AZ

TDT-nin Qəbələ Zirvəsi: Türk dünyası vahid güc mərkəzinə çevrilir  

Türk Dövlətləri Təşkilatının 12-ci zirvə görüşündə yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdi. Qəbələdə baş tutan toplantı bu dəfə sülh və təhlükəsizlik mövzusu çərçivəsində aparılan effektiv müzakirələrlə yadda qaldı. Təşkilat çərçivəsində çoxtərəfli əməkdaşlığın hazırkı vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparıldı, praktiki tərəfdaşlığın aktual məsələləri müzakirə edildi.

Bu fikirləri Musavat.com-a Milli Məclisin deputatı Nigar Məmmədova bildirib. Deputat vurğulayıb ki, Azərbaycan bu dəfə də yüksək səviyyəli ev sahibi kimi təşkilatın gələcək prioritetləri ilə bağlı öz mövqeyini ortaya qoydu:

“Dövlət başçımız türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsinin vacibliyini bəyan etdi. Cənab Prezidentin də bəyan etdiyi kimi, “Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları fonunda, ötən il Şuşada qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinə və Qəbələdəki Zirvə Görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusuna uyğun olaraq, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir”.

Rəsmi Bakı türk dünyasının bir parçası kimi TDT-ni sadəcə əməkdaşlıq platforması kimi deyil, həm də geosiyasi mərkəz kimi görür və bu istiqamətdə səylərin birləşdirilməsinin tərəfdarıdır.
Təşkilata üzv ölkələr əhəmiyyətli geostrateji mövqe başda olmaqla, müsbət demoqrafiya, nəqliyyat-logistika sahəsində böyük imkanlar, təbii resurslar kimi vacib potensialı düzgün dəyərləndirməklə qarşıda duran hədəfləri reallaşdırmağa nail olur.

Azərbaycan Prezidentinin ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığın dərinləşdirilməsinə dair təklifi bu baxımdan təsadüfi sayılmamalıdır. Belə ki, 30 ilə yaxın işğaldan əziyyət çəkən və beynəlxalq hüququ, ədaləti öz gücü hesabına təmin edən ölkənin rəhbəri kimi Azərbaycan Prezidenti hərbi gücün hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amili olduğunu bir daha xatırlatdı”.

N.Məmmədovanın fikrincə, birgə hərbi təlimlər, hərbi sahədə işbirliyinin möhkəmlənməsi, həm də qlobal güclərin böyük maraq göstərdiyi Orta Dəhlizin təhlükəsizliyinin qorunması baxımından vacibdir:

“Cənab Prezident bu xüsusda Zəngəzur dəhlizinin vacibliyinə də diqqət çəkdi. TDT üzvləri də bu qənaətdədir ki, Zəngəzur dəhlizi həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyası və ikinci marşrut kimi mühüm əhəmiyyət kəsb edir.

Mövcud geosiyasi gərginlik fonunda qlobal aktor kimi TDT-nin nüfuzu güclənməkdədir. Budəfəki müzakirələrdə “Türk Dövlətləri Təşkilatı+” formatının yaradılması ideyası da dəstəkləndi və bu ideya son illər təşkilata xüsusi marağın artması ilə bağlıdır. Qəbələdə TDT-yə üzv ölkələrin dövlət başçılarının səsləndirdiyi mesajlardan aydın oldu ki, bu gün türk coğrafiyasının birliyi zərurətdir və türk dövlətləri bu istiqamətdə imkanları daha sıx birləşdirməyə çalışır”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Seçilən
0
1
musavat.com

2Mənbələr