AZ

Azərbaycan əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə əlaqədar yüksək təcrübəyə malik dövlət və təşkilatlarla əməkdaşlıqda maraqlıdır

Bakı, 9 oktyabr, G.Mahmudlu, T.Babayeva, AZƏRTAC

Bakıda keçirilən beynəlxalq konfrans itkin düşmüş əzizlərinin yolunu gözləyən vətəndaşlarımızda yeni ümidlər yaradır. Onlar bu illər ərzində diqqət və qayğı ilə əhatə olunsalar da, itkin yaxınlarının taleyinə aydınlıq gətirilməsi həmin ailələr üçün daha vacib əhəmiyyət kəsb edir.

AZƏRTAC xəbər verir ki, bunu İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfransın bağlanış sessiyasında Dövlət Komissiyasının katibi Qəzənfər Əhmədov deyib.

Azərbaycanın əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə əlaqədar yüksək təcrübəyə malik dövlət və təşkilatlarla əməkdaşlıqda maraqlı olduğunu söyləyən Q.Əhmədov bildirib ki, insanların bu iztirablardan qorunması üçün yalnız bir yol var: silahlı münaqişələrin qarşısının alınması və dayandırılması, insanların itkin düşməsinə səbəb olan hər bir hala qarşı beynəlxalq səylərin birləşdirilməsi.

“Son illər silahlı münaqişələrin artması ciddi narahatlıq yaradır. Yerli və beynəlxalq xarakter daşımasından asılı olmayaraq, istənilən silahlı münaqişə insanların itkin düşməsinə və həyatını itirməsinə, ağır humanitar böhrana səbəb olur. XXI əsrdə yaşamağımıza baxmayaraq, silahlı münaqişələr zamanı hamılıqla qəbul edilmiş beynəlxalq humanitar hüquq normalarına əməl edilməməsi, müharibə cinayətlərinin adi hal alması, mülki insanların bir çox hallarda bilərəkdən hədəfə çevrilməsi, humanitar məsələlərin siyasətləşdirilməsi, ikili standartlar və cəzasızlıq mühiti təəssüf doğurur və humanitar böhranın dərinləşməsinə açıq şərait yaradır. Hesab edirik ki, bunun üçün dünyada yeni çağırışlara, yeni səylərə, yeni konsepsiyalara və yanaşmalara ciddi ehtiyac var", - deyə Q.Əhmədov qeyd edib.

 

Seçilən
39
1
azertag.az

2Mənbələr