"Regionlarda vətəndaşların yerli problemlərin həllində daha aktiv iştirakını təmin etmək üçün böyük maliyyə vəsaitlərindən çox, düzgün təşəbbüs və əməkdaşlıq ruhu lazımdır".
Bunu Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu QHT.az-a açıqlamasında bildirib. QHT sədri qeyd edib ki, təşkilat illərdir bu istiqamətdə müxtəlif layihələr həyata keçirir və xüsusilə qadınların yerli icmalarda fəal iştirakına şərait yaradır:
“Biz bələdiyyələrlə, xüsusilə də qadınların daha çox təmsil olunduğu bələdiyyələrlə birgə bir sıra təşəbbüslər həyata keçirmişik. Məsələn, bir kənddə məktəb və bağçaya su xətti yox idi. Biz trubaları aldıq, sakinlərlə birlikdə su xəttini çəkdik. Bu, həm kənd üçün mühüm addım oldu, həm də icma həmrəyliyinin gözəl nümunəsinə çevrildi. Bu təşəbbüslər sonradan bir çox bələdiyyələrdə yeni fəaliyyət formalarının yaranmasına təkan verib. Bələdiyyələrə təlimlər keçdik ki, yerli icmaları ictimai işlərə necə cəlb etmək olar. Masallıda bir kənddə çay sahəsi zibillə dolu idi. Biz sakinlərlə birgə ərazini təmizlədik, bələdiyyə ilə birlikdə lövhə qoyduq: ‘Kim bu əraziyə zibil atsa, cərimələnəcək.’ Kəndin müxtəlif yerlərinə zibil qutuları yerləşdirdik. Bu, həm təmizlik, həm də ictimai məsuliyyət baxımından uğurlu model oldu.”
Onun sözlərinə görə, bu kimi təşəbbüslər nəticəsində regionlarda qadınların liderlik rolu da artıb:
“Bir çox rayonlarda qadınlar artıq bələdiyyə sədri seçilib və onlar da bu modeldən istifadə edirlər. Bəzi bələdiyyələrdə ‘qadın otaqları’ yaradılıb — qadınlar orada şirniyyat bişirib satmaqla həm məşğulluq qazanır, həm də sosial fəallıqlarını artırırlar. Təşkilatın məqsədi sadəcə maarifləndirmə aparmaq deyil, vətəndaşları prosesin bir hissəsinə çevirməkdir. Biz seminar keçirməklə kifayətlənmirik, insanları ictimai fəaliyyətə cəlb edirik. Bu, vətəndaş iştirakçılığını təmin etməyin ən təsirli yoludur.”
Pərvanə Fərhadqızı