AZ

Azərbaycanla Rusiya arasında münasibətlər normal məcraya dönür

Prezidentlərin Düşənbə görüşündə iki ölkə arasında gərginlik yaratmış səbəblərə aydınlıq gətirildi

Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti ilə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 9-da bu ölkəyə səfər edən Azərbaycan Prezidenti İlham Əliyevin Düşənbədə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub.

Liderlərin görüşündə "Azərbaycan Hava Yolları"nın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin faciəvi şəkildə qəzaya uğraması və ağır nəticələri əsas müzakirə mövzusu olub. 

Xatırladaq ki, təyyarə qəzasına görə Rusiya Federasiyasından Azərbaycana heç bir rəsmi cavab verilmirdi. İyulun 19-da Prezident İlham Əliyev Xankəndidə "Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi" mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşdə bu məsələyə bir daha toxunaraq bildirmişdi ki, hadisədən 7 ay keçməsinə baxmayaraq, Rusiya rəsmilərindən heç bir cavab yoxdur: "Bizim üçün hər şey aydındır, biz bilirik nə baş verib. Biz bunu sübut edirik və bilirik ki, Rusiya rəsmiləri də bundan xəbərdardır. Onlar da gözəl bilirlər nə baş verib. Ona görə də istənilən qonşu bunu etməli idi. Bizim tələbimiz təbii tələb idi. Qoy, öz günahlarını etiraf etsinlər. Bizim təyyarəni vuranlar cəzalandırılsın və ailələrə təzminat ödənilsin, qurbanların və yaralıların ailələrinə, AZAL-ın təyyarəsinə görə də təzminat ödənilməlidir". Prezident bildirmişdir ki, təyyarəmizə qarşı iki dəfə hücum olub. 

Dünənki görüşdə Vladimir Putin bu məsələyə toxunaraq bildirib ki, AZAL təyyarəsinin qəzasına obyektiv qiymət verilməsini vacib hesab edir. V.Putinin fikrincə, onların borcu baş verən hər şeyə obyektiv qiymət vermək və əsl səbəbləri müəyyənləşdirməkdir. Lakin bu, müəyyən vaxt tələb edir. Bu məsələni sona çatdırmaq üçün yəqin ki, bir qədər də vaxta ehtiyac var. 

Rusiya Prezidenti təyyarənin qəzaya uğramasına səbəb olan bir sıra halları açıqlayıb. V.Putin deyib: "Birincisi ondan ibarətdir ki, səmada Ukraynanın pilotsuz uçuş aparatı vardı. Biz faciə günü gecə Rusiya Federasiyasının sərhədini keçən üç belə pilotsuz aparatı eyni vaxtda izləyirdik.

İkinci səbəb Rusiyanın hava müdafiə sisteminin özündə texniki nasazlığın olmasından ibarətdir". 

Onun sözlərinə görə, buraxılan iki raket birbaşa təyyarəyə dəyməyib - əgər bu baş versəydi, təyyarə elə yerindəcə məhv olardı. RF Prezidenti vurğulayıb ki, zərbə məhvedici döyüş elementləri ilə vurulmayıb, yəqin ki, raketlərin özlərinin parçaları ilə dəyib.

Prezident İlham Əliyev AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı vəziyyəti şəxsən nəzarətdə saxladığına görə rusiyalı həmkarı Vladimir Putinə təşəkkür edib: "Bu vəziyyəti nəzarətdə saxladığınıza görə Sizə təşəkkür etmək istərdim. Sizinlə dəfələrlə fikir mübadiləsi aparmışıq, həmçinin komandalarımızın üzvləri daim təmasdadırlar. Siz şəxsən istintaqın gedişinə nəzarət edirsiniz və bizim heç bir şübhəmiz olmayıb ki, o, bütün məsələləri obyektiv araşdıracaq. Ona görə də bizim görüşümüzdə məhz bu məsələyə aydınlıq gətirməyi zəruri hesab etdiyiniz üçün Sizə bir daha minnətdarlığımı ifadə etmək istərdim".

Beləliklə, rəsmi Moskvadan qəza ilə bağlı konkret fikir səsləndirildi. Əvvəlcədən də deyildiyi kimi, Rusiya məsuliyyəti üzərinə götürdü və qəzaya görə kompensasiyanın  ödəniləcəyini bildirdi.

Ümumiyyətlə, Azərbaycan və Rusiya prezidentlərinin görüşü hər zaman pozitiv ruhda keçib. Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlığın, siyasi-iqtisadi uğurların ən başlıca səbəbi prezidentlər arasında olan səmimi dostluq münasibətləridir. Məhz bu münasibətlər sayəsində son vaxtlar iki ölkə arasında gərginlik yaratmaq istəyən bəzi qüvvələrin çirkin kampaniyaları iflasa uğradı. Azərbaycanla Rusiya arasında münasibətləri pozmağa və xələl gətirməyə çalışan qüvvələr, Simonyan, Solovyov, Zatulin  və digər bu kimi  ermənipərəstlər öz məqsədlərinə nail ola bilmədilər. 

Azərbaycanı da narahat edən əsas məsələlərdən biri Rusiyada anti-Azərbaycan və ermənipərəst qüvvələrin ölkəmizə qarşı məkrli fəaliyyəti idi. V.Putinin media qarşısında açıqlamaları həm də bu məsələyə aydınlıq gətirdi.

Rusiya Prezidenti Vladimir Putin isə Moskva ilə Bakı arasında münasibətlərin müttəfiqlik ruhunda davam edəcəyinə ümidvar olduğunu bildirib: "Ümidvaram ki, bu əməkdaşlıq, sadəcə, bərpa olunmayacaq, həm də bizim münasibətlərimizin, müttəfiqliyimizin ruhunda davam edəcək. Biz bunu heç vaxt unutmuruq, o qədər də uzaq olmayan keçmişdə imzalanan müqaviləni xatırlayırıq və öz tərəfimizdən hər şeyi edəcəyik ki, onun bütün əsas müddəaları həyata keçirilsin".

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan ilə Rusiya arasında bu il təkcə iqtisadi-ticari münasibətlər deyil, həm də bütün digər istiqamətlər üzrə əlaqələr inkişaf edir, əmtəə dövriyyəsinin artmasında yaxşı dinamika mövcuddur. 

Bir sözlə, Azərbaycan və Rusiya prezidentlərinin görüşü və aparılmış müzakirələr ikitərəfli münasibətlərin normal məcraya yönəldiyini göstərdi. 

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Seçilən
12
50
azerbaijan-news.az

10Mənbələr