Cari ilin iyun ayının sonuna olan məlumata görə, Yaponiyada əcnəbi sakinlərin sayı 2024-cü ilin sonundan 5% artaraq rekord həddə - 3.956.619 nəfərə çatıb.
“İki sahil” Japantimes.co.jp istinadla xəbər verir ki, bu barədə ölkənin Ədliyyə naziri Keisuke Suzuki məlumat verib. Onun sözlərinə görə, əcnəbi sakinlər ölkənin ümumi əhalisinin 3,21%-ni təşkil edib.
İmmiqrasiya Xidmətləri Agentliyinin məlumatına görə, bu ilin sonunda əcnəbi rezidentlərin sayının 4,15 milyon nəfər olacağı gözlənilir.
2025-ci ilin ilk yarısında Yaponiyaya daxil olan əcnəbilərin sayı bir il əvvəllə müqayisədə 20% artaraq 21.376.170-ə çatıb və bu il üçün illik cəmi 45 milyona çata biləcək sürətlə artıb.
Suzuki, ölkədə qeyri-qanuni qalanların sayını sıfıra endirmək üçün may ayında tərtib edilmiş planda əldə edilən irəliləyişləri izah edib.
Nazir bildirib ki, iyun-avqust aylarında dövlət hesabına deportasiya edilən şəxslərin sayı ötən ilin eyni dövründəki 58-dən 2 dəfə artaraq 119-a çatıb.
Son hesabat dövründə deportasiya edilənlərin ümumi sayı demək olar ki, dəyişməyərək 2120 nəfər təşkil edib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”