"TDT+" formatının yaradılması Türk dünyasının gələcək əməkdaşlıq modelinə hansı yeni istiqamətlər gətirə bilər? Qəbələ Bəyannaməsi və TÜRKSOY-un gücləndirilməsi qərarı Türk dövlətləri arasında mədəni və siyasi inteqrasiyanı necə dərinləşdirə bilər?
Mövzu ilə bağlı politoloq Turab Rzayev Olaylar.az-a açıqlama verib:
"Düşünürəm ki, TDT+ təsis olunması əslində gələcəkdə Türk Dövlətləri Təşkilatının üzvlərinin və ya arealının genişlənməsi ilə bağlıdır. Düşünürəm ki, Gələcəkdə bütün Türküstan coğrafiyasında olan dövlətlərin Türk Dövlətləri Təşkilatına üzv olması, eyni zamanda bu coğrafiyadan Cənuba və Qərbə doğru ölkələrin təşkilata qoşulması çox müsbət addımlardır. Məsələn, niyə Əfqanıstan, Pakistan bu təşkilata üzv ola bilməsin? Çünki bu ölkələr Türkiyə və Azərbaycanla strateji müttəfiqlik münasibətlərinə malikdirlər və onların da burada olması vacibdir. Eyni zamanda, Türküstan coğrafiyasında Tacikistanı digər ölkələrdən fərqləndirmək doğru olmaz. Mən düşünürəm ki, Tacikistan da Türk Dövlətləri Təşkilatında yer almalıdır. Ən azından TDT+ formatında bu ölkə dəvət oluna bilər.
Eyni zamanda, gələcəkdə İranla münasibətlər normallaşarsa, İran və Cənub-Qərbi Asiya ölkələrinin də TDT+-a üzv olma şanslarını yüksək qiymətləndirirəm. Çünki faktiki olaraq regionda ciddi türk dünyası infrastrukturu qurulur. Bu infrastrukturda əsas rolu Türkiyə oynayacaq, Türkiyə və Azərbaycan birlikdə çıxış edəcəklər Mümkündür ki, gələcəkdə Misir, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələr də bu türk dünyası infrastrukturuna qoşulsunlar və ən azı müşahidəçi statusunda bu təşkilatın bir hissəsi olsunlar. Hətta düşünürəm ki, gələcəkdə münasibətlər normallaşarsa, İsrail də bu təşkilatın müəyyən mənada bir parçasına çevrilə bilər. Ona görə də faktiki olaraq həm Cənub-Qərbi Asiyanı, həm Türküstanı, həm də Cənubi Asiyanın böyük bir hissəsini əhatə edən böyük bir birliyi formalaşa bilər. Bu baxımdan TDT+ formatının yaradılması çox əhəmiyyətlidir. Başqa bir məsələ isə Türkiyə ilə bağlıdır. Əlbəttə, Türkiyənin Qəbələdə sammitə ev sahibliyi etməsi özü də önəmlidir. Ancaq düşünürəm ki, Türkiyə bu təşkilatın funksiyalarının artırılmasına və onun daha strateji məqsədlərə xidmət etməsinə yönəlmiş addımlar atır. Misal üçün, Türkiyənin Qəbələdəki sammitdə iştirakı və bu tədbirin keçirilməsi türk dövlətləri arasında inteqrasiyanın, həmrəyliyin və qarşılıqlı münasibətlərin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır".
Zeynəb Mustafazadə