ain.az, Oxu.az portalına istinadən məlumat yayır.
"2025-ci il ərzində Dövlət Komissiyası beynəlxalq təcrübənin öyrənilməsi və xarici tərəfdaşlarla əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinə də xüsusi diqqət yetirib".
Oxu.Az-ın məlumatına görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində "İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi" mövzusunda beynəlxalq konfransda bildirib.
O qeyd edib ki, bu xüsusda 2025-ci ilin mart ayında İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın Baş direktoru Katrin Bombergerin rəhbərliyi ilə qurumun nümayəndə heyəti ölkəmizə səfəri nümunə göstərilə bilər:
"Təmaslar çərçivəsində Beynəlxalq Komissiya ilə çox faydalı müzakirələr aparılıb.
Sözügedən müzakirələrin nəticəsi olaraq Beynəlxalq Komissiya tərəfindən hazırlanmış elektron məlumat bazasının təmənnasız qaydada Azərbaycana təqdim edilməsi, itkin düşmüş şəxslər probleminin həllində, xüsusilə itkin düşmüş şəxslərə aid məzar yerlərinin axtarışı, qazıntı, ekshumasiya və eyniləşdirmə, o cümlədən aidiyyəti qurumların mütəxəssis heyətinə təlimlərin keçirilməsi, yeni texnologiyalar və metodologiyaların tətbiqi sahəsində ölkəmizə dəstək veriləcəyi və əməkdaşlığın davam etdiriləcəyi bildirilib. Beləliklə, 2025-ci il üzrə iş planı təqdim olunub".
Ə.Nağıyev əlavə edib ki, Bosniya və Herseqovinanın İtkin düşmüş şəxslər İnstitutu ilə ikitərəfli əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi, itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması sahəsində səmərəli olacağını nəzərə alaraq, qarşılıqlı əməkdaşlıq haqqında Memorandum layihəsinin müzakirəsi ilə əlaqədar 2025-ci ilin aprel ayında Dövlət Komissiyasının nümayəndə heyəti Sarayevo şəhərinə səfər edib:
"Səfər zamanı Anlaşma Memorandumunun layihəsi müzakirə edilib və razılaşdırılıb. Bu gün həmin memorandum imzalanacaq".
Samir Əli
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.