Keçmiş UFC idmançısı Suman Moxtarian Avstraliyanın Sidney şəhərində axşam gəzintisi zamanı 33 yaşında güllələnərək öldürülüb.

Offsideplus.az xəbər verir ki, hadisə çərşənbə günü baş verib. Yerli mediada yayılan məlumata görə, hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları Moxtarianın həyatını xilas edə bilməyiblər.

Polisin açıqlamasına əsasən, hadisə Sidneynin qərbində, Annaluke küçəsində qeydə alınıb. Hüquq-mühafizə orqanları ərazidə cinayət işi açıb və hadisənin təfərrüatlarını araşdırır.

Hadisədən qısa müddət sonra yaxınlıqdakı Riverstone Road ərazisində yandırılmış avtomobil tapılıb. Polis bu iki hadisə arasında əlaqə ola biləcəyini istisna etmir.

Moxtarian 2018-ci ildə “The Ultimate Fighter” yarışmasında çıxış edərək UFC ilə müqavilə imzalamışdı. O, 2018 və 2019-cu illərdə iki dəfə UFC-də döyüşmüş, lakin hər iki görüşdə məğlub olmuşdu.

Son illərdə MMA karyerasını davam etdirməsə də, idmanla məşğul olmağa və gənc döyüşçüləri məşq etdirməyə davam edirdi.

Komanda yoldaşları sosial mediada Moxtarianı xatırlayaraq ona həsr olunmuş paylaşımlar ediblər.