AZ

TDT ölkələrinin müdafiə və təhlükəsizlik birgə fəaliyyəti regional sabitliyin təminatı ola bilər - ŞƏRH

"Müasir dövrdə regional və qlobal səviyyədə baş verən hadisələr və mövcud çağırışlar təhlükəsizlik və müdafiə məsələlərini beynəlxalq gündəliyin prioritet istiqamətlərindən birinə çevirib. Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində keçirilən son sammit də bu istiqamətdə mühüm müzakirə platforması kimi çıxış etdi. Belə ki, Qəbələ sammiti zamanı ilk dəfə bu qədər açıq və səmimi şəkildə müdafiə sənayesi və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri əsas mövzuya çevrildi. Azərbaycan Prezidenti İlham Əliyevin bu sahədə irəli sürdüyü təşəbbüslər həm regional, həm də beynəlxalq təhlükəsizlik müstəvisində əhəmiyyətli strateji addım kimi dəyərləndirilə bilər".

Bu sözləri Operativ Media-ya açıqlamasında Milli Məclisin üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyev deyib. 
 

O qeyd edib ki, xarici siyasət sahəsində bir sıra yeni hədəflər Qəbələ Bəyannaməsində təsbit olunmuşdur. Belə ki, TDT-yə BMT Baş Məclisi və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində müşahidəçi satusunun verilməsi üçün diplomatik səylərin artırılması zərurəti vurğulanmışdır. Eyni zamanda, Afirka İttifaqı və Ərəb Dövlətləri Liqası ilə institusional əməkdaşlığın yaradılması qarşıya qoyulmuşdur. TDT+ formatının təsis olunması bu təşkilata üçüncü dövlətlərin artan maraqlarının və əməkdaşlıq niyyətlərinin institulaşdırılması məqsədinə xidmət edir. Xüsusilə TDT çərçivəsində çoxşaxəli və yeni əməkdaşlıq sahələrinin reallaşdırılması üçün möhkəm hüquqi əsasın yaradılması çox vacibdir:

"Bu mənada “Türk Dövlərinin strateji tərəfdaşlığı, əbədi qardaşlığı və dostluğu haqqında Müqavilə”nin tezliklə imzalanması, dövlətdaxili hüquqi prosedurların tezləşdirilməsi üçün üzv dövlətlərə çağırış edilmişdir. 

Ev sahibi kimi Azərbaycanın çıxış etdiyi təşəbbüslərə digər qardaş və strateji tərəfdaşlarımızın verdiyi dəstək nəticəsində bu hədəflər TDT Fəaliyyət planının əsasını təşkil edəcəkdir".  

Rizvan Nəbiyev sözlərinə belə davam edib:

“Hazırda həm regional, həm də qlobal miqyasda müşahidə olunan hibrid təhlükələr, enerji təhlükəsizliyi böhranları və münaqişə ocaqlarının aktivləşməsi yeni tipli əməkdaşlıq mexanizmlərinin formalaşmasını zəruri edir. Türk dünyasının coğrafi məkanında yerləşən bəzi ərazilər uzun illər müxtəlif münaqişələrin mərkəzində olub, eləcə də qonşuluqda olan ciddi münaqişələr təhlükəsizliyə və sabitliyə risklər törətməkdə davam edir. 

Məhz bu səbəbdən TDT ölkələrinin müdafiə və təhlükəsizlik sahəsində əlaqələndirilmiş fəaliyyəti regional sabitliyin əsas təminatına çevrilə bilər.

Təhlükəsizliklə bağlı məsələlər təkcə Türk dövlətləri arasında deyil, həm də Avropa Siyasi Birliyi və BMT Baş Assambleyası kimi beynəlxalq platformalarda da müzakirə mövzusu olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin bu tədbirlərdə təhlükəsizlik və dayanıqlı sabitliklə bağlı sülh gündəliyinin təqdimatı ciddi maraq doğurur və təqdir olunur.

Prezident İlham Əliyev Qəbələ sammitində çıxışında Türkiyə ilə ikitərəfli müstəvidəki uğurlu əməkdaşlıq modelindən çıxış edərək Türk dövlətlərinin hərbi və müdafiə sənayesi sahələrində əməkdaşlığının çoxşaxəli müstəviyə keçirilməsi təklifini irəli sürüb. Cənab Prezident 2026-cı ildə Türk dövlətlərinin Azərbaycanda ilk hərbi təlimlərinin keçirilməsini təklif etmişdir. Həmçinin qeyd edilməlidir ki, ötən il İstanbulda müdafiə sənayesinə məsul qurumların ilk iclası keçirilmiş, 2026-cı ildə isə onun ikinci toplantısının Bakıda baş tutması Qəbələ Bəyannaməsi ilə təsdiq edilmişdir. Bu fakt müdafiə sənayesi sahəsində əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə keçidi üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevin göstərdiyi siyasi iradəni və strateji vizionunu əks etdirir.

Hazırda Türk Dövlətləri Təşkilatı 35 sahədə əməkdaşlıq həyata keçirir. Bu əməkdaşlığa həmçinin müdafiə sənayesi, enerji təhlükəsizliyi, nəqliyyat və iqtisadi inkişaf istiqamətləri daxildir. Qəbələ Bəyannaməsində bu sahələrdə əlaqələrin intensivləşdirilməsi üçün çağırışlar səsləndirilib və bütün dövlətlərin resurslarının səfərbər olunması vurğulanıb.

Türk dünyasında təhlükəsizlik, sülh və inteqrasiya istiqamətində atılan addımlar regionun yeni siyasi reallıqlarına cavab verir. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsləri – həm təhükəsizlik, müdafiə sənayesində əməkdaşlığın dərinləşdirilməsi, həm də nəqliyyat-tranzit sahələrdə əməkdaşlığın intensivləşdirilməsi, Zəngəzur Dəhlizinin reallaşdırılması – Türk dövlətlərinin həm siyasi, həm də iqtisadi birliyini möhkəmləndirir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da bəyan etdiyi kimi, regionda baş verən son hadisələr Cənubi Qafqazda barış və inteqrasiya prosesinin yeni mərhələsinə start verib. Bu sülh bəyannaməsi həm regionun dövlətləri arasında qarşılıqlı etimadı artırır, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində siyasi birliyin dərinləşməsinə təkan verir".

Seçilən
70
operativmedia.az

1Mənbələr