AZ

“Türk birliyi XXI əsrin yeni geosiyasi arxitekturasıdır” - Əhliman Əmiraslanov

Türk dünyasının birliyini yalnız ortaq etnik və mədəni kimlik deyil, həm də güclənən siyasi iradə və iqtisadi maraqlar birləşdirir. Azərbaycan, öz növbəsində, həm tarixi, həm coğrafi, həm də siyasi mövqeyi baxımından bu birliyin mərkəzlərindən biri kimi çıxış edir. Türk Dövlətləri Təşkilatının (TDT) son illərdəki inkişaf istiqaməti göstərir ki, bu qurum artıq yalnız tarixi və mədəni birlik kimi deyil, həm də müasir beynəlxalq münasibətlər sistemində geosiyasi və iqtisadi təsir gücünə malik strateji platforma kimi formalaşır.

TDT-nin Dövlət Başçıları Şurasının 12-ci Qəbələ Zirvə Görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusuna həsr olunması bunun mahiyyətini əks etdirir. Yəni, Türk dövlətləri artıq qlobal sabitlik və təhlükəsizlik arxitekturasında subyekt kimi çıxış etməyə başlayıblar. Zirvə görüçündə Dövlət başçımız cənab İlham Əliyev xatırladır ki, Naxçıvan bəyannaməsi Türk Dövlətləri Təşkilatının təməl sənədi olaraq sülhün və təhlükəsizliyin qorunmasını əsas məqsəd kimi müəyyənləşdirib. Müasir dövrdə beynəlxalq hüququn norma və prinsiplərinin pozulduğu, regional münaqişələrin dərinləşdiyi bir vaxtda, türk dövlətlərinin vahid təhlükəsizlik konsepsiyasına malik olması həyati əhəmiyyət daşıyır. Cənab İlham Əliyevin 2026-cı ildə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Azərbaycanda birgə hərbi təlimlərinin keçirilməsi təklifi, əslində, təşkilatın kollektiv müdafiə mexanizminə doğru atılmış mühüm addımdır. Dövlət başçısı bildirdi ki, “Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir. Bu çərçivədə müttəfiqimiz olan Türkiyə ilə dərin əməkdaşlıq mövcuddur. Yalnız son bir ildə Türkiyə ilə birgə 25-dən artıq ikitərəfli və çoxmillətli hərbi təlimlər keçirilmişdir. Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edirəm.” Bu təşəbbüs TDT-ni yalnız iqtisadi və mədəni birliyə deyil, həm də təhlükəsizlik arxitekturasına malik strateji bloka çevirə bilər. 2020-ci ildə 44 günlük Vətən müharibəsində və 2023-cü ildə keçirilmiş antiterror tədbirləri nəticəsində əldə olunan qələbələr bunun ən parlaq sübutudur. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi milli iradənin və siyasi əzmin təntənəsi ilə bərpa olundu.

Bu Zəfər, eyni zamanda, bölgədə ədalətin və sülhün bərqərar olmasına töhfə verdi. Prezidentin öz nitqində vurğuladığı “ədalətli sülh” anlayışı Azərbaycanın postmünaqişə dövründə formalaşdırdığı yeni regional nizamın əsas prinsipinə çevrilib. Sülh gündəliyinin konkret nəticələrindən biri kimi Prezident İlham Əliyev öz çıxışında Vaşinqtonda paraflanmış Azərbaycan-Ermənistan sülh sazişini xatırlatdı. Bu sənədin imzalanması Cənubi Qafqazda uzunmüddətli sabitliyin bərqərar olması üçün yeni siyasi mərhələ yaradır. Həmçinin ATƏT-in Minsk Qrupunun və onunla bağlı strukturların ləğvi regionun siyasi xəritəsində köhnə münaqişə mexanizmlərinin tamamilə aradan qalxması deməkdir. Bu, Azərbaycanın diplomatik səviyyədə əldə etdiyi növbəti strateji uğurdur və Prezident İlham Əliyevin “sülh yalnız ədalət üzərində qurulduqda dayanıqlı olur” prinsipini təsdiqləyir. Prezidentin çıxışında nəqliyyat və kommunikasiya məsələlərinə verilən önəm Türk dünyasının iqtisadi inteqrasiyasının təməl dayağı kimi qiymətləndirilməlidir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısı olaraq regionda körpü rolunu oynayır. Orta Dəhlizlə yükdaşımaların 2022-ci ildən bəri 90 faiz artması, tranzit müddətlərinin əhəmiyyətli dərəcədə azalması və Ələt Beynəlxalq Ticarət Limanının gücünün ildə 25 milyon tona çatdırılması Azərbaycanın beynəlxalq nəqliyyat sistemində oynadığı mühüm rolu təsdiqləyir. Bu kontekstdə Zəngəzur dəhlizinin açılması yalnız yeni nəqliyyat arteriyası deyil, həm də geosiyasi inteqrasiyanın strateji komponentidir. Bu dəhliz həm Orta Dəhlizin, həm də Şimal-Cənub xəttinin ayrılmaz hissəsinə çevriləcək və Türk dünyasının quru əlaqələrini Avropa bazarları ilə birləşdirəcək. Bununla Azərbaycan faktiki olaraq Türk Dövlətləri Təşkilatının iqtisadi coğrafiyasını Qafqaz vasitəsilə Avrasiya nəqliyyat sisteminə bağlayır. Azərbaycan Prezidentinin çıxışının sonunda qeyd etdiyi kimi, Türk dövlətləri Qarabağın və Şərqi Zəngəzurun bərpasına verdikləri real dəstəklə həmrəylik və qardaşlıq diplomatiyasının nümunəsini yaradıblar. 

Bir sözlə, Qəbələ Zirvəsi göstərdi ki, Türk Dövlətləri Təşkilatı artıq regional deyil, qlobal səviyyədə siyasi əhəmiyyətə malik yeni güc mərkəzidir. Prezident İlham Əliyevin çıxışı isə bu gücün həm ideoloji, həm də praktiki xəritəsini təqdim etdi. Müasir dünyada türk dövlətlərinin birliyi yalnız tarixi romantizm deyil, real geosiyasi zərurətə çevrilib. Bu birliyin əsasında suverenlik, təhlükəsizlik, iqtisadi inteqrasiya və milli dəyərlərin qorunması dayanır. Azərbaycan isə bu prosesin həm təcrübə, həm liderlik, həm də strateji iradə baxımından mərkəzindədir.

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov

 

 

Seçilən
26
2
unikal.az

10Mənbələr