AZ

İrandakı gənc nəsil hakimiyyətin geyim azadlığı ilə bağlı basqı siyasətinə boyun əymir, müqavimət göstərir

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

İranın Hədəflərin Nəzarət Şurasının üzvü Məhəmmədrza Bahonər bildirib ki, hicabla bağlı qanunun fəaliyyəti dayandırılıb. Bu barədə “Azad İran” Telegram kanalı məlumat yayıb. Bahonər bildirib ki, hicab qanun layihəsi artıq hüquqi qüvvəyə malik deyil və icra olunmayacaq. Məhəmmədrza Bahonər hicab taxmağın qanuni olaraq məcburi olmadığını və bunun üçün heç bir cərimə və ya hüquqi nəticələrin olmadığını bildirib. Bu barədə polisə də məlumat verilib.

Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, əslində İranda hicab məsələsi ilə bağlı yeni bir gündəm formalaşıb: “Xatırlayırsınızsa İranın parlamenti hicabla bağlı bir qanun layihəsi təklif etmişdi. Həmin qanun layihəsində hicabla bağlı bir sıra çərçivələr yer alırdı. Geyim forması, insanların buna əməl etməsi və s. Həmçinin qanun layihəsində bu qanuna əməl etməyənlərin cəzalandırılması, cərimə edilməsi və pasportlarının alınması, hətta ölkədən çıxışa qadağa qoyulması, həbslər, cərimələrin artırılması və s. bağlı məsələlər də yer almışdı”.

Sadiq İsabəyli

Siyasi şərhçi bildirib ki, qanun layihəsi İranın Ali Milli Təhlükəsizlik Şurasına təqdim edildi ki, orada müzakirə edilsin və tələb də bundan ibarət idi ki, bu qanun layihəsi tezliklə icraya qoyulmalıdır və Pezeşkian da bu haqda icraedici orqanın başqanı kimi onayını verməlidir: “Pezeşkian və onun hökuməti bununla bağlı ciddi narahatlıqlar irəli sürdülər. "İndi ictimai rəy elədir ki, bu qanun layihəsinin icrası demək olar ki, mümkün deyil, ölkə çox ağır durumdadır. Sosial, ictimai vəziyyəti ciddi böhranlar içindədir. Ona görə də bu məhdudiyyətləri də biz əgər vətəndaşlara, xüsusilə gənc insanlara tətbiq eləsək, artıq bu kütləvi etirazlara və narazılıqlara gətirib çıxara bilər ki, bu da bizim ümumi daxili və xarici siyasətlərimizə ciddi təsir edəcək" dedilər. Bununla bağlı Pezeşkian bir neçə dəfə çıxış elədi və çıxışlarında bildirdi ki, "mən zorakılıq tətbiq etməklə vətəndaşlara hər hansı bu kimi qanunun icrasına gedilməsinin tərəfdarı deyiləm. Bu səbəbdən də, icraedici orqan olaraq biz bunun əleyhinəyik". Prezident təxmini bu formada fikirlərini ifadə edirdi. Ona görə də, məsələ Ali Milli Təhlükəsizlik Şurasında ciddi müzakirələrə səbəb oldu. Görünür ki, Pezeşkian ictimai-siyasi durumun dərin təhlilindən sonra bu nəticəyə gəlib”.

Sadiq İsabəylinin fikrincə, artıq hicabla bağlı, ümumiyyətlə, geyim azadlığı ilə bağlı İranda gənc nəsil demək olar ki, hakimiyyətin basqı siyasətinə boyun əymir və ona qarşı çox ciddi müqavimət göstərir.

“Məsələn; iri şəhərlərdə, özəlliklə paytaxtda demək olar ki, əhalinin qadın və özəlliklə gənc qızları hicab geyimi ilə bağlı, sərbəst seçimə gəlib çatıblar və bundan da vaz keçmək istəmirlər. Məsələnin mahiyyəti budur ki, kütlənin içində kütləvi bir tələb var. Bu da sərbəst geyim azadlığının təmin olunması və necə deyərlər, sərbəst şəkildə insanların seçiminə buraxılması və bununla bağlı hər hansı bir qanunun olmamasıdır. Bütün bu təhlillərdən sonra ölkənin Ali Milli Təhlükəsizlik Şurası bu məsələnin təsdiq olunmasından boyun qaçırdı və onu çox da ölkənin gündəminə gətirmədən sakitcə istədi ki, yola versin. Amma bu radikal Hizbullahçı qruplar həm parlamentdə, həm də parlamentdən kənarda müxtəlif etiraz aksiyalarına əl atdılar. Hətta bir neçə həftəlik İran parlamentinin qarşısında aksiya keçirdilər. Orada çadırlar qurdular və qadınlar həftələrlə oturdular və şüarlar verdilər ki, hicabla bağlı qanun layihəsi dərhal icraya qoyulmalıdır və s. Qeyd etdiyim kimi, ictimai siyasi vəziyyəti buna heç cür artıq hazır deyildi. Daha sonra İsrail məsələsi başladı. 12 gün ərzində savaş və bu rejimindaha da zəifləməsinə gətirib çıxardı. Artıq bu qanun layihəsinin Ali Milli Təhlükəsizlik Şurasında təsdiqlənməsi və icraya qoyulması prosesi demək olar ki, mümkünsüz hala gəldi. Bu səbəbdən də, İranın Məsləhət Şurasının üzvü Məhəmmədrza Bahonər keçən günlərdə verdiyi müsahibədə bildirmişdi ki, artıq yeni hicab və geyimlə bağlı hər hansı bir cərimənin, təqib olunmanın və yaxud cəzanın tətbiq olunması məsələsi qanuni deyil və polisin də bu haqda hər hansı bir məsuliyyəti yoxdur ki, hər hansı bir qanuna dayanıb bu məhdudiyyətləri tətbiq edə bilsin. Çünki bu qanun layihəsi hələ də Ali Milli Təhlükəsizlik Şurasında qalır və təsdiq olunmayıb. Bu müsahibə çox ciddi rezonans doğurdu və kütlənin içində çox müsbət rezonans doğurdu. Amma digər tərəfdən də parlamentdə təmsil olunan radikal, mühafizəkar və hicab qanun layihəsini hazırlayan qruplar və onların tərəfdarları bu məsələyə yenidən etiraza başladılar.

İndi bəzi açıqlamalar var ki, artıq onlar Əli Xamneidən tələb edirlər ki, Məhəmmədrza Bahonəri Məsləhət Şurasının üzvlüyündən dərhal çıxarmalıdırlar. Parlamentdə parlament üzvlərinin bu radikal qanadları artıq müxtəlif formada çıxış edirlər və tələb edirlər ki, dərhal ölkənin Ali Milli Təhlükəsizlik Şurası bu qanun layihəsini icraya qoymalıdır və bu gecikdirilməməlidir. Ölkəni onların deyimi ilə guya fəsad, fahişəlik və digər bu kimi hallar bürüyüb və bunun qarşısı dərhal alınmalıdır”-deyən Sadiq İsabəyli vurğulayıb ki, bu səbəbdən də bu qanun layihəsi durdurulması məsələsi bu vəziyyətdədir.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
bizimyol.info

1Mənbələr