AZ

Türkiyədən Rusiyanı şoka salan qərar - Rusiya ilə yox, ABŞ-la...


Türkiyə ABŞ-la Qərbi Anadolu bölgəsindəki nadir torpaq elementləri ehtiyatlarının işlənməsi üzrə əməkdaşlığa dair müzakirələr aparır. Bu barədə “Bloomberg“ öz mənbələrinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, Ankara və Vaşinqton yaxınlarda Mərkəzi Anadolunun Eskişehir yaxınlığındakı Beylikova bölgəsində aşkar edilmiş böyük nadir metal ehtiyatlarının işlənməsi üçün potensial tərəfdaşlıq imkanlarını araşdırır.

Deməli, Türkiyə Antalya bölgəsində tapılmış böyük nadir metal yataqlarını Çin və Rusiya ilə yox, Amerika ilə işləyəcək. Bu, Trampla görüşün nəticələrindən biri kimi nəzərdən keçirilə bilərmi?

Baki-xeber.com nəşrinə görə, Türkiyənin Antalya bölgəsində aşkarlanan böyük həcmli nadir metal yataqları dünya geosiyasətində diqqət mərkəzinə çevrilib. Bu metallar — litium, nikel, kobalt, və xüsusilə nadir torpaq elementləri — gələcək texnologiyaların, süni intellekt və müdafiə sənayesinin əsas dayaq sütunları hesab olunur. Ankara bu resursların işlənməsində Çin və Rusiya ilə deyil, Amerika ilə əməkdaşlıq yolunu seçməklə həm iqtisadi, həm də siyasi cəbhədə ciddi strateji mesaj vermiş oldu.

Prezident Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında son görüşdə enerji təhlükəsizliyi, müdafiə sənayesi və ticarət münasibətləri əsas müzakirə mövzuları idi. Bu görüşdən az sonra Türkiyənin nadir metal yataqlarının işlənməsi üçün ABŞ tərəfi ilə ortaq layihə planlaşdırması təsadüfi deyil.

Tramp administrasiyası uzun müddətdir ki, nadir metallar bazarında Çinə alternativ təchizat zənciri qurmağa çalışır. Çin bu sahədə dünyada dominant mövqeyə malikdir və Qərb texnologiyalarının bir çoxu Çin metalları ilə təmin olunur. Türkiyənin ABŞ-a açdığı bu resurs qapısı, əslində, Vaşinqtonun “strateji təchizat xəttini” Avrasiya üzərindən gücləndirir.

Burada bir haşıyə çıxaq ki, Çinin istehsal etdiyi elektrik avtomobillərinin dünya bazarında ucuz satılmasının bir səbəbi də məhz nadir metallarla bağlıdır. Belə ki, elektrik avadanlıqlarinin maya dəyərinin 40 faizini enerji mənbəyi olan batareyalar təşkil edir. Bunun üçün isə litium metalı əsas elementdir. Dünyanın əsas litium mənbəyi isə Çindədir. Bu ölkədə böyük litium yataqları var. Həmin yataqları Çində "BYD" avtomobil şirkəti iştismar edir. Yəni "BYD" şirkəti litium metalını maya dəyərinə əldə edir, ona görə də istehsal etdiyi elektrik avtomobilləri ucuz başa gəlir.

Ankara uzun müddətdir “çoxvektorlu siyasət” yürüdür. Bir tərəfdən NATO üzvü kimi Qərblə, digər tərəfdən Rusiya və Çinlə enerji və ticarət sahəsində əməkdaşlıq edir. Lakin nadir metal kimi yüksək strateji əhəmiyyətli resursun işlənməsini Qərb partnyorlarına etibar etmək, Türkiyənin balans siyasətində Qərb istiqamətinə meylin gücləndiyini göstərir.

Bu qərar həm də ABŞ-a qarşı yeni inam jestidir. Çünki Vaşinqton son illərdə Ankaranı Rusiya ilə yaxınlıqda ittiham edir, S-400 sistemləri və Suriyadakı fəaliyyətlər buna sübut kimi göstərilirdi. İndi isə Türkiyə iqtisadi və texnoloji sahədə ABŞ-a strateji “əl uzadaraq” münasibətləri yenidən bərpa etmək niyyətini ortaya qoyur.

Antalyadakı metal yataqlarının işlənməsi üçün ABŞ şirkətlərinin seçilməsi Rusiya və Çin üçün açıq mesajdır. Rusiya ilə enerji sahəsində əməkdaşlıq davam etsə də, bu qərar Moskvanın iqtisadi təsir imkanlarını məhdudlaşdırır.

Çin isə son illər Türkiyədə bir sıra mədən və texnologiya layihələrinə maraq göstərirdi. Lakin bu sahədən kənarda qalması Pekin üçün həm iqtisadi, həm də siyasi itki deməkdir.

Bu baxımdan Ankara sanki yeni bir “strateji tərəf seçimi” mərhələsinə qədəm qoyur: nə tam Qərb, nə də tam Şərq yönlü — amma Qərb texnologiyalarına açıq, Çin təsirinə qarşı ehtiyatlı xətt yürüdür.

Tramp administrasiyası üçün bu əməkdaşlıq ikiqat qazanc sayılır. Çünki həm ABŞ sənayesi üçün strateji xammal təminatı yaranır, həm də Türkiyə vasitəsilə Yaxın Şərqdə iqtisadi nüfuzu artır.

Əslində, Trampın iqtisadi siyasətində “Made in America” konsepsiyası ilə yanaşı, müttəfiq təchizat zənciri (“Allied Supply Chain”) prinsipi önə çıxır. Bu zəncirdə Türkiyənin rolu indi daha aydın görünür.

Bu izdivacda, eyni zamanda, Türkiyə üçün də iqtisadi və siyasi dividendlər kifayət qədərdir. Türkiyə tərəfi üçün bu əməkdaşlıq təkcə investisiya deyil, həm də texnologiya transferi baxımından vacibdir. ABŞ şirkətləri ilə birgə işləməklə Ankara daxili istehsal və təmiz enerji texnologiyalarında irəliləyiş əldə edə bilər. Bundan əlavə, belə bir layihə Türkiyənin Qərb kapital bazarlarına çıxışını da asanlaşdıra bilər.

Siyasi baxımdan isə Ankara Vaşinqtona göstərir ki, "Türkiyə yenidən etibarlı strateji tərəfdaş ola bilər". Bu, həm NATO münasibətlərində, həm də müdafiə sənayesində yeni əməkdaşlıq qapılarını aça bilər.

Yəni Antalya nadir metal layihəsi təkcə iqtisadi deyil, geosiyasi dönüş nöqtəsi kimi də qiymətləndirilə bilər. Türkiyə bu qərarla həm ABŞ-a “strateji yaxınlaşma” siqnalı verir, həm də qlobal texnoloji rəqabətdə öz yerini müəyyənləşdirir.

Belə görünür ki, Trampla görüşün ən real nəticələrindən biri məhz bu yeni iqtisadi ittifaq olacaq. Çünki bu layihə Ankaranı gələcəyin enerji və texnologiya xəritəsində aparıcı oyunçuya çevirə bilər.

Akif NƏSİRLİ

Seçilən
28
baki-xeber.com

1Mənbələr