İsveçli ekofəal “Sumud” flotiliyasının üzvləri ilə birlikdə saxlanarkən ağır rəftardan danışıb...
Poliqon xəbər verir ki, isveçli ekofəal Qreta Tunberq Stokholmda keçirdiyi mətbuat konfransında İsraildə həbsdə olarkən işgəncələrə məruz qaldığını açıqlayıb. O bildirib ki, “Sumud” flotiliyasının digər üzvləri ilə birlikdə saxlanıldığı müddətdə İsrail həbsxanasında insanlıqdan kənar rəftarla üzləşib.
Tunberq konkret işgəncə detalları barədə danışmaqdan imtina edib, lakin qeyd edib ki, ona təmiz su verilməyib, həmçinin digər fəallara həyati vacib dərman vasitələri çatdırılmayıb. Onun sözlərinə görə, bu rəftar beynəlxalq insan haqları prinsiplərinin ciddi şəkildə pozulması deməkdir.
Xatırladaq ki, “Sumud” flotiliyasının məqsədi Qəzza zolağındakı blokadanı dəniz yolu ilə yarmaq və humanitar yardım çatdırmaq idi. Flotiliya İsrail hərbi qüvvələri tərəfindən saxlanılmış və bir neçə gün sonra iştirakçılar həbs edilmişdi.
Hadisə beynəlxalq ictimaiyyətin, o cümlədən insan haqları təşkilatlarının kəskin reaksiyasına səbəb olub. BMT-nin bir neçə ekspert qrupunun bu məsələ ilə bağlı araşdırma aparacağı gözlənilir.
Polion.info