AZ

ABŞ Senatı 2026-cı il üçün hərbi büdcəni təsdiqləyib

ABŞ Senatı 2026-cı maliyyə ili üçün (oktyabrın 1-dən başlayır) hərbi xərclərin 925 milyard dollar həcmində olmasını təsdiqləyib.

Editor.az xəbər verir ki, sənədin lehinə 77 senator, əleyhinə isə 20 senator səs verib.

Qanun layihəsinə əsasən, Ukrayna Təhlükəsizliyinə Yardım Təşəbbüsü (USAI) proqramının müddəti 2028-ci ilə qədər uzadılacaq. Proqram çərçivəsində maliyyələşmə 500 milyon dollara qədər artırılacaq. Bu təşəbbüs Pentaqonun birbaşa Amerika arsenallarından avadanlıq göndərmək əvəzinə, istehsalçılarla müqavilə imzalayaraq silah və texnika tədarük etməsini nəzərdə tutur.

Xatırladaq ki, sentyabr ayında ABŞ Konqresinin Nümayəndələr Palatası da 2026-cı il üçün ölkənin hərbi xərclərini təxminən 900 milyard dollar səviyyəsində təsdiqləmişdi. Həmin məbləğin 400 milyon dolları Ukraynaya yardım üçün ayrılıb.

Sənədə həmçinin ABŞ administrasiyasının Konqres tərəfindən daha əvvəl təsdiqlənmiş Ukraynaya yardımı ləğv etmək və ya dayandırmaq qərarına gələcəyi təqdirdə, Pentaqonu bu barədə qanunvericiləri əvvəlcədən məlumatlandırmağa məcbur edən müddəa da daxil edilib.

// Gülnarə Abasova, Editor.az

Seçilən
30
editor.az

1Mənbələr