AZ

Kimdir Putin: Davakar liderin müxalifətsiz hakimiyyəti

Vüsal Həmzəyev,BBC News Azərbaycanca

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Vladimir Putin hələ lap gənc yaşlarında cüdo ilə məşğul olmağa başlayıb.

O, 1952-ci ildə Leninqradda, indiki Sankt-Peterburq şəhərində doğulub.

"50 il bundan əvvəl Leninqrad küçələri mənə belə bir dərs keçdi: əgər davadan yayınmaq mümkün deyilsə, ilk yumruğu sən at", Putin 2015-ci ildə verdiyi müsahibəsində belə deyib.

Daha sonralar Putinin bu davakar ruhu siyasi karyerası boyu özünü göstərəcəkdi.

O, 2000-ci ildən bəri Rusiyanın Prezidentidir.

Stalindən üzü bəri Kreml rəhbərləri arasında hakimiyyətdə ondan daha çox qalanı yoxdur.

Bu gedişlər Putin Stalini də ötüb keçə bilər.

Vladimir Putin 1975-ci ildə Leninqrad Dövlət Universitetindən hüquqşünas kimi məzun olub. Daha sonra isə doktorluq dərəcəsi alıb.

1985-ci ildən ta 90-cı ilə qədər Putin KQB-nin işçisi olub, Şərqi Almaniyada.

O, 80-ci illərin sonu Almaniyada kommunist hakimiyyətinin dağılmasını öz gözləri ilə görüb.

90-cı illərdə isə Putin Sankt-Peterburqun yeni meri Anatoli Sobçakın müavini olub.

Bir neçə illər sonra isə o, bütöv bir ölkənin – Rusiya Federasiyasının Prezidenti olacaqdı.

Boris Yeltsin hakimiyyətinin zəifləməsi Putinin yüksəlişinə yol açır.

1999-cu ildə o, ölkəsinin Baş naziri təyin edilir. 2000-ci ildə isə Putin Prezident seçilir.

Prezident Putinin Azərbaycanla münasibətləri enişli-yoxuşlu olub.

Putin Azərbaycanda rus dilinə olan münasibətə görə həmkarı İlham Əliyevə dəfələrlə öz minnətdarlığını bildirib.

O, 2020-ci ildə Azərbaycanla Ermənistan arasında 44 gün davam etmiş müharibədən sonra, bu iki ölkə arasında sülh danışıqlarına vasitəçilik edib.

Ancaq 2024-cü ildə Azərbaycan Hava Yollarına məxsus təyyarənin Rusiyada vurulması Putinlə Əliyev arasında münasibətlərin soyumasına gətirib çıxardı.

Bundan sonra onlar bir dəfə Çində üz-üzə gəlsələr də, bir-birləri ilə quruca salamlaşmadan o tərəfə keçmədilər.

Vladimir Putin hakimiyyətə gələndən bəri Rusiyada müxalifəti susdurmağı və mediaya nəzarəti ələ kəçirməyi bacarıb.

Ancaq Putinin ən böyük mirası yəqin ki, Ukrayna ilə müharibə olacaq.

O, 2022-ci ilin fevralında Ukraynanın işğalına sərəncam verməklə, İkinci Dünya müharibəsindən sonra Avropanın ən böyük savaşını başlatmış oldu.

İndi Putinin 73 yaşı tamam olur. Onun iki qızı var: Mariya və Katerina.

Beşinci prezidentlik müddətini yaşayan Putinin hakimiyyətinə qarşı ölkədə demək olar ki, heç bir qüvvə qalmayıb.

O istəsə, lap elə ömrünün axırınadək hakimiyyətdə qala bilər.

Videoya YouTube kanalımızda baxın.

Seçilən
82
bbc.com

1Mənbələr