AZ

Vaxtında atılmış və düşünülmüş addımlar gözəl nəticələrə gətirib çıxarır

Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, artıq Azərbaycanda bir neçə xarici tərəfdaşlarla birgə universitet fəaliyyət göstərir

Prezident kimi fəaliyyətə başladığı gündən “Neft kapitalını insan kapitalına çevirək!” çağırışını edən və bu istiqamətdə mühüm addımlar atan dövlətimizin başçısı İlham Əliyev hər zaman bildirir ki, hər bir ölkənin inkişafında təhsil, bilik, yeni texnologiyalar əsas yer tutur. Məhz informasiya-kommunikasiyaları (İKT) sektorunda əldə olunan uğurlara söykənərək, bu fikri böyük əminliklə qeyd edirik ki, Azərbaycan bu gün dünyada təkcə neft-qaz ehtiyatlarına malik ölkə deyil, həmçinin yüksək səviyyəli elmi potensiala malik və informasiya-kommunikasiya texnologiyalarının tətbiq olunduğu innovasiyalar ölkəsi kimi tanınır. Davamlı inkişaf təkmilləşməni, yeniləşməni, bir sözlə, millətin gələcəyi kimi dəyərləndirilən təhsilin dünya təhsil sisteminə inteqrasiyasını bir tələb kimi qarşıya qoyur.

Təhsilin inkişafı dövlətimizin siyasətində əsas istiqamətlərdən biridir. Dövlət büdcəsindən ayırmalara diqqət yetirsək görərik ki, müdafiə xərclərindən sonra ikinci yerdə təhsil xərcləri dayanır. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə təhsilə böyük diqqət göstərilib. Ulu Öndərin hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək atdığı addımlar sırasında Azərbaycan gənclərinin keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi dayanırdı. Həmin gənclər elmin sirlərini dərindən öyrənməklə yanaşı, həmin ölkələrdə Azərbaycanın təbliğatçıları idilər. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra da təhsil dövlət siyasətinin əsas tərkib hissəsi kimi diqqətdə oldu. “Təhsil millətin gələcəyidir” söyləyən Ümummilli Lider bu çağırışı edirdi ki, Azərbaycan gəncləri müasir dünyagörüşünə, biliyə, təhsilə malik gənclərdir. Onların milli ruhda böyüməsi qarşıya qoyulan hədəflərdən biri idi.

2003-cü ildən Heydər Əliyev siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət atdığı davamlı addımlarda özünün aydın ifadəsini tapır. Xaricdə təhsil əsas diqqət göstərilən məsələdir. Ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində gənclərimizin dünyanın 32 ölkəsinin 350-dən çox ən nüfuzlu ali təhsil müəssisəsində təhsil almaları təmin edildi.

Bu fikir daim önə çəkilir ki, bir dövlətin gələcək inkişafını uğurlu təmin etməsində onun bilikli, savadlı, vətənpərvər gəncliyə sahib olması önəmli məsələdir. Dövlət başçısı İlham Əliyevin çıxışlarının, atdığı addımların, imzaladığı Fərman və sərəncamların mahiyyətində də məhz bu məsələ dayanır. Bunun üçün təkcə son bir ildə bu istiqamətdə atılan addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Dövlət başçısı İlham Əliyevin ötən il imzaladığı Sərəncam ilə «Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı»nın icra müddəti 2028-ci ilədək uzadıldı. Bu, nəzərdə tutulan müddət ərzində Azərbaycanın istedadlı gənclərinin xarici ölkələrin nüfuzlu universitetlərində təhsil almalarına şərait yaratmış olur. Cənab İlham Əliyevin imzaladığı Sərəncama uyğun olaraq Dövlət Proqramında növbəti dəyişiklik say ilə əlaqədardır. Belə ki, əgər indiyə qədər Dövlət Proqramı çərçivəsində 400 nəfərədək gəncin təhsili nəzərdə tutulurdusa, bu say 100 nəfər də artırıldı. Bundan sonra 500 nəfər Azərbaycan gənci xarici ölkələrin nüfuzlu universitetlərində ali təhsilin bütün səviyyələrində təhsil alacaqlar. Xaricdə təhsil üzrə Dövlət Proqramında edilən dəyişikliyə əsasən, bu proqram ali təhsilin doktorantura səviyyəsini də əhatə edir. Atılan bu mühüm addım belə əsaslandırılır ki, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” il ərzində təqribən 100 nəfər gəncin doktorantura təhsilini də maliyyələşdirirdi. Lakin artıq regionların sosial-iqtisadi inkişafına dair dördünsü Dövlət Proqramının icrası başa çatıb. Lakin sosial sifarişlər davam edir. Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramında dəyişikliyə əsasən, bu ildən gənclərin xaricdə doktorantura təhsili də maliyyələşdirilir.

Azərbaycan hər zaman dünyada yenilikçi, innovasiyalar ölkəsi kimi tanınır. Bu uğurumuzu şərtləndirən əsas amil, təbii ki, islahatların qaçılmazlığı və onların zamanın tələblərinə uyğun təkmilləşdirilməsidir. Hazırda ölkəmiz inkişafın yeni mərhələsini yaşayr. Torpaqlarımızın işğaldan azad edilməsi və bərpa-quruculuq işləri ilə bağlı görüləcək işlər yeni Dövlət proqramlarının qəbulunu, həmin sənədlərdə müasir dövrün tələblərini özündə əks etdirən müddəaların yer almasını bir zərurət kimi qarşıya qoydu. «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasının davamı olaraq «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» təsdiqləndi. Gələcəyə nikbinliklə baxmağa əsas verən əsas amil bugünkü uğurlarımızdır. Dövlətimizin başçısı İlham Əliyevin çağırışlarında bu mühüm məqam da yer alır ki, kadr hazırlığı ölkənin iqtisadi inkişafına uyğun olmalıdır. Təbii ki, bu hədəf təhsilin, elmin və iqtisadiyyatın vəhdətinin yaradılmasını stimullaşdırır. “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın təsdiqlənməsi haqqında Sərəncam ali təhsil sisteminin rəqabətliliyinin artırılmasını, beynəlxalq əlaqələrin inkişafını, dünya təhsil sisteminə inteqrasiyanın sürətləndirilməsini bir tələb kimi ortaya qoydu.

Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlər ölkəmizin bu və ya digər sahələrdə malik olduğu imkanların, elmi əsaslara söykənən iqtisadiyyatımızın uğurlarının, ən əsası idarəçilik sistemində təcrübənin, təhsilin, elmin nailiyyətlərinin təqdimatında əhəmiyyətli rol oynayır. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, həyat yerində durmur, qarşıya yeni vəzifələr qoyulur, yeni çağırışlar qarşımızda durur. Azərbaycanda təcrübə ilə gənclərin dinamizmi arasında vəhdət yaradılmalıdır. Bu çağırışlar idarəçilik sistemində təkmilləşmələrə geniş yol açır ki, bu da özlüyündə ölkənin dayanıqlı inkişafını, yüksək ixtisaslı kadrların yetişdirilməsini şərtləndirir. Dövlət başçısı İlham Əliyevin hər çıxışında idarəetmə sahəsində təkmilləşmənin priortetliyi xüsusi olaraq önə çəkilir.

Müasir dövrün tələblərinə əsaslanan layihələrin hər biri kadr potensialının önəmini də aktuallaşdırır. Kadr islahatlarının aparılması, yüksək ixtisaslı kadrların yetişdirilməsi istiqamətində dövlətin atdığı addımlar davamlılığı ilə diqqət çəkir. Bu baxımdan Milli Prioritetlərdə əksini tapan əsas hədəflərə və onların icra mexanizmlərinə diqqət yetirək. Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair aşağıdakı beş Milli Prioritet reallaşdırılmalıdır: dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış və təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.

Hər bir hədəf, prioritet yeni texnologiyaların tətbiqini bir zərurət kimi ortaya qoyur. «Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı» prioriteti özündə bu çağırışları ehtiva edir ki, perspektiv həyat dərin rəqəmsallaşma, yeni texnologiyaların aktiv tətbiqi və insan iştirakı olmadan ən müasir sahələrin sürətli inkişafı ilə səciyyəvi olacaq. Gələcək illərdə dünyada artan rəqabətə hazır olmaq üçün hər bir ölkənin prioriteti yüksək rəqabətli insan kapitalını formalaşdırmaqdır. Bunun üçün müasir təhsil, innovasiyaları təşviq edən münbit şərait və insanların sağlamlığı əsas şərtdir. Bu prioritetin uğurla reallaşdırılması üçün aşağıdakı üç məqsədə nail olunmalıdır: XXI əsrin tələblərinə uyğun təhsil; yaradıcı və innovativ cəmiyyət; vətəndaşların sağlam həyat tərzi. Bu mühüm məqam da xüsusi qeyd edilir ki, məhz təhsil vasitəsilə insan kapitalının milli sərvətdə iştirak payı davamlı şəkildə artırılmalıdır. Cəmiyyətin inkişafının təminatçısı olan ümumi təhsilin gücləndirilməsi üçün təhsil sistemində gedən modernləşmə davam etdirilməli, məzmun islahatları dərinləşməli, inteqrativ tədris təcrübəsi inkişaf etdirilməlidir.

«Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı» da özündə əsas çağırışları ehtiva edir. Əsas məqsəd gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla, Azərbaycanın dayanıqlı inkişafını təmin edəcək və qlobal çağırışlara cavab verəcək yeni texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli və yüksəkixtisaslı peşəkar kadrların hazırlanmasını təmin etməkdir. Dövlət Proqramının əsas istiqamətləri bunlardır: prioritet istiqamətlər üzrə ixtisas sahələrinin müəyyən edilməsi; prioritet ixtisas sahələri və nüfuzlu xarici ali təhsil müəssisələri üzrə təhsil proqramlarının müəyyən edilməsi; Dövlət Proqramında iştirakın seçim meyarlarının və prosedurlarının müəyyən edilməsi; xaricdə təhsilin maliyyələşdirilməsi ilə bağlı qaydaların müəyyən edilməsi; Dövlət Proqramı məzunlarının məşğulluğunun təmin edilməsi imkanlarının yaradılması.

Bu ilin iyulunda Prezident İlham Əliyev “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzaladı. Sərəncamda da qeyd edildiyi kimi, beynəlxalq ikili diplom proqramlarının tətbiqinin əsas hədəfləri qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq yeni nəsil mütəxəssislər yetişdirmək, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərini müasirləşdirmək, transmilli təhsil modelinin Azərbaycan Respublikasında tətbiqi yolu ilə uğurlu nəticələr əldə etməkdir.

İnkişaf etmiş təhsil sisteminə malik ölkələrlə ikili diplom proqramlarının dəstəklənməsi, xüsusilə beynəlxalq reytinqlərdə yüksək mövqe tutan xarici ali təhsil müəssisələri ilə ikili diplom proqramlarının sayının artırılması Azərbaycan Respublikasının vətəndaşı olan istedadlı, yüksək intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri ilə seçilən perspektivli gənclərin beynəlxalq təcrübə əldə etmələrinə imkan və ikili diplom proqramları çərçivəsində birgə elmi fəaliyyətin genişlənməsinə zəmin yaradacaq. Ali təhsildə beynəlxalq ikili diplom proqramlarının əhatə dairəsinin genişləndirilməsi məqsədilə imzalanan sözügedən Sərəncamın birinci bəndində qeyd edilir ki, ali təhsil sahəsində tətbiq edilən beynəlxalq ikili diplom proqramlarının sayı Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq 8-ə çatdırılsın və onların icrası 2030-cu ilədək təmin edilsin.

Bu statistik rəqəm də Azərbaycan təhsilinin beynəlxalq səviyyədə təqdir edildiyinin göstəricisidir. Belə ki, 2024-2025-ci tədris ili üzrə Azərbaycanda 105 ölkədən 11 min tələbə təhsil alır. Siyahıda ilk onluqda 4338-i Türkiyə, 1213-ü Pakistan, 1103-ü İran, 1044-ü Gürcüstan, 1002-si Rusiya, 417-si Hindistan, 219-u Suriya, 152-si Nigeriya, 122-si Çin, 112-si Qazaxıstandan gələn tələbələrdir.

Artıq Azərbaycanda bir neçə xarici tərəfdaşlarla birgə universitet fəaliyyət göstərir. Bu sırada Türkiyə-Azərbaycan Universitetini qeyd etmək istərdik. İki ölkə arasında qardaşlıq münasibətləri digər sahələr kimi, təhsildə də özünü nümayiş etdirir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Türkiyə-Azərbaycan Universitetinin yaradılması, sadəcə olaraq, təhsil məsələsi deyil. Bu, bizim birliyimizin növbəti rəmzidir. Əminəm ki, yaxın gələcəkdə bu universitet nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcək.

Bu günlərdə İtaliya Prezidenti Sercio Mattarellanın ölkəmizə rəsmi səfəri çərçivəsində isə İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı oldu. Bu layihənin icrası ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığın yüksək səviyyəsinin göstəricisi olmaqla səmimi münasibətlərimizdən xəbər verir. Bu, həmçinin İtaliya təcrübəsindən istifadə etməklə Azərbaycan təhsilinin inkişafına töhfədir. İtaliya-Azərbaycan Universitetinin yaradılması təşəbbüsü 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən İtaliyaya dövlət səfəri zamanı irəli sürülüb. Layihəni həyata keçirmək üçün ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi - Luiss Guido Carli Universiteti, Sapienza Universiteti, Turin Politexnik Universiteti, Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında 2022-ci ildə akademik əməkdaşlıq sazişləri imzalanıb. Bu əməkdaşlıq İtaliyada kiçik və orta sahibkarlığın, yaradıcı sahələrin, sənətkarlığın və texnoloji inkişafın dəstəklənməsi təcrübəsini təhsil və tədqiqat vasitəsilə Azərbaycana gətirir, iqtisadiyyatımızın strateji sahələri, xüsusilə də mühəndislik, kənd təsərrüfatı və qida sənayesi, memarlıq və dizayn üçün gələcək kadrları yetişdirmək məsələsində mühüm rol oynayır.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və İtaliya Prezidenti Sercio Mattarella tədris binalarında yaradılan şəraitlə tanış olduqdan sonra ölkəmizdə səfərdə olan İtaliya universitetlərinin rəhbərləri, İtaliya-Azərbaycan Universitetinin professorları və tələbələri ilə görüşdülər. Dövlətimizin başçısı görüşdə çıxış edərək vurğuladı ki, artıq Azərbaycanda bir neçə xarici tərəfdaşlarla birgə universitet fəaliyyət göstərir. Növbəti universitet İtaliya-Azərbaycan Universitetidir. Bu universitet İtaliyanın beş aparıcı universiteti və ADA Universiteti ilə birlikdə qurulmuşdur. Əlbəttə, İtaliya-Azərbaycan strateji tərəfdaşlıq əlaqələrini nəzərə alaraq, biz əminik və ümid edirik ki, bu, Azərbaycanın aparıcı təhsil ocaqlarından birinə çevriləcəkdir. Cənab İlham Əliyev belə bir əminliyi də ifadə etdi ki, təhsil sahəsində də İtaliya bizim üçün bir nömrəli tərəfdaş olacaq. Hər halda burada gördüklərimiz və artıq fəaliyyətə başlamış universitetin uğurları bunu deməyə əsas verir. Artıq yüzlərlə tələbə oxuyur. Biz bu gün burada rəhbər heyətlə də tanış olduq. Burada beynəlmiləl müəllim heyəti çalışır, həm İtaliyadan, həm Azərbaycandan. Xarici tələbələr də var və bu, çox gözəl bir ovqat yaradır. Əminəm ki, burada oxuyan və məzun olacaq tələbələr gələcəkdə İtaliya-Azərbaycan dostluğunun elçiləri olacaqlar. Hər halda burada oxuyan Azərbaycan tələbələrinin gələcəyi İtaliya ilə bağlı olacaq. Onlar İtaliyanı, onun mədəniyyətini, onun inkişafını, onun uğurlarını daha yaxından tanıyacaqlar. Burada bir çox məqsədlər təmin ediləcək. İlk növbədə, Azərbaycan iqtisadiyyatı üçün gələcəkdə güclü kadr potensialı yaradılacaq. Bizim təhsil sahəsinin təkmilləşməsi məsələləri öz həllini tapacaq. Biz ən müasir və mütərəqqi təhsil sisteminə qoşulacağıq və eyni zamanda, Avropa İttifaqının aparıcı ölkələrindən biri olan İtaliya ilə dostluq əlaqələrimiz daha da güclənəcək. Bütün bu amilləri nəzərə alaraq bir daha görürük ki, vaxtında atılmış və düşünülmüş addımlar gözəl nəticələrə gətirib çıxarır.

Qısa təhlil uğurlarımızın davamlılığının təsdiqidir. Buna əsas verən ölkəmizin hərtərəfli inkişafının təmin edilməsi üçün kompleks tədbirlərin həyata keçirilməsidir. Azərbaycan qazandığı uğurlarla kifayətlənmir, daim irəli baxır. Dövlətimizin başçısı İlham Əliyev daim bu hədəfi qarşıya qoyur ki, hər dövrün öz tələbləri var. Əvvəlki dövrlərdə əldə edilmiş bütün uğurları biz kənara qoymalıyıq. Bəli, bu, bizim üçün fundament yaratdı, baza yaratdı, imkan yaratdı ki, biz əsas məqsədimizə çataq. Ancaq əgər biz oturub bütün günü o dövr haqqında danışsaq, gələcək haqqında düşünməsək, onda nə olacaq. Biz gələcək haqqında düşünməliyik. Biz zamanı qabaqlamalıyıq.

Yeganə Əliyeva, “İki sahil”

Seçilən
35
ikisahil.az

1Mənbələr