AZ

Vodolatski Aİ-ni hədəf aldı: Azərbaycan, Gürcüstan, Ermənistan təhlükədə! – ÖZƏL

Rusiyanın Dövlət Dumasının MDB işləri üzrə Komitə sədrinin birinci müavini Viktor Vodolatski sensasion iddia ilə çıxış edib. O, TASS-a açıqlamasında Avropa İttifaqının (Aİ) Azərbaycan, Gürcüstan və Ermənistanın dövlətçiliyini məhv etməyə cəhd etdiyini bildirib.
Vodolatski iddia edir ki, Aİ istənilən postsovet dövlətinə ənənəvi dəyərləri və tarixi əsasları sarsıtmaq üçün bir vasitə kimi baxır. Deputatın fikrincə, "Avropanın xüsusi xidmət orqanlarının diqqət mərkəzində" olan Ermənistan və Azərbaycanın bir vaxtlar Ukraynada baş verən "sürüşməyə" məruz qalma riski var.

Maraqlıdır, Vodolatskinin Aİ-nin məqsədinin "dövlətçiliyi məhv etmək" olduğu iddiası nə dərəcədə əsaslıdır? Rusiyalı deputatın Aİ-nin Cənubi Qafqaz dövlətçiliyinə qarşı fəaliyyətinə dair bu cür kəskin iddialarla məhz indi çıxış etməsi hansı siyasi məqsədlərə xidmət edir?

"Vodolatskinin bu açıqlaması, şübhəsiz ki, Rusiyanın region ölkələrinə baxışını bir daha nümayiş etdirir".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçi bildirib ki, Rusiya tərəfi açıq şəkildə deməsə də, burada əsas məsələ məhz bu ölkələrin, xüsusilə də Ukraynanın durumudur. Ukraynanın bu vəziyyətə düşməsi Rusiyanın imperialist siyasətinin birbaşa nəticəsidir. Rusiya uzun illərdir ki, Ukraynanın ərazilərini işğal etmək, onun dövlətçiliyini məhv etmək barədə çağırışlar səsləndirirdi. Təəssüf ki, dövləti idarə edənlər bu çağırışlara əməl edərək Ukraynaya hücum etdilər və bu gün Ukraynada tamamilə mənasız, dağıdıcı bir müharibə davam edir. Bu da Rusiyanın yürüt­düyü siyasətin nəticəsidir.

Siyasi şərhçi qeyd edib ki, Vodolatskinin bu vəziyyəti Avropa İttifaqının üzərinə atmağa çalışması, "bütün bunlara Avropa səbəb olub" kimi iddialar tamamilə əsassızdır. Bəli, Avropa İttifaqının regionda müəyyən maraqları və planları var, bu planları da zaman-zaman həyata keçirir. Məsələn, Gürcüstandakı hadisələrdə biz Qərbin hansı oyunlardan çıxdığını, hansı planlar qurduğunu gördük. Oxşar proseslər başqa ölkələrdə də baş verib. Lakin eyni zamanda unutmamalıyıq ki, Rusiyanın regionlara yönəlmiş siyasəti də heç də təsadüfi deyil. 

"Moskva hələ də öz qonşu dövlətlərinə müstəmləkə kimi yanaşır, onları nəzarətdə saxlamağa, müxtəlif problemlər yaratmağa çalışır. Bu isə regionda yeni və ciddi proseslərin başlanğıcı kimi qiymətləndirilə bilər", - deyə ekspert əlavə edib.

Siyasi şərhçi vurğulayıb ki, Azərbaycanla bağlı məsələyə gəlincə, bəli, müəyyən dövrlərdə Azərbaycanla Rusiya arasında gərginlik müşahidə olunub. Lakin Azərbaycan dövləti kifayət qədər güclüdür, burada xalqla iqtidar arasında möhkəm bir birlik mövcuddur. Məhz bu birliyin nəticəsində Rusiyanın və ya digər güc mərkəzlərinin Azərbaycana ciddi təsir imkanları yoxdur. Gürcüstanda da oxşar cəhdlər oldu, amma uğursuz alındı.

"Hazırda Ermənistanda növbəti parlament seçkilərinə hazırlıq gedir. Biz oradakı hadisələrdən - Paşinyanın devrilməsi çağırışlarından, müxalifətin fəallaşmasından görürük ki, bu proseslərdə fərqli qruplar, xüsusilə də Rusiya, aktiv şəkildə iştirak edir və Ermənistandakı vəziyyətə təsir göstərməyə çalışır", - deyə siyasi şərhçi sonda qeyd edib.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
36
olaylar.az

1Mənbələr