AZ

Türk dünyasının strateji həmrəyliyi: Qəbələ Zirvə Görüşü yeni mərhələnin başlanğıcıdır

Bakı, 8 oktyabr, AZƏRTAC

Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşü Türk dünyasının siyasi, iqtisadi və mədəni inteqrasiyası baxımından tarixi hadisə kimi dəyərləndirilə bilər. Prezident İlham Əliyevin Zirvə Görüşündə səsləndirdiyi fikirlər həm təşkilatın gələcək inkişaf istiqamətlərini, həm də Türk dünyasının qlobal geosiyasi sistemdə artan rolunu aydın şəkildə ortaya qoydu. Bu gün Türk Dövlətləri Təşkilatı təkcə əməkdaşlıq platforması deyil, həmçinin ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşmaqdadır. Təşkilatın beynəlxalq nüfuzunun artması, üzv ölkələr arasında həmrəyliyin və qarşılıqlı etimadın möhkəmlənməsi, onun gələcəkdə qlobal güc mərkəzlərindən birinə çevriləcəyini göstərir. Azərbaycan Prezidenti çıxışında vurğuladığı kimi, ortaq tarixi, etnik köklər və milli-mənəvi dəyərlər Türk dünyasını bir ailə kimi birləşdirir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Tahir Mirkişili söyləyib. Deputat vurğulayıb ki, Zirvə Görüşünün əsas mövzusu olan “Regional sülh və təhlükəsizlik” məsələsi bu günün geosiyasi çağırışları fonunda xüsusi aktuallıq daşıyır: “Prezident İlham Əliyev qeyd etdi ki, təhlükəsizlik təmin edilmədən dayanıqlı inkişaf mümkün deyil. Beynəlxalq hüququn norma və prinsiplərinin pozulduğu bir dövrdə türk dövlətləri arasında hərbi və hərbi-texniki əməkdaşlığın gücləndirilməsi zərurətə çevrilib.

Azərbaycan bu istiqamətdə həm nəzəri, həm də praktiki liderlik nümayiş etdirir. Prezidentin 2026-cı ildə TDT ölkələrinin Azərbaycanda birgə hərbi təlimlərinin keçirilməsi barədə təklifi, təşkilatın təhlükəsizlik sisteminin institusional əsaslarının möhkəmləndirilməsinə xidmət edir. 44 günlük Vətən müharibəsində əldə olunmuş tarixi Zəfər və 2023-cü ilin lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün tam bərpası regionda yeni reallıq yaratdı. Bunun ardınca Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması, həm Cənubi Qafqazda uzunmüddətli sülhün təmin olunmasına, həm də TDT məkanında təhlükəsizlik və sabitlik mühitinin güclənməsinə mühüm töhfə verir”.

Azərbaycanın coğrafi və logistik üstünlüklərinin Türk dünyasının iqtisadi inteqrasiyasında həlledici rol oynamasına diqqət çəkən deputat deyib: “Prezident İlham Əliyev Zirvədə çıxışı zamanı bildirdi ki, ölkəmiz Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Orta Dəhlizlə yükdaşımaların son iki ildə 90 faiz artması, tranzit müddətlərinin əhəmiyyətli dərəcədə azalması, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının, Bakı–Tbilisi–Qars dəmir yolunun və 9 beynəlxalq hava limanının fəaliyyəti Azərbaycanın beynəlxalq nəqliyyat mərkəzinə çevrildiyini göstərir. Zəngəzur dəhlizinin açılması isə bu strateji əlaqələrin yeni mərhələsini formalaşdırır. Bu dəhliz yalnız Türk dünyası ölkələrini deyil, həm də Orta Dəhliz və Şimal–Cənub marşrutlarını birləşdirən mühüm strateji arteriya rolunu oynayacaq.

Azərbaycan uzun illərdir ki, qlobal enerji təhlükəsizliyinin təminatçısı kimi çıxış edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hazırda ölkəmiz 14 ölkəyə təbii qaz ixrac edir və bu göstərici ilə regionda lider mövqedədir. Bununla yanaşı, Azərbaycan bərpaolunan enerji sahəsinə – günəş, külək və su enerjisinə – böyük sərmayələr cəlb edir. 2030-cu ilə qədər enerji istehsalının 40 faizi məhz bu mənbələrdən təmin ediləcək. Azərbaycan, Türkiyə, Orta Asiya və Avropa arasında “Yaşıl enerji dəhlizi”nin formalaşdırılması həm regionun enerji təhlükəsizliyinə, həm də ekoloji davamlı inkişafına töhfə verəcək. Prezident İlham Əliyev çıxışında 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini xüsusi vurğulayaraq, onun 100 illik yubileyinin gələn il TDT çərçivəsində təntənəli şəkildə qeyd olunmasını təklif etdi. Bu təşəbbüs türk xalqlarının mədəni birliyinin və ortaq kimliyinin daha da gücləndirilməsinə yönəlmiş mühüm addımdır. Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurun bərpasında qardaş ölkələrin verdiyi dəstəyin xüsusi qeyd edilməsi də Zirvənin mənəvi-siyasi dəyərini artırır. Qardaş ölkələrin Füzuli, Ağdam, Cəbrayıl və digər şəhərlərdə məktəb və sosial obyektlər inşa etməsi, Türk həmrəyliyinin rəmzinə çevrilib”.

Müsahibimizin fikrincə, Qəbələ Zirvəsi Türk dünyasının yeni strateji mərhələsinin başlanğıcı kimi qiymətləndirilə bilər.

“Prezident İlham Əliyevin vurğuladığı kimi, Türk Dövlətləri Təşkilatı artıq beynəlxalq münasibətlər sistemində mühüm aktora çevrilir. Siyasi sabitlik, iqtisadi dinamizm, enerji və nəqliyyat layihələri, hərbi və təhlükəsizlik əməkdaşlığı TDT-nin mövqeyini gücləndirir, türk xalqlarının rifahına və sülhün möhkəmlənməsinə xidmət edir. Azərbaycanın bu prosesdə oynadığı lider rolu isə həm tarixi məsuliyyətin, həm də strateji uzaqgörənliyin ifadəsidir. Qəbələ Zirvəsi sübut etdi ki, Türk dünyasının birliyi – regionun sabitliyi, gücü və gələcəyidir”, - deyə deputat fikrini yekunlaşdırıb.

Seçilən
15
1
azertag.az

2Mənbələr