AZ

Hiperaktiv uşaqlara necə yanaşmalı? - Həkim məsləhəti

"Uşaqlarda ən çox rast gəlinən neyroinkişaf pozğunluqlarından biri diqqət çatışmazlığı və hiperaktivlik pozğunluğudur. Bu vəziyyətdə uşaqda diqqəti toplamaq çətin olur, başladığı işi sona qədər davam etdirə bilmir, çox hərəkətli və tələskən davranır. Sadə dillə desək, belə uşaqlar “diqqətsiz” və ya “çox hərəkətli” kimi görünürlər, lakin bu, tərbiyəsizlikdən deyil, beynin fəaliyyət fərqliliyindən qaynaqlanır".

Bu sözləri Operativ Media-ya açıqlamasında həkim-pediatr Yüksəl Hüseynova bildirib.

Onun sözlərinə görə, çox vaxt bu halın yaranmasında genetik meyillik mühüm rol oynayır:

"Əgər valideynlərdən biri uşaqlıqda bu vəziyyəti yaşayıbsa, uşaqda da müşahidə oluna bilər. Beyində diqqət və özünü idarəetmə ilə bağlı olan sahələr – prefrontal korteks və dopamin sistemi – bir qədər fərqli işləyir. Amma təkcə genetik amillər deyil, mühit də təsir göstərir. Hamiləlik dövründə siqaret, alkoqol, stress, erkən doğuş, az çəkili körpə və ya uşağın böyüdüyü gərgin ailə atmosferi bu riski artıra bilər.

Bu problem özünü əsasən üç istiqamətdə  göstərir. Birincisi, diqqət pozuntusu – uşaq tapşırıqları yarımçıq qoyur, detallara fikir vermir, tez yorulur və fikrini başqa yerə yönəldir. İkincisi, hiperaktivlik – uşaq daim hərəkətdə olur, sakit otura bilmir, müəllim danışarkən ayağa qalxır, yerində fırlanır. Üçüncüsü, impulsivlik – uşaq tələsir, sualı bitmədən cavab verir, növbə gözləməkdə çətinlik çəkir və bəzən emosional partlayışlar yaşayır.

Bu uşaqların davranışı tərbiyə ilə bağlı deyil, onların beyin işləmə tərzi fərqlidir. Uşaq istəsə də, uzun müddət diqqətini cəmləyə bilmir. Əgər valideyn bu vəziyyəti “tərbiyəsizlik” kimi qiymətləndirərsə, uşaqda günahkarlıq hissi və aşağı özünəqiymət formalaşa bilər. Buna görə də belə uşaqlara anlayışla, strukturlaşdırılmış qaydalarla və səbirli münasibətlə yanaşmaq lazımdır.

Diaqnoz valideyn və müəllim müşahidələri, psixoloji testlər (məsələn, Conners və ya Vanderbilt anketləri) və həkim müayinəsinin nəticələri əsasında qoyulur. Müalicə fərdi şəkildə planlaşdırılır. Əgər simptomlar yüngüldürsə, davranış terapiyası və psixoloji dəstək kifayət edə bilər. Lakin uşağın məktəb və sosial həyatı çətinləşibsə, dərman müalicəsi də əlavə olunur.

Davranış terapiyası uşağın davranışlarını mərhələli şəkildə dəyişməyə yönəlmiş sistemli yanaşmadır. İstənilən müsbət davranış mükafatlandırılır – tərif, bal sistemi və s. Uşaq üçün sabit gündəlik rejim qurulur, tapşırıqlar qısa və aydın formada verilir. Ən önəmlisi, müəllim və valideyn eyni prinsiplərlə hərəkət etməlidirlər.

Çox uşaqlarda simptomlar zamanla azalır, amma təxminən 60 faizində bu hal yeniyetməlik və bəzən yetkinlik dövrünə qədər davam edir. Erkən müdaxilə olunduqda uşaq davranışını idarə etməyi öyrənir və sosial, akademik baxımdan normal inkişaf göstərə bilir.

Valideynlərə məsləhət olunur ki, uşağı başqaları ilə müqayisə etməsinlər və cəzalandırmasınlar. Bu uşaqlar çox vaxt istedadlı, yaradıcılığa meyilli və enerjili olurlar. Onların bu enerjisini düzgün istiqamətə yönəltmək vacibdir. Yaxşı yuxu, balanslı qidalanma, ekran müddətinin məhdudlaşdırılması, idman və açıq hava fəaliyyəti çox faydalıdır. Həmçinin həkim və psixoloqla mütəmadi əməkdaşlıq vacibdir".

Ayşən Sadıxzadə

Seçilən
42
operativmedia.az

1Mənbələr