AZ

Almaniya polisi bələdiyyə sədrinin ailə münaqişəsi zəminində bıçaqlandığını ehtimal edir

Berlin, 8 oktyabr, AZƏRTAC

Almaniyanın Herdeke şəhərinin yeni seçilmiş bələdiyyə sədri İris Ştaltserin bıçaqlanması ilə bağlı istintaq tədbirləri davam etdirilir.

AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, istintaq orqanları hadisənin ailə zəminində baş verdiyini güman edir. İstintaq bununla bağlı bələdiyyə sədrinin qəyyumluğa götürülmüş oğlunu diqqət mərkəzində saxlayır.

On üç bıçaq xəsarəti almış 57 yaşlı siyasətçinin vəziyyətinin sabitləşdiyi, lakin stasionar müalicəsinin davam etdirilməli olduğu bildirilir.

Polis sözçüsü hadisənin İris Ştaltserin yaşadığı evdə baş verdiyinə dair ilkin məlumatların olduğunu qeyd edib. Həmçinin onun evində əvvəllər də bir sıra hallarla bağlı polis müdaxilələrinin olduğu bildirilib.

Hazırda onun qəyyumluğa götürülmüş övladlarının polis nəzarətində dindirildiyi, oğlunun psixoloji problemləri olduğu vurğulanır. Onun barəsində məhkəmə qərarının sabah qəbul olunması nəzərdə tutulub.

Günorta saatlarında baş verən hadisəyə Almaniya Kansleri Fridrix Merts dərhal münasibət bildirib. Kansler X platformasında paylaşımında Ştaltserin həyatı üçün narahatlığını ifadə edib, hücumun qısa vaxtda aydınlaşdırılmalı olduğunu diqqətə çatdırıb.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
8
1
azertag.az

2Mənbələr