ain.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Təhsildə texnologiyalardan istifadə həmişə pozitiv tərəfləri ilə yadda qalır. Bu, həm tədris prosesinin keyfiyyətini artırır, həm də şagirdlərin marağını stimullaşdırır. Müsbət cəhətlərdən biri odur ki, texnologiyalar dərsləri daha interaktiv və cəlbedici edir". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Elçin Süleymanov deyib.
O bildirib ki, xüsusilə COVID-19 pandemiyası dövründə məsafədən təhsilin təşkili üçün texnologiyaların rolu danılmaz oldu: "İnternetin sürətli olduğu, sinif otaqlarının maddi-texniki bazasının imkan verdiyi hallarda dərslər daha səmərəli şəkildə aparılır, müxtəlif tədqiqatlar, təqdimatlar və əyləncəli öyrənmə üsulları dərs prosesinə inteqrasiya olunur. Bu, həm müəllimin işini asanlaşdırır, həm də şagirdlərin mövzuya marağını artırır.
Lakin texnologiyalardan istifadə zamanı müəyyən sərhədlər qorunmalıdır. Müəllim öz vəzifəsini tam şəkildə texnologiyaya həvalə etməməlidir. Məsələn, dərs zamanı sadəcə YouTube-dan mövzu izahını göstərməklə kifayətlənmək düzgün yanaşma deyil. İnteraktiv resurslar dərsdənkənar əlavə material kimi təqdim olunmalı, əsas izah və istiqamət müəllimin öz nəzarəti altında həyata keçirilməlidir. Şagirdlərin texnologiyadan istifadəsi də məqsədyönlü şəkildə təşkil olunmalıdır.
Məsələn, “Google Classroom”, “Microsoft Teams” və digər tədris platformaları vasitəsilə dərs resurslarının yaradılması, tapşırıqların verilməsi, yoxlanılması və geribildirim prosesləri daha sistemli şəkildə aparıla bilər. Bu alətlər həm müəllimə, həm də şagirdə dərs prosesini səmərəli şəkildə izləməyə imkan yaradır. Eyni zamanda, müəllim fənnini texnologiyalardan istifadə etməklə daha əyləncəli və dinamik formada təqdim etməlidir. Müasir dövrdə təhsil alan nəsil texnologiyalarla böyüyüb, buna görə də onların maraq dairəsinə uyğun metodlardan istifadə vacibdir. Belə olduqda öyrənmə prosesi həm asanlaşır, həm də daha təsirli və yadda qalan olur.
Nəticə etibarilə, texnologiyaların təhsildə rolu danılmazdır, lakin əsas məsələ onların balanslı və məqsədyönlü istifadəsindədir. Texnologiya tədrisə dəstək vasitəsi olmalı, müəllimin funksiyasını əvəz etməməlidir. Yalnız bu halda tədris prosesi həm interaktiv, həm də effektiv şəkildə davam edə bilər".
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.