AZ

Almaniyada bələdiyyə sədrinə bıçaqlı hücumla bağlı bəzi təfərrüatlar orta çıxıb

Berlin, 8 oktyabr, AZƏRTAC

Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətindəki Herdeke şəhərinin yeni seçilmiş bələdiyyə sədri İris Ştaltserin bıçaqlanması ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.

AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, polis bıçaqlı hücuma görə bələdiyyə sədrinin övladlığa götürdüyü 17 yaşlı qızını şübhəli şəxs kimi araşdırır. Belə ki, evdə axtarış aparılan zaman üzərində qan izləri olan iki bıçaq və geyimlər tapılıb. Əvvəlcə bu əşyaların qadının övladlığa götürdüyü 15 yaşlı oğluna məxsus olduğu zənn edilsə də, sonradan geyimlərin onun 17 yaşlı qızına aid olduğu müəyyənləşdirilib. İstintaqçılar, həmçinin təcili yardım çağırılmazdan əvvəl evdəki qan izlərinin bir hissəsinin silinməsinə cəhd göstərildiyini müəyyən ediblər.

Məlumata görə, ana ilə qız arasında ötən yay da zorakılıqla müşayiət olunan mübahisə yaşanıb. Prokurorluq hadisəni qəsdən adamöldürməyə cəhd yox, təhlükəli bədən xəsarəti yetirmə cəhdi kimi araşdırır. Buna görə də hər iki yeniyetmə barəsində həbs qətimkan tədbiri seçilməyib. Onların polis nəzarətindən azad edilərək Gənclər Xidmətinə təhvil verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, hücum zamanı 13 bıçaq zərbəsi, eləcə də küt alətlə zərbələr alan İ.Ştaltserin həyati təhlükəsinin olmadığı bildirilir.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
75
azertag.az

1Mənbələr