AZ

Bir şeyi yadda saxlamağın ən təsirli yolu

Merrimak Kollecinin (ABŞ) alimləri yaddaşın formalaşması ilə bağlı maraqlı nəticəyə gəliblər. Doktor Laura Kurdzelin rəhbərlik etdiyi tədqiqatçılar müəyyən ediblər ki, şüurlu şəkildə xatırlamaq niyyəti emosional reaksiyadan daha təsirlidir.

Editor.az xəbər verir ki, araşdırmanın nəticələri “Frontiers in Behavioral Neuroscience” jurnalında dərc olunub.

Tədqiqat zamanı alimlər yaddaşın formalaşmasına daha çox nə təsir göstərdiyini öyrənməyə çalışıblar — emosiyalar, yoxsa şüurlu səy. İştirakçılara müxtəlif sözlər təqdim olunub: bəziləri mənfi emosional məna daşıyır, bəziləri isə neytral idi. Onlardan bəzi sözləri yadda saxlamaq, bəzilərini isə unutmaq istənilib.

Nəticədə məlum olub ki, şüurlu şəkildə xatırlamaq tapşırığı verilən sözlər, emosional təsir güclü olmasa belə, daha yaxşı yadda qalır. Həmçinin bu qrupda yer alan emosional sözlər neytral sözlərə nisbətən bir qədər yaxşı yadda saxlanılıb.

“Biz müəyyən etdik ki, insanın şüurlu şəkildə yadda saxlamağı və ya unutmağı seçməsi məlumatın emosional məzmunundan daha güclü təsirə malikdir. Başqa sözlə, biz yaddaşımıza düşündüyümüzdən daha çox nəzarət edə bilərik,” – deyə Dr. Kurdzel bildirib.

Tədqiqatçılar qeyd edirlər ki, diqqət və motivasiya yaddaşın formalaşmasında əsas rol oynayır. Duyğular bu prosesi gücləndirə bilər, lakin onların yerini tuta bilmir.

Kurdzel əlavə edib: “‘Bunu yadda saxla’ kimi təlimatlar beynə həmin məlumatın vacib olduğunu bildirir və onu uzunmüddətli yaddaşda saxlanması üçün ‘işarələyir’. Eyni zamanda, beyin daha az əhəmiyyətli xatirələri sıxışdırır, bu da ümumi yaddaş performansını artırır.”

// Gülnarə Abasova, Editor.az

Seçilən
80
editor.az

1Mənbələr