AZ

TƏBİB-lə Səhiyyə Nazirliyi eyni şey deyil? Niyə ayrı olmalıdırlar? - Təhlil...


Azərbaycanda səhiyyə xidmətlərini iki qurum - Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) həyata keçirir. TƏBİB Prezident İlham Əliyevin fərmanı ilə 2018-ci ildə yaradılıb, Səhiyyə Nazirliyi isə uzun illərdir var.

Nazirliyin bir çox səlahiyyətləri TƏBİB-ə verilib. Səhiyyə Nazirliyi və TƏBİB eyni profili bölüşür. Ümumiyyətlə, Azərbaycanda profilcə bir-birinə yaxın olan, bir-birini təkrarlayan qurumlar az deyil. Yəni TƏBİB-lə Səhiyyə Nazirliyinin bu məsələdə yeganə olmadığını hamı bilir.

Son vaxtlar cəmiyyətdə belə fikir yaranıb ki, bu iki qurumun ayrı-ayrılıqda fəaliyyət göstərməsinə elə də zərurət yoxdur və müəyyən məsələlər istisna olmaqla, onsuz da onlar eyni işi görürlər. Bu istiqamətdə müzakirələr gedir ki, paralel təşkilatlara nə ehtiyac var. Bu baxımdan, TƏBİB-lə Səhiyyə Nazirliyinin birləşdirilməsinin daha məqsədəuyğun olduğunu düşünənlər var. Bəzilərinin fikrincə, Səhiyyə Nazirliyi ilə TƏBİB-in birləşdirilməsi ən yaxşı variant ola bilər. Bu qənaətdə olanlar hesab edirlər ki, belə olarsa xidmətin keyfiyyəti daha da artar.

Bu iki qurumun birlikdə, yaxud ayrılıqda fəaliyyət göstərməsinin nə kimi üstün və neqativ cəhətləri var? Birləşib vahid şəkildə olmaqları çox vacibdir, yoxsa ayrılıqda fəaliyyət göstərmələri? Hansı daha keyfiyyətli xidmətin təmin olunması üçün vacibdir?

TƏBİB-lə Səhiyyə Nazirliyi niyə ayrı-ayrılıqda mövcud olmalıdır? Onları birləşdirmək olarmı?

İlqar Hüseynli: “...İndiki situasiyada məhz İcbari Tibbi Sığortanın tətbiqinin ayrıca bir icraçı qurum olan TƏBİB tərəfindən həyata keçirilməsi...”

Sosial sahə üzrə mütəxəssis İlqar Hüseynli “Bakı-Xəbər”ə bildirdi ki, Səhiyyə Nazirliyi ilə TƏBİB-in paralel struktur kimi qəbul olunması, ayrı fəaliyyət SSRİ dövründə qurulan səhiyyə sisteminin sonradan yeni dünya təcrübəsindən irəli gələn idarəetmə sistemlərinə keçirilməsi ilə bağlı bir məsələdir. “Səhiyyə Nazirliyinin tabeliyində olan bütün klinikaların, xəstəxanaların, bu müəssisələrin birdən-birə TƏBİB-ə verilməsi həqiqətən də ictimaiyyət atasında müxtəlif fikirliliyə gətirib çıxardı. TƏBİB nədir? TƏBİB Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi deyilən bir qurumdur. TƏBİB niyə yarandı? Əslinə qalanda, TƏBİB sırf icraedici bir qurumdur. 2016-ci ildə ölkə Prezidentinin müvafiq fərmanı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradıldı. Təbii ki, bu ayrıca bir qurum formasında yaradıldı. Məhz İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradılandan sonra Ağdaş, Mingəçevir və Yevlax mərkəzi rayon xəstəxanalarında pilot layihə olaraq icbari tibbi sığortanın tətbiqinə başlanıldı. Sonra bu, mərhələlər üzrə bölündü və bir neçə mərhələ üzrə bütün ölkədə icbari tibbi sığortanın tətbiqi həyata keçirildi. Bu zaman icbari tibbi sığortanın xidmətlər zərfinə daxil olan xəstəliklərin müayinə və müalicəsi ilə bağlı bütün klinikalar yeni yaradılmış qurumun - TƏBİB-in sərəncamına verildi. TƏBİB icbari tibbi sığortanın nəzərdə tutulan xidmətlərinin yerinə yetirməsi funksiyasını daşıyır. Yəni sırf icraçı bir funksiyanı yerinə yetirir. Burda dövlət nəyə istinad edir? Dünya və qonşu ölkələrin təcrübəsinə istinad edir. Məsələn, Türkiyədə eynən Azərbaycandakı kimi icbari tibbi sığortanı həyata keçirən ayrıca bir qurum var, o, müəssisələrin, klinikaların daxilində fəaliyyət göstərir. Dövlət və qeyri-dövlət müəssisələrində işçilər icbari tibbi sığorta qurumlarında sığortalanırlar və sığorta xidmətini dövlətin ayırdığı müvafiq klinikalar yerinə yetirir. Səhiyyə Nazirliyi isə funksional olmayan, yəni birbaşa qanunvericilik və buna bağlı olan məsələlərin icrası ilə məşğuldur. Bu nədir? Bütün səhiyyə yönümlü institutlar birbaşa Səhiyyə Nazirliyinin tabeliyindədir. O cümlədən o institutların nəzdində fəaliyyət göstərən klinikaların hər biri Səhiyyə Nazirliyinin tabeliyindədir. Səhiyyə Nazirliyi ölkədə kadr potensialının gücləndirilməsində, səhiyyə sisteminin qurulması ilə bağlı dünya təcrübəsində olan mexanizmlərin tətbiqində, eyni zaman müəyyən standartların, peyvənd və digər məsələlərin həyata keçirilməsində ölkə ərazisində cavabdeh qurum kimi rol oynayır”.

İ.Hüseynli qeyd etdi ki, nazirlik yeni qanunvericilik bazasının, səhiyyə qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində yeni təkliflərin və mexanizmlərin icrası ilə məşğul olan bir qurumdur. O, həmçinin bildirdi ki, həkimlərin təkmilləşdirilməsi prosesi bilavasitə Səhiyyə Nazirliyinin fəaliyyətində nəzərdə tutulub və Həkimlərin Təkmilləşdirilməsi İnstitutu, Ağciyər İnstitutu və bir sıra institutlar nazirliyin tabeliyində fəaliyyət göstərir.

“Mənə elə gəlir ki, indiki situasiyada məhz icbari tibbi sığortanın tətbiqinin ayrıca bir icraçı qurum olan TƏBİB tərəfindən həyata keçirilməsi daha məqsədəuyğun mexanizmdir. Düşünürəm ki, ölkə Prezidenti dünyada tətbiq olunan ən son səhiyyə xidmətinin əlçatanlığını təmin edən tətbiqləri nəzərə alaraq belə bir fərman imzalayıb. Fikrimcə, TƏBİB-lə Səhiyyə Nazirliyi olduqları yerdən fəaliyyətlərini ayrıca davam etdirməlidirlər”.

Bu qurum üzərində nazirliyin nəzarət mexanizminin olmalı olmasına gəlincə, İ.Hüseynli hesab edir ki, TƏBİB, icbari tibbi sığorta və onun üzərində həyata keçirilən hüquqi mexanizmlərin icrasına nəzarət məhz Səhiyyə Nazirliyində qalmalıdır. İ.Hüseynlinin fikrincə, bütövlükdə ölkədə səhiyyə sisteminə nəzarət edən, Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq çərçivəsində bütün normativlərin ölkə ərazisində tətbiqini həyata keçirən qurum məhz Səhiyyə Nazirliyi olmalıdır.

Aydın Əliyev: “Səhiyyə Nazirliyi öz yerində qalmalıdır və TƏBİB nazirliyə birləşdirilməlidir”

Tibb Universitetinin dosenti, tanınmış həkim Aydın Əliyevin fikrincə isə, bu məsələdə ictimaiyyətin irəli sürdüyü yanaşma yanlış deyil. “Səhiyyə Nazirliyi ilə TƏBİB-in birləşdirilməsi daha məqsədəuyğun olar. Torpaqlarımız işğaldan azad olunandan sonra Prezident siyasi və iqtisadi islahatların keçirilməsini elan etdi. Azərbaycanın 68 rayonu var. Sovet hökuməti bizi yüz yerə böldü, xırdaladı. Amma indi bölgələr üzrə iqtisadi zonalar yaradılıb. Yəni təsərrüfatı uyğun gələn bir neçə rayon birlışdirilir və əlavə idarəçilik sistemindən azad olur. İdarəçilik sistemi çox yerə bölünəndə bax, bugünkü problemlər ortaya çıxır. ABŞ-ı götürsək, heç orda bu qədər komitə, nazirlik yoxdu. Ona görə də, Azərbaycanda Səhiyyə Nazirliyi öz yerində qalmalıdır və TƏBİB nazirliyə birləşdirilməlidir. Söhbət orda işləyən şəxslərdən, işçilərdən getmir, idarəçilikdən gedir. Fikir verin, Səhiyyə Nazirliyi bir, TƏBİB iki, onların yerlərdəki qurumları da üç və sair. Görün büdcəmiz nə qədər yerlərə parçalanır. Bu qədər nazirlik, komitə olar? Olmamalıdır. Bir qurum olmalıdır - Səhiyyə Nazirliyi. TƏBİB nədir, mən bilmirəm? Yenə də deyirəm, söhbət orda işləyənlərin şəxsiyyətindən getmir, quruluşdan gedir. Yaxud Qida Təhlükəsizliyi Agentliyi nə deməkdir? Qida təhlükəsizliyi qurumu da Səhiyyə Nazirliyinin tərkibində olmalıdır. Sanitar-Gigiyenik qurum nazirliyin tabeliyindədir. Həmin məsələləri o həll etməlidir. Ona görə də Səhiyyə Nazirliyi, TƏBİB, Qida Təhlkəsizliyi Agentliyi, o cümlədən də əlavə yaradılmış digər qurumlar birləşdirilməlidir. Bunun baş verəcəyi qənaətindəyəm. Əks halda büdcəmiz yüz yerə parçalanır. Obrazlı desək, bir məsələyə beş nazirlik baxır. Gözləntilərimiz odur ki, bunlar birləşər, yerlərdə də idarələrin lazımsız formada olması yığışdırılar. Necə ki, eşidirik, icra hakimiyyətləri ləğv olunacaq və yerlərində bələdiyyələr fəaliyyət göstərəcək. Bunlar hamısı işimizin xeyrinədir”-deyə A.Əliyev qeyd etdi.

İradə SARIYEVA

Seçilən
54
baki-xeber.com

1Mənbələr