AZ

Azərbaycan-Ermənistan sülh prosesinə üç böyük maneə…


“Bu il avqustun 8-də Ağ Evdə tarix yaşandı. Prezident Donald Tramp Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevlə bir araya gəldi. 30 ildən çox diplomatik uğursuzluqdan sonra Qafqazdan iki lider birgə bəyanat imzalayaq yekun sülh sazişi öhdəliyi götürdülər, xarici işlər nazirləri isə saziş layihəsini parafladılar”. Bu fikirlər Vaşinqtondakı Hadson İnstitutunun aparıcı əməkdaşı Lyuk Koffinin analitik məqaləsində yer alıb.

Ekspert qeyd edir ki, Ağ Ev işin bitmədiyini anlamalıdır. O, Azərbaycan-Ermənistan sülh prosesində üç böyük problemin olduğunu qeyd edir. Onlardan birincisi baş nazir Paşinyanın siyasi sabitliyi məsələsidir. Gələn ilin iyununa gözlənən parlament seçkiləri öncə bu sabitlik sarsıla bilər. Sərt xətt tərəfdarı millətçilər və Moskvanın dəstəklədiyi qruplar Paşinyanın hakimiyyətinə, sülh prosesinin legitimliyinə meydan oxuyurlar.

Təhlilçinin fikrincə, həm Ermənistan, həm də Azərbaycan Rusiya və İranın dezinformasiya kampaniyaları vasitəsilə sülh prosesini gözdən salacağını gözləməlidirlər. Və nəhayət, üçüncü məsələ – sülh razılaşmasındakı regional nəqliyyat xətlərinin necə maliyyələşəcəyidir. “Beynəlxalq Sülh və Rifah uğrunda Tramp Marşrutu” (TRIPP) da bu sıradadır. Müəllif bu marşrutun çəkilməsi yolunda nəhəng logistik əngəllərin durduğunu yazır. Azərbaycan ərazisinə nəzarəti bərpa edəndən sonra Horadiz-Ağbənd dəmiryol xəttini təmir edir. Bu xətt “Tramp yolu”nu Azərbaycanın qalan hissəsi ilə birləşdirəcək. 2021-ci ildə başlamış tikinti bu ilin sonuna tamamlanmalıdır: “Magistral yol şəbəkəsi nisbətən yaxşıdır. Əsas marşrut kimi E-002, Avropa təsnifatına görə B sinfinə aid yol təyin olunub. Bu yol on illərdir istifadə olunmadığından bərbad durumdadır, bir çox körpülər ya əsaslı təmir olunmalıdır, ya da tam dəyişilməlidir”. L.Koffi qeyd edir ki, bu məsələlər yoluna qoyulmasa, Trampın sülh təşəbbüsünə marağı itə bilər: “Yalnız onun birbaşa nəzarəti altında uğur qazanıla bilər”. Müəllif ABŞ-ın Avrasiyada yeni güc kimi ortaya çıxdığını, bu məqamdan yararlanaraq regionda daimi güc kimi təsirini artırmalı olduğunu yazır. Digər tərəfdən, Cənubi Qafqazda tamamlanmamış iş qalıb: Gürcüstan ərazisinin 20 faizini tutmuş Moskva bundan təkcə regionda gücünü göstərmək üçün deyil, həm də Gürcüstanın daxili siyasətinə nüfuz etmək üçün yararlanır. Rusiya Gürcüstandan regionda əsas təsir rıçağı kimi istifadə edəcək. ABŞ siyasətçiləri bu reallığı gözardı etməməli, Gürcüstanın dayanıqlığını gücləndirəcək siyasət hazırlamalıdırlar. Təhlilçi Cənubi Qafqazda Rusiya və İranın təsirini azaltmaq üçün Vaşinqtona konkret tövsiyələr verir. Məsələn, Azərbaycanla əlaqələrdə dəniz sularında təhlükəsizlik və terrorçuluğa qarşı əməkdaşlığa fokuslana bilər. Xəzərdə sərhəd radar stansiyaları quraşdıra, Azərbaycan donanmasına təlimlər keçə, avadanlığı modernləşdirə bilər. qeyd edək ki, prezident İlham Əliyev və Donald Tramp Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunu imzalayıb.

Bundan başqa, imzalanan sənədlər arasında prezident İlham Əliyevin və ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoffun iştirakı ilə SOCAR-la “ExxonMobil” şirkəti arasında “Əməkdaşlıq haqqında Memorandum”u da xüsusi qeyd etmək lazımdır. Strateji tərəfdaşlıq çərçivəsində Azərbaycan və ABŞ enerji, nəqliyyat, ticarətdən tutmuş, süni intellekt, müdafiə sahəsində satışa qədər çoxsaylı istiqamətlər üzrə əməkdaşlıq edəcəklər. “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsinin paraflanması, üçtərəfli görüşün nəticəsinə dair Birgə Bəyannamənin imzalanması Cənubi Qafqazda davamlı və dayanıqlı sülhün təmin olunması istiqamətində olduqca mühüm hadisədir. Təxminən 5 ilə yaxındır ki, Ermənistan məsələni yubatmağa, “Sülh kəsişməsi” adlı utopik layihə irəli sürərək oyunbazlıqla məşğul olmasına baxmayaraq, Azərbaycan ən böyük məqsədlərindən birinə - Zəngəzur dəhlizinin açılmasına nail olur. Bu fonda da ABŞ-Azərbaycan münasibətlərində yeni səhifə açılıb. Bu fonda Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən müxtəif istiqamətlərdə inteqrasiya layihələrinin intensiv icrasına dair artıq qərarların verilməsi mühüm əhəmiyyətə malikdir. Nümunə üçün, Zəngəzur dəhlizi məsələsi qeyd edilə bilər. Ermənistanın maliyyə ayıra bilməməsi və prosesə ABŞ-ın qoşulması, 145 milyon dollar ayırması qərarı onu göstərir ki, bu dəhlizin tezliklə istifadəyə verilməsində həm də Amerika maraqlıdır. Azərbaycan üzərindən reallaşan bir sıra beynəlxalq yükdaşımalar, logistika enerji resurslarının müxtəlif qütblərə çatdırılması prosesi baş verməkdədir. Azərbaycan uğurlu şəkildə bu prosesi idarə edir, bu məsələlərdə dünyanın güclü dövlətləri ilə bərabər hüquqlu əsaslarda danışıqlar aparır, birgə addımların atılmasına müvəffəq olur, beynəlxalq münasibələr sistemində söz sahibinə çevrilir. Prosesə əngəl olmaq istəyənlərə qarşı ABŞ-ın da mövqe sərgiləməsi olduqca vacibdir.

Tahir TAĞIYEV

Seçilən
72
baki-xeber.com

1Mənbələr