Bakı, 9 oktyabr, G.Mahmudlu, T.Babayeva, AZƏRTAC
Bosniya və Herseqovinaya qarşı təcavüz nəticəsində çoxsaylı insanlar doğma yurdlarını tərk etmək məcburiyyətində qaldılar və bu gün də bir çoxları itkin düşmüş hesab olunurlar. Ən mühüm məsələ itkin düşmüş şəxslərin qalıqlarının tapılmasıdır. Bu, ailələr üçün mənəvi rahatlıq tapmağın yeganə yoludur. İtkin düşənlərin ailələri üçün yaxınlarının harada və necə həlak olduğunu bilmək həyatlarının ən böyük sualına cavab tapmaq deməkdir. Bu, bizim hamımız üçün, cəmiyyətimiz üçün çox vacib məsələdir.
AZƏRTAC xəbər verir ki, bunu İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfransı çərçivəsində jurnalistlərə müsahibəsində Foça Müharibə Qurbanları Assosiasiyasının baş katibi, itkin ailəsi üzvü Mideta Kaloper deyib.
Onun sözlərinə görə, itkinlər barədə məlumatların toplanması, ailələr arasında qarşılıqlı əməkdaşlıq və dövlət institutları ilə sıx əlaqə əsas məsələlərdən biridir: “Bosniya və Herseqovinanın müvafiq dövlət orqanları bu istiqamətdə fəaliyyətlərini davam etdirməli və yeni məlumatların əldə olunması üçün bütün imkanlardan istifadə etməlidirlər. Bu, təkcə Bosniya və Herseqovinanın deyil, bütün regionun problemidir. Buna görə də digər ölkələrin də məsuliyyət daşıması vacibdir. Bəzi dövlətlər bu məsələyə indiyədək kifayət qədər diqqət göstərməyiblər. Biz birgə səylərlə, qarşılıqlı anlayış və əməkdaşlıqla bu prosesi irəlilədə, itkin düşənlərin taleyinə aydınlıq gətirə bilərik. Ailələrin ümidini itirməməsi və ədalətin bərpası üçün çalışmaq bizim borcumuzdur. Yalnız birgə səylər və insanlıq naminə əməkdaşlıqla biz həqiqətə çata bilərik”.