AZ

Ölkəmizdə rəqabətədavamlı fintex ekosistemi formalaşdırılır

"Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunması ölkəmizdə rəqabətədavamlı, qabaqcıl beynəlxalq təcrübə və trendlər nəzərə alınmaqla fintex ekosisteminin formalaşdırılmasına imkan verib.

Bu fikri Azərbaycan Banklar Assosiasiyasının rəhbəri Zakir Nuriyev Bakı Fintech Forumundakı çıxışında səsləndirib. Onun sözlərinə görə, fintex ekosisteminin formalaşdırılması istiqamətində qanunvericilik tələblərinin müəyyən edilməsi mühafizəkar mövqedən çıxış edərək ekosistemin daha dayanıqlı əsasda qurulmasına və ekosistemdə sağlam təşkilatların təmsil olunmasına şərait yaradıb: “Ödəniş xidməti təchizatçıları sırasına elektron pul təşkilatları və ödəniş təşkilatlarının əlavə olunması isə rəqəmsal ödəniş ekosistemində yeni həll və texnologiyaların tətbiqi ilə yanaşı, yeni rəqabət sahələrinin yaranmasına səbəb oldu. “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun təkmilləşdirilməsi, yeni əlavə və dəyişikliklərin müəyyən edilməsi zamanı daxili bazarda ödəniş xidmətləri haqqında Avropa Direktivinə təklif edilən üçüncü nəsil dəyişikliklər də nəzərə alınmalıdır. Nümunə olaraq, elektron pul təşkilatları tərəfindən pul vəsaitlərinin birdən çox sayda bankda saxlanılması tələbi qeyd edilə bilər. Bu yanaşma ödəniş xidməti istifadəçilərinin pul vəsaitlərinin təhlükəsizliyini daha da möhkəmləndirməklə, elektron pul təşkilatlarının dayanıqlılığının artırılmasına imkan verir".

Z.Nuriyev hesab edir ki, maliyyə inklüzivliyinin inkişafı və açıq maliyyə yanaşmasının daha effektiv formada tətbiqi baxımından fintexlərin əlavə fəaliyyət istiqamətləri qanunvericilik əsasında genişləndirilməlidir. Bu, ekosistemdə innovasiyaların tətbiqini sürətləndirməklə yeni müştəri seqmentlərinin yaranmasına imkan verəcək: "Eyni zamanda ekosistemdə növbəti strateji dövrdə açıq maliyyə yanaşmasının uğurla tətbiqi üçün açıq bankçılıq platformasına fintexlərin də inteqrasiyası prosesi sürətləndirilməlidir. Paralel olaraq, açıq bankçılıq üzrə vahid standartların müəyyən edilməsi isə ödəniş xidməti təchizatçıları arasında inteqrasiya əlaqələrinin bərabər əsaslarla qurulmasına şərait yaradacaq".

Seçilən
61
vergiler.az

1Mənbələr