hadisələr idmançılara da, vətəndaş olaraq bizlərə də təsir göstərir. Mən dünyada baş verənləri izləməyə çalışıram, xəbərləri oxuyuram. Konkret siyasi baxışlarım yoxdur, amma inanıram ki, sülh və qarşılıqlı hörmət yeganə doğru yoldur.

Leyla Əminova

İdman.Biz

Seçilən
1
1
idman.biz

2Mənbələr