AZ

Türk Dövlətlərinə 1 illik rəhbərlik Azərbaycanın qarşısında yeni meydan açacaq...


Məhərrəm Zülfüqarlı:"Türk dünyasının birliyinin möhkəmlənməsi istiqamətində daha böyük işlərin görülməsinə səbəb olacaq"

Türk Dövlətləri Təşkilatının (TDT) növbəti 12-ci Zirvə Toplantısının Azərbaycanın ev sahibliyi ilə qədim Qəbələdə keçirilməsinin mühüm əhəmiyyəti danılmazdır. Diqqət çəkən məqamlardan biri 12-ci Zirvə Toplantısının sonunda TDT-yə sədrliyin Qırğızıstandan Azərbaycana keçməsidir. Qarşıdakı dövrdə Azərbaycan bu quruma sədrlik edəcək.

Türk Dövlətləri Təşkilatının (ozamankı Türk Şurası) yaranma tarixinə diqqət yetirək. TDT 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində imzalanmış Naxçıvan müqaviləsi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında təsis olunub. 2019-cu ildə Özbəkistan TDT-yə üzv qəbul olunub.

Naxçıvan müqaviləsində təşkilatın yaradılmasında əsas məqsədlər kimi Tərəflər arasında qarşılıqlı etimad, dostluq və xoş qonşuluğun möhkəmləndirilməsi, regionda və ümumilikdə dünyada sülhün qorunması, təhlükəsizlik və etimadın gücləndirilməsi, siyasi, ticari-iqtisadi, hüquq-mühafizə, təbiətin mühafizəsi, mədəni, elmi-texniki, hərbi-texniki, təhsil, enerji, nəqliyyat, kredit-maliyyə və ümumi maraq kəsb edən digər sahələrdə səmərəli regional və ikitərəfli əməkdaşlığın təşviqi, türk xalqlarının böyük mədəni-tarixi irsinin təbliği, tanınması və yayılmasında kütləvi informasiya vasitələri arasında qarşılıqlı əlaqənin və Tərəflər arasında təmasların təşviqi və s. göstərilib.

Təşkilatın strukturuna gəlincə, bura Dövlət Başçıları Şurası, Xarici İşlər Nazirləri Şurası, Yüksək Vəzifəli Şəxslər Komitəsi, Türk Dövlətlərinin Ağsaqqallar Şurası və Katiblik daxildir. Eləcə də, türk dövlətlərinin parlamentləri arasında əməkdaşlığın dərinləşdirilməsi məqsədilə TDT-nin əlaqəli təşkilatı kimi 21 noyabr 2008-ci il tarixli İstanbul Sazişinə uyğun olaraq Türk Dövlətlərinin Parlament Assamleyası (TÜRKPA) fəaliyyət göstərir.

Bundan əlavə, TÜRKSOY TDT-nin əlaqəli təşkilatı kimi, Türk Akademiyası və Türk Mədəniyyəti və İrsi Fondu isə TDT-yə bağlı təşkilatlar kimi öz səlahiyyətləri çərçivəsində elm və təhsil sahəsində əməkdaşlığı, türk dünyasının ümumi dəyərlərinin yayılması və tanınmasını, eləcə də türk mədəniyyəti və irsinin qorunması və təşviqini həyata keçirirlər.

Dövlət Başçıları Şurası təşkilatın ən yüksək struktur bölməsi hesab olunur. İldə bir dəfə təşkil olunan Dövlət Başçıları Şurası öz fəaliyyətini Tərəflərin dövlət başçılarının mütəmadi görüşləri formasında həyata keçirir. Bu çərçivədə: aktual beynəlxalq problemlərin həlli üzrə Tərəflərin qarşılıqlı əlaqəsi məsələləri nəzərdən keçirilir, TDT çərçivəsində Tərəflərin əməkdaşlığının prioritet istiqamətləri müəyyən olunur.

Dövlət Başçıları Şurasının növbəti iclasını qəbul edən Tərəf DBŞ-nin sonrakı növbəti iclasınadək TDT-nin sədri kimi fəaliyyət göstərir.

Naxçıvan müqaviləsinə görə, TDT yanında müşahidəçilər və tərəfdaşlar statusu dövlətlərə, beynəlxalq təşkilatlara və digər qurumlara verilə bilər. 2021-ci ildə Türkmənistan, 2022-ci ildə Şimali Kipr Türk Respublikası TDT-yə müşahidəçi üzv qəbul olunub. 2023-cü ildə isə İqtisadi Əməkdaşlıq Təşkilatına TDT-də müşahidəçi statusu verilib.

12-ci Zirvə Toplantısının sonunda TDT-yə sədrlik Qırğızıstandan Azərbaycana keçdi.

Sədrlik dövründə Azərbaycan nələr etməlidir? Nələr edəcək?

"Bu proses daha da güclənəcək, biz əməkdaşlığın yeni mərhələlərinin şahidi olacağıq"

Tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı "Bakı-Xəbər"ə bildirdi ki, Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının XII zirvə görüşündən sonra TDT-na sədrliyin Azərbaycana keçməsi yüksək qiymətləndirilməlidir. "Əvvəla, Azərbaycan türk dünyasında aparıcı rola malikdir. Hətta belə demık mümkündürsə, Azərbaycan Türküstanla (Orta Asiya) Türkiyə arasında körpü rolunu oynayır. "Sovet dövründə Zəngəzurun Qərbinin Ermənistana verilməsi də o körpünün, əlaqənin aradan qaldırılmasına xidmət edirdi. Əgər biz tarixə nəzər salsaq, türkçülük ideologiyası Azərbaycanda yaranıb, formalaşıb. Əli bəy Hüseynzadə və digər ziyalılarımızdan qaynaqlanaraq Türkiyəyə keçib. Yəni bizdə türkçülük olanda, inkişaf edəndə Türkiyədə Osmançılıq ideologiyası var idi. Türkçülük aradan qalxırdı. Burda yaşayan milli azlıqlar da Osmanlı kimi qeyd olunurdu. Lakin o dövrdə Azərbaycanda, dediyimiz kimi, türkçülük ideologiyası yarandı. Ziya Göyalp da "Türkçülüyün əsasları"nı yazarkən Azərbaycan ziyalılarına istinad etdi.

Müasir dövrdə də Azərbaycan yenə də aparıcı rola malikdir. Qarşıda həyata keçirilməli olan çox əhəmiyyətli məsələlər var. Azərbaycanın TDT-yə sədrliyi dövründə çox mühüm işlər görüləcəyi şübhə doğurmur" .

M.Zülfüqarlı qeyd etdi ki, Naxçıvanda türk xalqlarının, türk dövlətlərinin-TDT-nin Akademiyası təsis olundu. M. Zülfüqarlı bildirdi ki,

Naxçıvan müqaviləsi əsasında türkdilli ölkələrin mənəvi və elmi inteqrasiyasını təşviq etmək məqsədi ilə 25 may 2010-cu il tarixində Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Türk Akademiyası fəaliyyətə başlayıb. "Həmin akademiya, Qazaxıstanda fəaliyyət göstərməsinə baxmayaraq, Naxçıvanda təsis olunub.

Ondan sonra, Azərbaycan alimləri də daxil olmaqla, türk respublikalarının alimləri "Orxon-Yenisey" abidəsinin tədqiqinə daha çox yer ayırdılar. Hətta Türkiyənin TİKA təşkilatı bu abidənin mühafizəsini öz üzərinə götürdü. Bununla da elm sahəsində irəliyə böyük addımlar atıldı.

Bu gün də Azərbaycan alimləri Qazaxıstan, Qırğızıstan və digər qardaş ölkələr, o cümlədən Monqolustan alimləri ilə birlikdə tədqiqatları genişləndirirlər. Türk Respublikaları arasında əməkdaşlıq münasibətləri get-gedə dərinləşir və bu prosesdə Azərbaycan çox mühüm rol oynayır".

M. Zülfüqarlı onu da qeyd etdi ki, türk dünyasının birliyini, əzmkarlığını, dəstəyini biz 44 günlük müharibəsi bitdikdən sonra Qarabağda başlanan quruculuq prosesində daha yaxından gördük. Onun sözlərinə görə, türk respublikalarının bu prosesə yaxından qoşulması, məktəblərin, mədəniyyət ocaqlarının, məscidlərin və sairin tikintisində iştirakları təqdirəlayiqdir. M. Zülfüqarlı hesab edir ki, Rusiyanın get-gedə zəifləməsi, parçalanmağa doğru getməsi türk dünyası Birliyinin daha da möhkəmlənməsinə kömək edəcək. "12-ci Zirvə Görüşündən sonra TDT-yə sədrliyin Azərbaycana keçməsi türk dünyasının birliyinin möhkəmlənməsi istiqamətində daha böyük işlərin görülməsinə səbəb olacaq. Bu proses daha da güclənəcək, biz iqtisadi, mədəni və digər sahələrdə türk dünyasının yeni əməkdaşlıqlarının da şahidi olacağıq"-deyə M. Zülfüqarlı bildirdi.

İradə SARIYEVA

Seçilən
3
baki-xeber.com

1Mənbələr