Məhəmməd Əsədullazadə: “Azərbaycanın əlavə şərtləri olsaydı, o zaman sülh mətni Vaşinqtonda paraflanmazdı”
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Polşanın TVP World telekanalına müsahibəsində Ermənistan–Azərbaycan münasibətləri, Vaşinqtonda imzalanmış bəyannamə, sülh müqaviləsi və regiondakı dəyişikliklərdən danışıb və bir sıra məsələlərə toxunub.
Mirzoyan eyni zamanda bəyan edib ki, guya Azərbaycan əlavə şərtlər irəli sürür: “Biz onu imzalamağa hazırıq. Lakin Azərbaycan tərəfi əlavə şərtlər irəli sürür və biz bununla razı deyilik. Bununla belə, proses imza mərhələsini gözləmədən də davam edir. Məsələn, biz artıq birlikdə ATƏT strukturlarına müraciət etmişik ki, Minsk prosesi bağlansın”.
Mirzoyan Azərbaycanın sülh müqaviləsinin imzalanması ilə bağlı irəli sürdüyü əlavə şərtlər haqda danışmayıb. Ermənistanın razı olmadığı bu şərtlər nədən ibarətdir? Maraqlıdır, erməni nazir bu haqda avqustun 8-dən sonra ilk dəfə niyə məhz indi danışır?
“Bu, ümumi işə və indiyə qədər əldə edilən razılaşmalara zərər vurur”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə aspektdən yanaşdı: “Ermənistan xarici işlər naziri Ararat Mirzoyan hər zaman belə bir açıqlama verib və bir növ Paşinyanla Mirzoyanın dediklərində ziddiyyət görürük. Ancaq bu belə deyil. Çünki avqustun 8-də Vaşinqtonda tərəflər hər şeyi razılaşdırıb, sülh sazişinin bəndləri paraflanıb. Ola bilsin, Ermənistan tərəfi Konstitusiya dəyişikliklərinə ehtiyac olmamasını nəzərdə tutur. Onlar hesab edir ki, Ermənistan Konstitusiya Məhkəməsi rəy verəcəksə, o zaman referendum olmasa da olar. Elə görüntü yaradırlar ki, guya Azərbaycan bu yöndə onlara yersiz təzyiq edir. Əslində bu, belə deyil. Yəni proses bundan ibarət deyil. Hesab edirəm ki, Ermənistan tərəfi Vaşinqton razılaşması ilə bağlı süni maneələr yaratmamalıdır. Çünki bu, ilk növbədə onların özünə zərər vuracaq. Ona görə ki, Ermənistan sərhədlərin, kommunikasiyaların açılmasında maraqlıdır. Sülh olmasa Türkiyə ilə sərhədlər açılmayacaq. Paşinyan çıxışlarında tez-tez sülhdən danışır. Yaxşı olardı ki, Ermənistan rəhbərliyi bu yöndə konkret praktiki addımlar atsın. Yoxsa “Azərbaycan tərəfi əlavə şərtlər irəli sürür və biz bununla razı deyilik” kimi fikirlər səsləndirməklə nəyəsə nail olmaq olmaz. Bu, ümumi işə və indiyə qədər əldə edilən razılaşmalara zərər vurur. Əgər Azərbaycanın əlavə şərtləri olsaydı, o zaman sülh mətni Vaşinqtonda paraflanmazdı. Azərbaycanla Ermənistan arasında delimitasiya komissiyası fəaliyyət göstərir. Fikrimcə, anklav kəndlərlə bağlı da razılaşma əldə ediləcək”.
Vidadi ORDAHALLI