Nigeriyanın naziri saxta diplom qalmaqalından sonra istefa verib
Ajans.az xəbər verir ki,bu barədə BBC News məlumat yayıb. İstefa, “Premium Times” qəzetinin apardığı araşdırma nəticəsində Nnaji-nin 2023-cü ildə nazir təyin olunarkən prezident Bola Tinubuya saxta sertifikatlar təqdim etməsi ilə bağlı iddiaların gündəmə gəlməsindən sonra baş verib. Prezidentin sözçüsü Bayo Onanuqa, nazirin istefasını təsdiqləyərək bildirib ki, Nnaji öz bəyanatında “siyasi opponentləri tərəfindən şantaj hədəfinə çevrildiyini” qeyd edib. Uçe Nnaji iddiaları rədd edərək bildirib ki, o, Nigeriya, Nsukka Universitetinin (UNN) Mikrobiologiya və Biokimya ixtisası üzrə məzunudur. Lakin qəzetin iki illik araşdırması zamanı təqdim edilən sənədlərin həqiqiliyinə dair ciddi şübhələr üzə çıxıb. UNN universitetindən “Premium Times”a verilən açıqlamada, nazirin iddia etdiyi kimi 1985-ci ildə bakalavr dərəcəsi aldığına dair heç bir qeyd tapılmadığı bildirilib. Universitetin yüksək vəzifəli əməkdaşı qeyd edib ki, Nnaji 1981-ci ildə universitetə qəbul olunub, lakin təhsilini başa vurmayıb və diplom almayıb. Bundan əlavə, Nigeriyanın Milli Gənclik Xidməti Korpusu (NYSC) da Nnaji tərəfindən təqdim olunmuş 2023-cü ilin aprel ayına aid Milli Xidmət Sertifikatının orijinallığını təsdiqləyə bilmədiyini açıqlayıb. İddialar Nigeriyada ictimaiyyətin və sosial medianın ciddi reaksiyasına səbəb olub və bu hadisə ölkədə vəzifəli şəxslərin təhsil sənədlərinin yoxlanması ilə bağlı çağırışları yenidən gündəmə gətirib.