Oktyabrın 9-da Bakı Konqres Mərkəzində “CIDC 2025 – Critical Infrastructure Defence Challenge” adlı kibertəhlükəsizlik festivalı öz işinə başlayıb. Tədbir Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) birgə təşkilatçılığı ilə keçirilir.
Hakimiyyet.az xəbər verir ki, festivalın açılış mərasimində çıxış edən DTX-nin Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov qeyd edib ki, “Ağıllı şəhərlərin təhlükəsizliyi” mövzusunda keçirilən bu tədbir ölkəmizin kibertəhlükəsizlik ekosisteminin güclənməsinə mühüm töhfə verəcək.
Onun sözlərinə görə, tədbir zamanı aparılacaq müzakirələrdə əsas diqqət kritik informasiya infrastrukturlarının (Kİİ) təhlükəsizliyi, bu sistemlərin kibermüdafiə qabiliyyətinin artırılması, eləcə də yeni çağırışlar və onların həlli yolları mövzularına yönələcək:
“Artıq hər kəsə bəllidir ki, müasir dövrdə kritik informasiya infrastrukturlarının təhlükəsizliyi hər bir dövlət üçün əsas prioritetlərdən biri və milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsidir. Enerji, su təchizatı, nəqliyyat, telekommunikasiya, maliyyə və dövlət xidmətləri kimi sahələrin rəqəmsallaşması onları kibertəhdidlərə qarşı daha həssas edir.”Davud Rüstəmov bildirib ki, son illər dünyada baş verən kiberinsidentlər dövlətlərin ictimai-siyasi sabitliyini və iqtisadi inkişafını hədəf alan mürəkkəb hücumların artdığını göstərir:
“Beynəlxalq hava limanlarının, enerji və su təchizatı sistemlərinin, maliyyə sektorlarının fəaliyyətinin iflic vəziyyətə düşməsi bunun bariz nümunəsidir.”
DTX rəsmisi qeyd edib ki, Milli Kibertəhlükəsizlik Mərkəzi beynəlxalq əməkdaşlığın gücləndirilməsini prioritet istiqamətlərdən biri kimi müəyyən edib. Bu məqsədlə 160-dan çox ölkənin kibertəhlükəsizlik qurumları, həmçinin qlobal texnologiya şirkətləri ilə qarşılıqlı əlaqələr qurulub.
“Cari ildə DTX tərəfindən kritik informasiya infrastrukturu obyektlərinin reyestrinin proqram platforması yaradılıb, məsul şəxslər müəyyən edilib və təhlükəsiz əlaqə kanalları formalaşdırılıb. Bununla yanaşı, XRİTDX ilə birgə Komissiya tərəfindən bu sahədə tələblərə riayət olunması vəziyyəti yoxlanılır”.
D.Rüstəmovun sözlərinə görə, bu il kritik informasiya infrastrukturlarını hədəf alan bir sıra qlobal kibertəhdid aktorları müəyyən edilib və onların kibermüdaxilə cəhdlərinin qarşısı vaxtında alınıb. Cinayət məsuliyyətinə cəlb olunan şəxslər arasında zərərverici proqram təminatlarının qanunsuz dövriyyəsini təşkil edənlər də olub. DTX tərəfindən İSO-15408 Ümumi Meyarlar Laboratoriyasının yaradıldığı, burada informasiyanın və kriptoqrafik mühafizə vasitələrinin sınaqları və sertifikatlaşdırılmasının həyata keçiriləcəyi bildirilib. Həmçinin, Milli Kibertəhlükəsizlik Mərkəzi tərəfindən MISP platforması istifadəyə verilib. Bu sistem kibertəhdid məlumatlarının toplanması, təhlili və maraqlı tərəflər arasında paylaşılmasını təmin edir, eləcə də beynəlxalq tərəfdaşlarla kollektiv müdafiə mexanizmlərini gücləndirir.
Davud Rüstəmov çıxışında həmçinin süni intellekt texnologiyalarının artan rolu və bununla paralel şəkildə kiber cinayətkarlar tərəfindən istifadəsinin yaratdığı risklərə toxunaraq qeyd edib: – “DTX tərəfindən süni intellektdən istifadə etməklə həyata keçirilən təxribat və digər cinayət hallarına qarşı hüquqi və texniki tədbirlər həyata keçirilir.” O vurğulayıb ki, “CIDC 2025” kimi tədbirlər bilik və təcrübə mübadiləsini, beynəlxalq əməkdaşlığı gücləndirərək ölkəmizin milli təhlükəsizliyini qlobal təhdidlərə qarşı daha dayanıqlı edəcək.
Qeyd edək ki, bu il keçirilən “CIDC-2025” festivalı dövlət qurumlarının nümayəndələrini, sahə üzrə ekspertləri və tələbələri bir araya gətirir. Ümumilikdə 2245 ziyarətçi, 934 təlim iştirakçısı, 51 komanda və 56 tərəfdaş təşkilat tədbirə qoşulub. Festival çərçivəsində sərgi, konfrans və peşəkar yarışma formatları birləşdirilib. İki gün davam edəcək tədbirdə “Ağıllı şəhərlərdə kibermüharibə” yarışması, 10 təqdimat, 5 panel müzakirəsi, “Hack The Future 2” proqramı üzrə 6 ödənişsiz təlim və 41 yerli və xarici şirkətin qatıldığı kibertəhlükəsizlik sərgisi keçiriləcək.Yarışmada dövlət və özəl sektoru təmsil edən 25 komanda – o cümlədən BƏƏ, Özbəkistan, Moldova, Qırğızıstan və Tacikistandan olan iştirakçılar mübarizə aparır. Qaliblər üçün 30 min manatlıq mükafat fondu nəzərdə tutulub.
“CIDC-2025” ölkəmizin kibertəhlükəsizlik sahəsində regional lider mövqeyini möhkəmləndirmək, gənc mütəxəssislərin bilik və bacarıqlarını inkişaf etdirmək, dövlət–özəl əməkdaşlığını dərinləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır.