AZ

Tarixi Zəfərimiz Azərbaycanın regional siyasi xəritədə mövqeyini dəyişdi

Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının XII Zirvə Görüşü “Regional sülh və təhlükəsizlik” mövzusu ilə Türk dünyasının siyasi, iqtisadi və mədəni inteqrasiyasının yeni mərhələsinə təkan verən mühüm tarixi hadisə kimi dəyərləndirilir. Zirvənin gündəliyində yer alan məsələlər təkcə qarşılıqlı əməkdaşlığın dərinləşməsi baxımından deyil, həm də gələcəkdə ortaq siyasi, iqtisadi və təhlükəsizlik mexanizmlərinin formalaşması nöqteyi-nəzərindən böyük əhəmiyyət daşıyır. Bu mənada Zirvənin strateji mahiyyəti, qəbul ediləcək qərarların Türk dünyasının gələcək siyasi xəritəsinə təsiri və regional güc balansındakı rolu xüsusilə diqqət çəkir.

Milli Məclisin deputatı Elçin Mirzəbəyli İki sahil.TV-yə müsahibəsində bildirdi ki, Qəbələ Zirvəsi Türk dünyasının birliyinin yeni mərhələsini formalaşdırmaqla yanaşı, qlobal və regional proseslərdə vahid mövqeyinin möhkəmlənməsinə xidmət edəcək.

-Elçin müəllim, bu gün region üçün sülh və təhlükəsizlik nə deməkdir?

-Zirvənin əsas mövzusu “Regional Sülh və Təhlükəsizlik”  həm aktual, həm də strateji xarakter daşıyır. Bu mövzu təkcə regionun sabitliyinə deyil, həm də Türk dünyasının gələcək inkişaf modelinə təsir edən əsas istiqamətlərdən biridir. Bu gün region üçün sülh və təhlükəsizlik anlayışı təkcə hərbi qarşıdurmaların olmaması ilə məhdudlaşmır. Müasir şəraitdə bu anlayış daha geniş mənaya malikdir və siyasi sabitlik, iqtisadi inkişaf, enerji və nəqliyyat təhlükəsizliyi, eyni zamanda, informasiya və humanitar müstəvidə qarşılıqlı etimadın gücləndirilməsini də özündə birləşdirir. Türk Dövlətləri Təşkilatının bu Zirvəsi məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Qəbələdə aparılan müzakirələr regional əməkdaşlığın yeni mexanizmlərini formalaşdırmaqla yanaşı, Türk dünyasının vahid təhlükəsizlik konsepsiyasının yaranmasına da zəmin yaradır. Sülh və təhlükəsizlik hər bir dövlətin inkişafı üçün əsas şərtdir. Türk dövlətləri bu prinsipə sadiq qalaraq, regionda sabitlik və qarşılıqlı etimad mühitinin möhkəmləndirilməsində birgə məsuliyyət daşıyır. Bu, həm ortaq tarixi köklərdən, həm də müasir dövrün çağırışlarından irəli gələn strateji zərurətdir.

-Bu Zirvə Görüşü  Türk Dövlətləri Təşkilatının artıq mədəni və iqtisadi əməkdaşlıq çərçivəsindən çıxaraq real siyasi güc mərkəzinə çevrildiyini göstərirmi?

-Hazırda beynəlxalq münasibətlər sistemində baş verən proseslər göstərir ki, dünyanın ən böyük ehtiyac duyduğu sülh və təhlükəsizlik məsələsidir. Bu, beynəlxalq münasibətlər sistemində müşahidə olunan mürəkkəb kataklizmlərlə bağlıdır. Köhnə nizam dağılır, dünyada güc balansı dəyişir, XXI əsrin yeni dünya düzəni formalaşır və bu düzənin yeni güc mərkəzləri müəyyən edilir. Qürurverici haldır ki, Türk Dövlətləri Təşkilatı bu qədər mürəkkəb və məsuliyyətli tarixi proseslər fonunda öz mövqeyini və rolunu dəqiq şəkildə müəyyənləşdirir, beynəlxalq təhlükəsizliyin təmin olunmasında real gücə malik bir təşkilat kimi yeni mərhələyə qədəm qoyur. Tam əsasla demək olar ki, Türk Dövlətləri Təşkilatı bu gün təkcə mədəni və iqtisadi əməkdaşlıq platforması deyil, həm də regional və qlobal miqyasda siyasi təsir gücünə malik bir birlik kimi formalaşır. Son illərdə TDT çərçivəsində qəbul edilən qərarlar, həyata keçirilən layihələr və üzv dövlətlər arasında artan siyasi koordinasiya bunun bariz nümunəsidir. Bu Zirvə xüsusilə də “Regional Sülh və Təhlükəsizlik” mövzusu ilə təşkilatın gündəliyində artıq strateji və geosiyasi məsələlərin ön plana çıxdığını nümayiş etdirir. Türk dövlətləri ortaq maraqlar əsasında vahid mövqedən çıxış etməklə regionda balans yaradan, sabitliyi qoruyan və beynəlxalq münasibətlərdə yeni güc mərkəzi kimi tanınan bir platforma formalaşdırır. Əslində bu proses Türk dünyasının tarixi birliyinin müasir dövrdə siyasi və iqtisadi reallığa çevrilməsi deməkdir.

-Hazırda Yaxın Şərqdə vəziyyət son dərəcə gərgin və mürəkkəbdir. Bu bölgədə qlobal güclərin maraqları toqquşduğu bir şəraitdə türk dövlətlərinin birgə və vahid mövqedən çıxış etməsi hansı siyasi və strateji nəticələrə səbəb ola bilər?

-Yaxın Şərqdə baş verən hadisələr təkcə regional deyil, həm də qlobal təhlükəsizlik sisteminə birbaşa təsir göstərir. Bu məkan uzun illərdir müxtəlif maraqların toqquşduğu, güc siyasətinin sərt şəkildə özünü göstərdiyi bir coğrafiyadır. Belə bir şəraitdə türk dövlətlərinin vahid mövqedən çıxış etməsi həm siyasi, həm də mənəvi baxımdan böyük əhəmiyyət daşıyır. Türk dövlətlərinin ortaq mövqeyi ilk növbədə, regionda sabitliyin bərpasına, dialoqun təşviqinə və münaqişələrin qarşısının alınmasına xidmət edə bilər. Bu,  həm də Türk dünyasının qlobal proseslərdə artan rolunu nümayiş etdirir. Türk dövlətlərinin səyləri nəticəsində Yaxın Şərqdə yaranacaq balans daha ədalətli və dayanıqlı təhlükəsizlik modelinin formalaşmasına təkan verə bilər. Ən əsası isə  türk dövlətlərinin bu istiqamətdə atdığı addımlar, bölgədə qarşıdurma deyil, əməkdaşlıq və qarşılıqlı etimad prinsiplərinə əsaslanan yeni münasibətlər sisteminin yaranmasına zəmin yaradır. Bu,  həm regionun gələcəyi, həm də beynəlxalq sülh üçün strateji önəm daşıyan bir prosesdir.

-Türk birliyinin siyasi və iqtisadi güclənməsi bəzi regional və qlobal güclərin maraqları ilə toqquşa bilər. Bu şəraitdə təşkilat üzvləri hansı diplomatik balansı qorumalıdır?

-TDT üzvləri bu gün mürəkkəb beynəlxalq reallıqlar fonunda çox incə diplomatik balansı qorumaq məcburiyyətindədirlər. Təşkilatın üzvləri üçün əsas məqsəd hansısa güc mərkəzi ilə rəqabət aparmaq deyil, dünyada ədalətli və çoxtərəfli əməkdaşlıq modelini təşviq etməkdir. Bu,  həm beynəlxalq hüquqa, həm də Türk dünyasının tarixi dəyərlərinə uyğun bir yanaşmadır. Türk dövlətləri balanslaşdırılmış siyasət aparmaqla həm regional sabitliyin qorunmasına, həm də qlobal səviyyədə etibarlı tərəfdaş imicinin möhkəmlənməsinə nail olurlar. Məhz bu balans, yəni milli maraqların qorunması ilə beynəlxalq əməkdaşlığın uzlaşdırılması  Türk Dövlətləri Təşkilatının uzunmüddətli gücünün və nüfuzunun əsasını təşkil edir.

-Regional sülh və təhlükəsizliyin təmininə Türk Dövlətləri Təşkilatı hansı real töhfələri verə bilər?

-Bu sual Qəbələdə keçirilən Zirvənin əsas məzmununu təşkil edirdi. Cavabı isə üç əsas istiqamətdə axtarmaq mümkündür. Təhlükəsizlik əməkdaşlığı, enerji-nəqliyyat dəhlizləri və diplomatik vasitəçilik.

İlk növbədə, təhlükəsizlik əməkdaşlığı sahəsində TDT-nin üzv dövlətləri arasında müdafiə, informasiya mübadiləsi və sərhəd təhlükəsizliyi istiqamətində koordinasiyanın gücləndirilməsi regionda sabitliyin qorunmasına ciddi töhfə verə bilər. Bu əməkdaşlıq terrorizm, transmilli cinayətkarlıq və kibertəhlükələr kimi çağırışlarla birgə mübarizəni daha səmərəli edir. İkinci istiqamət , enerji və nəqliyyat dəhlizləri həm iqtisadi sabitlik, həm də geosiyasi dayanıqlıq baxımından strateji əhəmiyyət daşıyır. Zəngəzur dəhlizi, Orta Dəhliz və digər inteqrasiya layihələri türk dövlətlərini birləşdirən, Avrasiya məkanında yeni enerji və logistika xəritəsi yaradan mühüm təşəbbüslərdir. Bu layihələr təkcə iqtisadi inteqrasiyanı deyil, həm də regional təhlükəsizliyi möhkəmləndirir. Üçüncü istiqamət isə diplomatik vasitəçilikdir. Türk Dövlətləri Təşkilatı bu gün etimad qazanan, dialoqa açıq platforma kimi regionda münaqişələrin həllinə və gərginliklərin azaldılmasına mühüm töhfə verə bilər. Üzv dövlətlərin tarixi, mədəni və mənəvi yaxınlığı, eləcə də balanslaşdırılmış xarici siyasət xətti TDT-ni sülh təşəbbüsləri üçün unikal vasitəçi platformaya çevirir. Göründüyü kimi, TDT-nin fəaliyyəti yalnız iqtisadi və mədəni əməkdaşlıqla məhdudlaşmır.  O artıq regional sabitliyin, qarşılıqlı etimadın və təhlükəsizliyin təminində real güc mərkəzi kimi formalaşmaqdadır.

-Elçin müəllim, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın regional və beynəlxalq mövqeyi necə dəyişib və bu dəyişiklik Türk Dövlətləri Təşkilatı çərçivəsində Bakının roluna hansı təsiri göstərir?

-İkinci Qarabağ müharibəsində əldə olunan qələbə Azərbaycanın regional siyasi xəritədə mövqeyini dəyişdi. Artıq Bakı sadəcə enerji və nəqliyyat layihələrinin mərkəzi deyil, həm də hərbi-siyasi reallıqları dəyişdirən aktor kimi qəbul olunur. Azərbaycanın ev sahibi kimi Zirvədə verdiyi mesajlar təşkilatın gələcək kursuna birbaşa təsir edəcək. Çünki Bakı həm Cənubi Qafqazda sabitlik, həm də Mərkəzi Asiyaya açılan qapı rolunu oynayır. Bütün bunlar ölkəni TDT daxilində “strateji körpü” mövqeyinə gətirir. Çünki bir tərəfdə Türkiyə ilə strateji müttəfiqlik, digər tərəfdə Rusiya və İranla həssas münasibətlər balans tələb edir. Azərbaycanın təşəbbüskarlığı bu nöqtədə iki səviyyədə özünü göstərir. Regional səviyyədə Cənubi Qafqazda sülh prosesinə dəstək vermək, yeni kommunikasiya xətlərini təşviq etmək, təşkilati səviyyədə isə TDT-nin institusional güclənməsinə təkan vermək, təşkilatın beynəlxalq nüfuzunu artırmaq. Azərbaycan bu gün öz milli maraqları ilə Türk Dövlətləri Təşkilatının ümumi məqsədləri arasında tarazlığı qorumağa çalışır. Əgər bu balans düzgün və ardıcıl şəkildə qurularsa, Bakı həm təşkilat daxilində liderliyini möhkəmləndirə, həm də regional sabitliyin təminində etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirə bilər. Sonda onu da qeyd etmək lazımdır ki, gələcəyə baxış Türk Dövlətləri Təşkilatının qarşısında həm imkanlar, həm də çağırışlar yaradır. İnteqrasiyanın dərinləşməsi, xarici güclərin təsirinə qarşı müstəqil siyasi kursun qorunması və təşkilatın institusional inkişafı gələcəkdə onun real gücünü və beynəlxalq nüfuzunu müəyyən edəcək əsas amillər olacaq.

-Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Zəngəzur dəhlizinin inkişafına dəstək verməsi hansı geosiyasi və iqtisadi əhəmiyyət kəsb edir?

- Zəngəzur dəhlizi Türk dünyasının geoiqtisadi inteqrasiyasının əsas həlqələrindən biri kimi çıxış edir. Bu dəhlizin funksional hala gətirilməsi təkcə region ölkələri arasında nəqliyyat əlaqələrini genişləndirmir, həm də Avropa ilə Asiya arasında yeni ticarət və logistika marşrutlarının formalaşmasına şərait yaradır. TDT-yə üzv ölkələrin bu layihəyə birgə dəstəyi onların ortaq iqtisadi maraqlara və vahid strateji vizyona əsaslanan əməkdaşlıq modelinə sadiqliyini göstərir. TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün Qəbələ Bəyannaməsi də bu istiqamətdə mühüm mesajlar verir. Sənəddə üzv dövlətlərin Bakı-Tbilisi-Qars dəmir yolundan maksimum potensialla istifadə etmək, həmçinin Trans-Xəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi və Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun inkişafına xüsusi önəm verdikləri vurğulanır. Bu layihələr türk dövlətlərini bir-birinə daha sıx bağlamaqla yanaşı, regionun iqtisadi dinamikasını gücləndirir, ticarət marşrutlarını şaxələndirir və Avrasiya məkanında yeni strateji əlaqə xəritəsi formalaşdırır. Göründüyü kimi, Zəngəzur dəhlizi təkcə nəqliyyat layihəsi deyil, həm də Türk dünyasının siyasi və iqtisadi həmrəyliyinin real rəmzidir.

Şəmsiyyə Əliqızı, “İki sahil”

Seçilən
5
ikisahil.az

1Mənbələr