AZ

Ortaq əlifba yollarında

BAKI, 8 oktyabr. TELEQRAF

Dünən mediada maraqlı bir xəbər yayıldı: Ortaq Türk Əlifbasında yazılan ilk kitab nəşr olunub. 34 hərfli bu əlifbada yazılan kitabda məşhur türk yazıçısı Çingiz Aytmatovun əsərləri yer alıb. Kitaba Türkiyə prezidenti R.T. Ərdoğan və mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy ön söz yazıb. Kitab dünən Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü zamanı türk dövlətləri liderlərinə hədiyyə olunub.

Ötən il Bakıda keçirilən tədbirdə razılaşdırılan bu əlifba türk xalqlarının qarşılıqlı mədəni münasibətlərinin inkişafı üçün nəzərdə tutulub. SSRİ-nin dağılması ərəfəsindən etibarən başlayan türk alimlərinin bu təşəbbüsü, nəhayət ki gerçəkləşib.

Çingiz Aytmatovun əsərlərinin toplandığı kitabın şəklini gördüyüm zaman bir əsr öncə Bakıda keçirilən Türkoloji Qurultaydan sonra Birləşdirilmiş Türk Əlifbasında Azərbaycan ləhcəsində nəşr olunan ilk kitab yadıma düşdü. Həmin kitab da Türküstan türklərindən birinə aiddi: Xalid Səid Xocayevə. Həmin kitaba keçməzdən öncə o dövrdə alınan bəzi qərarları yada salaq.

1926-cı ildə Bakıda Türkoloji Qurultay keçirilir. Türk xalqlarının yaşadığı hər bölgədən təmsilçilər paytaxtımıza gəlirlər. Gələnlər arasında məşhur türk ədəbiyyatşünası Fuad Köprülü və axırıncı dəfə 1918-ci ildə müstəqil Azərbaycanın ilk paytaxtı Gəncəni ziyarət etmiş Əli bəy Hüseynzadə də vardı. Bolşeviklər onlar Qafqaza ayaq basan kimi öz casuslarını yanlarına yerləşdirsələr də, Əli bəy Azərbaycanda sonuncu dəfə nəfəs alır, qurultaydan sonra bir daha Vətəninə gələ bilmir.

26 fevral – 6 mart 1926-cı ildə baş tutan qurultayın açılışında hələ çar Rusiyası dövründən etibarən əlifba məsələsini gündəmdə tutan Fərhad Ağazadə də vardı. O, ərəb əlifbasının türk dilinə uyğunsuzluğu barədə çıxış edir, fikrini tutarlı şəkildə əsaslandırır. Müzakirələr nəticəsində 101 səslə latın qrafikalı Yeni Türk Əlifbası qəbul edilir.

Qurultaydan bir il sonra – 11 may 1927-ci ildə SSRİ-də Ümumittifaq Yeni Türk Əlifbası komitəsi yaradılır. Komitənin sədri Səmədağa Ağamalıoğlu seçilir. 3 iyun 1927-ci ildə komitə türk xalqlarının əlifbalarındakı bəzi fərqlilikləri aradan qaldırmaq üçün yığıncaq keçirir. 6 iyun tarixində fərqli bölgələrdə tətbiq edilən əlifbaların ortaq tərəfləri əsasında Birləşdirilmiş Yeni Türk Əlifbası qəbul edilir. Bu əlifbada Azərbaycan türkcəsində çap olunan ilk əsər isə türküstanlı Xalid Səid Xocayevin “Yeni əlifba yollarında əski xatirə və duyğularım” əsəri olur. Bu əsərində Türkoloji Qurultaya geniş yer ayıran Xalid Səid Türkiyə təmsilçisi Fuad Köprülü ilə söhbətini də qələmə alıb.

Köprülü türk elmi müəssisələrinin Azərbaycan tərəfindən təqdim edilən əlifba islahatını izlədiklərini, bir komissiya qurduqlarını, hələlik qəti bir fikrə gəlmədiklərini bildirib. Yeni əlifbanın əleyhinə rəy vermək üçün heç bir səbəbləri olmadığını da deyən Fuad bəy öz şəxsi düşüncəsinin yeni əlifbadan yana olduğunu qeyd edib. Köprülü ardınca iqtisadi məsələləri ön plana çıxarıb: “Türk ədəbiyyatı o qədər də kasıb deyildir. Yeni əlifbaya keçdiyimiz təqdirdə bir çox kitabımızı yeni əlifbaya köçürməyə məcbur olacağıq. Bunun üçün iqtisadi vəziyyətimizin uyğun olmadığını ərz etmişdim...”

Fuad bəyin verdiyi bu cavabı hələ 1860-cı illərdə də İstanbulda Mirzə Fətəli Axundzadəyə demişdilər. Mirzənin əlifba islahatını qəbul etməsələr də, xatirə olaraq Məcidiyyə nişanı ilə Qafqaza geri göndərmişdilər.

Amma Osmanlı sultanından fərqli olaraq Mustafa Kamal Atatürk latın əlifbasına keçidi təsdiqləyir.

Bu gün Axundzadədən Türkoloji Qurultaya qədər olan dövrdə baş verənlər, 1991-ci ildən günümüzədək aparılan müzakirələr öz məntiqi nəticəsini tapmaqdadır. 1940-cı ildə ruslar kiril əlifbasını türk xalqlarını zorla tətbiq etməsəydilər, bəlkə də, indi ortaq kitablar yüzlərlə idi.

Xalid Səid Xocayevin, Çingiz Aytmatovun kitablarını yanaşı qoyanda ağla gələn ilk fikir isə bu olur: Mirzə Fətəlinin ruhu şaddır. Fərhad Ağazadənin ruhu şaddır.

Seçilən
69
teleqraf.com

1Mənbələr