Stokholm, 8 oktyabr, Nərgiz Cəfərli, AZƏRTAC
İsveç bu qış ciddi enerji çatışmazlığı ilə üzləşə bilər. Səbəb, “Svenska Kraftnät” dövlət şirkətinin ehtiyat gücü satınalmalarını ləğv etmək məcburiyyətində qaldıqdan sonra strateji ehtiyatın olmamasıdır.
AZƏRTAC xəbər verir ki, bundan əvvəl ehtiyatı Karlsxamn elektrik stansiyası təmin edirdi, lakin onun müqaviləsi başa çatıb. Avropa İttifaqının dövlət yardımı ilə bağlı yeni qaydaları müqavilə qiymətlərini məhdudlaşdırıb və təqdim edilən bütün təkliflər icazə verilən qiymət həddini keçib.
“Svenska Kraftnät” xəbərdarlıq edir ki, şiddətli şaxtalar və aşağı elektrik enerjisi idxalı olduğu təqdirdə enerji verilişinin müvəqqəti kəsilməsi zərurəti yarana bilər. Nüvə reaktorlarının nasazlığı və ya enerji şəbəkələrində pozuntularla bağlı ssenarilər xüsusilə təhlükəlidir.
Energetika naziri Ebba Buş bildirib ki, o, “Svenska Kraftnät” ilə danışıqlar aparır və lazım gələrsə, vəziyyəti Avropa Komissiyası ilə müzakirə edəcək.
Sosial demokratlar Buşun parlament komitəsində hesabat verməsini tələb edərək, məsuliyyəti hökumətin üzərinə qoydular.
İsveçdə Sonuncu dəfə ehtiyat gücdən faktiki olaraq 2012-ci ildə istifadə edilib, elektrik enerjisinin məcburi kəsilməsi isə ölkədə heç vaxt baş verməyib.