Son bir neçə ildə dünya əhalisinin qarşılaşdığı sosial problemlərdən biri, bəlkə də birincisi işsizlikdir. Bunun bir səbəbi İKT-nin, süni zəkanın həyatın bütün sahələrinə ağlagəlməz dərəcədə daxil olmasıdırsa, digəri iqtisadi durğunluq və müharibələr üzündən milyonlarla insanın iş yerlərini itirməsidir.
Bu gün iki qütbə bölünən dövlətlər arasında başlanan gərginlik, silahlı münaqişələr və qarşılıqlı sanksiyalar dünya iqtisadiyyatına ciddi zərbə vurur. Qlobal iqtisadiyyata kapital qoyuluşu azalır, istehsalın səviyyəsi aşağı düşür, beynəlxalq ticarət zəncirində böyük qırılmalar baş verir, mühüm ticarət marşrutlarının fəaliyyəti iflic vəziyyətə düşür. Bütün bunlar isə təbii ki, qlobal iqtisadiyyatın kiçilməsi, iş yerlərinin azalması ilə müşahidə olunur.
Azərbaycan lideral iqtisadiyyata malik ölkədir. Yəni qapalı deyil, dünya iqtisadiyyatına inteqrasiya edilib. O səbəbdən qlobal iqtisadiyyatda baş verən kataklizmlər ölkəmizdən də yan keçmir. Buna baxmayaraq, dövlətimiz əhalinin üzləşdiyi sosial problemləri həll etmək üçün əməli tədbirlər görür, o cümlədən məşğulluq probleminin həllinə xüsusi diqqət verir. Çünki əhalinin məşğulluğu onun sosial qayğılarının həllinin ən doğru və səmərəli yoludur. O üzdən ölkəmizdə əhalinin məşğulluğunu təmin etmək üçün müxtəlif sosial proqramlar icra olunur, beynəlxalq qurumlarla sıx əməkdaşlıq əlaqələri qurulur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqladığı hesabatlardan aydın olur ki, məşğulluq probleminin həlli zamanı cəmiyyətin həssas təbəqəsinə - şəhid ailələrinə, əlillərə, doğma torpaqlarına qayıdan keçmiş məcburi köçkünlərə üstünlük verilir. Nazirlikdən verilən məlumata görə, tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Cəbrayıl rayonuna köçürülmüş sakinlərlə bağlı aktiv məşğulluq tədbirləri həyata keçirir. Həmin sakinlərdən artıq 883 nəfər məşğulluq tədbirlərinə cəlb olunub. Onlardan 811 nəfərinin rayon ərazisində məşğulluğu təmin edilib. Bundan əlavə, 40 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb, qalan 72 nəfər isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib. Daha bir qrup sakinin də məşğulluğuna dəstək üçün onların məşğulluq imkanları qiymətləndirilir və hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilir.
Həssas təbəqədən olan müharibə iştirakçılarının məşğulluğu istiqamətində görülən tədbirlər də davam edir. Söz düşmüşkən bildirək ki, Vətən müharibəsindən sonrakı dövrdə 13,3 mindən çox müharibə iştirakçısı özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradıb.
Dövlət Məşğulluq Agentliyi tərəfindən bu yaxınlarda özünüməşğulluq proqramı çərçivəsində daha bir qrup müharibə iştirakçısına seçdikləri biznes istiqamətləri üzrə avadanlıqlar təqdim edilib. Həmin avadanlıqlar hesabına proqram iştirakçıları avtotəmizləmə, kişi bərbərxanası və s. fəaliyyət istiqamətləri üzrə kiçik biznes sahələrini qurublar.
Digər vətəndaşların məşğulluğu da diqqətdən kənarda qalmır. Agentlik özünüməşğulluq proqramı iştirakçılarının aktivlərlə təminatı prosesini davam etdirir. Ötən ay paytaxt və regionlarda daha 1290 işsiz və işaxtaran şəxsə öz kiçik biznes təsərrüfatlarını yaratmaq üçün bu proqram çərçivəsində mal və materiallar formasında aktivlər təqdim olunub. Onlardan 223-ü istehsal və xidmət, 1067-si isə kənd təsərrüfatı istiqaməti üzrə proqrama cəlb edilənlərdir.
Onu da qeyd edək ki, proqrama cəlb olunanlar üçün əvvəlcə təlimlər təşkil edilir, onlara kiçik biznesin təşkili və idarə olunmasına dair bilik və bacarıqlar öyrədilir. Təlimlərdən sonra özünüməşğulluq istiqaməti üzrə biznes planlarına uyğun aktivlərlə təmin olunurlar.
Rüstəm KAMAL,
"Azərbaycan"